29 April 2009

V “START” BEYNƏLXALQ TƏLƏBƏ FİLMLƏRİ FESTİVALININ YEKUNLARI

Dekabr ayının 23, 24, 25-i Bakıda V “Start” Beynəlxalq Tələbə Filmləri Festivalı keçirildi. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşdı. Kinoforuma Azərbaycan, İran, Türkiyə, Misir, Qırğızıstan, Özbəkistan, Ukrayna, Rusiya, Belorusiya Gürcüstan və Latviyadan 200 -ə yaxın tələbə filmi göndərilmişdi ki, seçim komissiyası “1-30 dəqiqəlik dünya” şüarı altında keçirilən festivalın müsabiqə proqramına 50 film daxil etdi. Müsabiqə və informativ bölmədən ibarət olan “Start” Beynəlxalq Tələbə Filmləri Festivalına bu il 11 ölkənin yaradıcı gəncləri cizgi, bədii və sənədli filmlərini təqdim ediblər. Qeyd edək ki, ötən illərdən fərqli olaraq bu il informativ bölmədə əvvəlki festivallarda mükafata layiq görülən və yadda qalan filmlər də nümayiş olundu. Müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri tanınmış kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Builki festivalın münsiflər heyəti: kinorejissor Şamil Nəcəfzadə (münsiflər heyətinin sədri), rejissor Vüqar Həmidov, rejissor, kinotənqidçi Teymur Daimi, gürcüstanlı prodüser və ssenarist İrakli Solomonaşvili, iranlı rejissor Seyidməmmədhüseyn Şirvani
Festivalın qalibləri aşağıdakı nominasiyalar üzrə mükafatlandırılıblar:

Ən yaxşı film- QRAN PRİ
“Nur” - rejissor Mohanad Hassan (Misir)

Ən yaxşı bədii film üçün mükafat
“Ayaq altında” – rejissor Cem Öztüfekçi (Türkiyə)
“Yoxuş” - rejissor Mehmet Can Mertoğlu (Türkiyə)

Ən yaxşı bədii film üçün diplom
“Kəjmir”- rejissor Nadir Saivar (İran)

Ən yaxşı sənədli film üçün mükafat
“Günaydın, mənim günəşim” - rejissor Ulyana Konovalova (Qırğızıstan)

Ən yaxşı sənədli film üçün diplom
“Lahıc ritmləri” - rejissor Fariz Əhmədov (Azərbaycan)

Ən yaxşı cizgi filmi üçün mükafat
“Ölçüdə” – rejissor Marina Maşkova (Rusiya)

Ən yaxşı cizgi filmi üçün diplom
“Baş” – rejissor Nesrin Gül Batmanoğlu (Türkiyə)

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin xüsusi mükafatı
“Yarımçıq tay” – rejissor Fərəc Süleymanov (Azərbaycan)

“START” Beynəlxalq Tələbə Filmləri Festivalı


“ST”-student-tələbə, “ART”-incəsənət və böyük kinoya keçidin başlanğıcı mənalarını kəsb edən “START” Beynəlxalq Tələbə Filmləri Festivalı ilk dəfə olaraq 2004-cü ildə “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis edilib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirib. Çünki “START” Beynəlxalq Tələbə Filmləri Festivalının təşkilatçı və təsisçilərinin məqsədi regionda (Yaxın Şərq, MDB) ən mötəbər tələbə film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaq idi. Beləliklə, artıq 2005-ci ildən festival beynəlxalq statuslu oldu. Son illər festivalın startfestival.org ünvanlı saytı daha da təkmilləşdirilib, üç dildə - Azərbaycan, rus, ingilis dillərində tələbələrin ixtiyarına verilib.
Minimum güzəşt və maksimum istedadada üstünlük verən “START” Beynəlxalq Tələbə Filmləri Festivalının məqsədi tələbələrin filmlərinin baxışını və müzakirəsini keçirmək, aralarından ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğısını, diqqəti artırmaq, onları həvəsləndirmək və bu sahədə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir. Bununla yanaşı hər il Azərbaycanda gənc kinematoqrafı və onun problemlərini diqqət mərkəzinə gətirən festival əsasən azərbaycanlı tələbələrin kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan verir. “Start” həm də yerli tələbə rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir. Belə ki, Festival çərçivəsində xarici tələbələrin paytaxtımıza qonaq gəlməsi artıq ənənəyə çevrilib.

"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi


Cinema Gənc Kinematoqrafçılar Mərkəzi 2004-cü ilin yanvar ayında təsis olunub. Təsis olunduğu aydan Cinema Araşdırma Mərkəzi “Kino+” qəzetində bir sıra layihələr həyata keçirib. Aprel-may aylarında Azərbaycan kinosunda yaranmış böhranla bağlı araşdırmalar aparıb, tanınmış kino xadimləri ilə bu haqda müzakirələr keçirib, onların fikirlərini həmin qəzetdə çap etdirib. Bundan əlavə kino sahəsində bir çox sorğular aparmaqla hansı çatışmazlıqların olduğunu dəqiqləşdirməyə çalışıb. Bütün bu sorğular “Kino+” qəzetində çap olunmaqla ictimaiyyətə çatdırılıb.
Bundan başqa Cinema Araşdırma Mərkəzi “MDB və Yaxın Şərq ölkələri kinosu bu gün” adlı layihə də həyata keçirib. Bu layihədə keçmiş sovetlər birliyində və yaxın şərq ölkələrində kinonun indiki durumuyla bağlı geniş materiallar verilib. Bu layihə də “Kino+” qəzetinin saylarında davamlı şəkildə oxuculara təqdim olunub.
Cinema Gənc Kinematoqrafçılar Mərkəzi Azərbaycanda ilk dəfə olaraq “Tələbələrin Beynəlxalq Film Festivalı”nı keçirtməyə başladı. Hazırda isə sözügedən festival “Start” Beynəlxalq Tələbə Filmləri Festivalı adı altında həyata keçirilir. Festival artıq öz imicini formalaşdıra bilib və dünyanın bir sıra festivalları ilə əlaqələrini genişləndirir.