23 May 2009

İran kinematoqrafiyasında gördüklərim

I yazı

Yatsam yuxuma da girməzdi ki, nə vaxtsa kino çəkilişləri üçün hazırlanmış şəhərcikdə olacam. Öncə bu şəhərciklərin mahiyyəti barəsində bunları söyləyim ki, onlar, yəni bu şəhərciklər film çəkilişlərində keçmiş dövrü canlandırmaq üçün istifadə edilir. Ssenaridən asılı olaraq, şəhərciyin müəyyən hissəsindən istifadə olunur. Bu şəhərciyin mahiyyətini anlamaq çətin deyil. Üstəlik onlar haqqında vizual məlumatı daha çox Hollivud filmlərindən əldə etmək olar. Məsələn, bütün kovboy filmləri sözügedən şəhərciyin birində çəkilir. Məlumdur ki, kinoda kovboyların yaşadığı dövrü əks etdirmək üçün onların bütün məişətini, bir növ yaratmaq lazımdır. Okeanın o tayındakı kinosevərlər Hollivudda bu şəhərciyi hələ keçən əsrin ortalarında tam olaraq, qurub istifadəyə verdilər.
Deməli, amerikalı həmkarlarımız kino istehsalatının artırılmasının yollarından birini, yüksək səviyyəli pavilyonların qurulmasında görüblər. Bu olub keçən əsrin 40-cı illərində.

İran, kino və kinosənayesi

İranda film istehsalı 1910-cu ilə təsadüf edir. Doğrudur, onların da ölkəsinə kinokamera əksər ölkələrdə olduğu kimi, ilk dəfə 1900-1905-cə illərdə gəlib çıxıb. Amma rəsmi istehsalat göstərilən ildən başlayır.
Uzun müddət dünya kinosu ilə ayaqlaşa bilməyən İran kinematoqafiyası son 10 ildə özünün nəyə qadir olduğunu sübut edə bilib. Artıq dünyanın bütün nüfuzlu film festivallarında İran filmlərinin qələbəsi adi hal hesab olunur. Bu siyahıda Abbas Kiorastami, Möhsün Məxməlbaf, Məcid Məcidi, Cəfər Pənahi, Bəhmən Qubadi və başqalarının filmlərini qeyd etmək olar. Doğrudur, İran kinematoqrafiyasında dini filmlərin, serialların da öz yeri var və onlar istehsalatda daha çox yer tutur. Məhz buna görə də, qonşu ölkənin kinosevərləri və kinobiliciləri belə qərara alıblar ki, onlar da özlərinin bir növ Hollivudun analoqunu yaratsınlar.
İran kinematoqrafiyasının dirəyi sayılan çəkiliş meydançalarından ibarət şəhərciyi görmək mənə də qismət oldu.
İranda istehsal olunmuş dini, tarixi filmlərin 95 faizi məhz bu şəhərcikdə ərsəyə gəlib.
Tehrandan ora maşınla təxminən 45 dəqiqə vaxt sərf etmək lazım gəlir. Gəzdikcə sərhədbilinməyən bu şəhərcikdə qədim Sasanilər dövrü, Tehranın əsrin əvvəlindəki görüntüləri faktiki olaraq, göz önünə gəlir. Qədim tramvaydan tutmuş, İslam dininin yayıldığı vaxtları filmdə canlandırmaq üçün müxtəlif binalar tikilib, küçələr salınıbdır. Üstəlik dünyada baş verən iqtisadi böhrana baxmayaraq, həmin şəhərciyin sahəsi genişləndirilir, yeni-yeni binalar tikilir. Sözsüz ki, dekorasiya xarakterli bu binalarda tikinti daşlarından demək olar ki, istifadə etmirlər. Şəhərciyi isə tam gəzmək mümkün deyil. Soyuq qış günlərində belə həmin şəhərcikdə çəkilişlər davam edirdi.

İranın kino muzeyi

Bina iki mərtəbəli möhtəşəm görünüşə malikdir. Baxan kimi, binanın qədimliyi hiss olunur. Maraqlananda məlum oldu ki, İran şahının saraylarından biri olub. Hazırda isə bura kino muzeyidir. Buradakı işçilər arasında türk dilini də danışana rast gəlməsəm də, ingilis dilini bilmək isə müəssisələrdə adi hal hesab olunur. İçəridə isə sirli aləmi görmək üçün hansısa dili bilməyə gərək yox idi. Bilet paramızı ödəyəndən sonra içəri keçməyə icazə verdilər. Hətta aparatla şəkil çəkmək üçün də icazə almalı olduq.
İranın ilk cizgi filmlərini izləmək üçün muzeyə gələnlərin hamısı xüsusi qutuya yaxınlaşırdı. Biz də çəkinmədən bu sehrli qutu ilə tanış olduq. Geniş otaqları gəzdikcə İran kinosunun keçdiyi dövrlərdən, mərhələlərdən xəbər tutmaq olurdu. Əsrin əvvəllərindən indiyə kimi kinoda öz sözünü demiş rejissor, operator, səs rejissorları, rəssamlar və digər sənət sahiblərinin standart fotoları divar boyu düzülmüşdü. Növbəti otaqda qədimi afişalar, müqavilə nümunələri və qəzet parçaları asılmışdı. Onların İran kinosunun tarixini əks etdirmələri görünüşündən və künclərindəki müxtəlif kino nişanələrindən bəlli idi. Əsrin ortalarındakı montaj stolunun yanında asılmış müxtəlif ölçülü kinolentlər sanki bir az əvvəl kəsilib atılmışdı. Muzeydə qədim kinozalı, kinoproyektor və s. var idi. Növbəti zala daxil olanda artıq təəccübü gizlətmək olmurdu...
Dünyanın onlarla festivallarında qalib olmuş İran kinematoqrafçılarının mükafatları məhz burada saxlanılırdı.
Doğrusu, çox sevinirdim ki, dünyanın ən məşhur festivalları olan Kann, Berlin, Venesiya, San-Sebestiyan festivallarının baş mükafatlarını öz gözlərimlə görürəm. Üstəlik təəssüf edirdim ki, bizim ölkəmizə hələ S kateqoriyalı festivalların mükafatları belə gəlib çıxmayıb.



Tehrandan Azərbaycan kinosuna baxarkən

II yazı

İranlı həmsöhbətlərimin bildirdiyinə görə, İranda hər il 30-dan çox film festivalı keçirilir. Bu festivalların demək olar ki, 90 faizi birbaşa dövlət tərəfindən maliyyələşdirilir.

Romanın müəllif hüququ və ya İranda festival keçirməyin məsuliyyəti

Sən fərqli bir festival təşkil etmək istəyirsənsə, tənbəllik etmədən həmin layihəni qeydiyyatdan keçirməlisən. Əks halda böyük imkanlar (həm də dövlət dəstəyi) əlindən çıxa bilər. Doğrudur, diqqət yetirsək görərik ki, bizdə də müəyyən işlər Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçirilir. Amma etiraf edək ki, biz hələ də öz hüququmuzdan yetərincə istifadə edib hansısa əsəri, layihəni qeydiyyatdan keçirməyə ərinirik. Və üstündən bir az keçmiş ağlımıza gələn ideya və ya layihənin başqa biri tərəfindən reallaşdığını görəndə ya o insana düşmən kəsilirik, ya da arxada onun haqqında ağzımıza gələni danışırıq. Amma bir dəfə də olsun düşünmürük ki, həmin ideyanı qeydiyyatdan keçirmək lazımdır (əgər layiqli ideyadırsa).
Azərbaycanda kinoda olmasa da, ədəbiyyat sahəsində çoxları bir-birini plagiatlıqda, oğurluqda suçlayır. Hətta elə roman var ki, vaxtilə onun plagiatlığı haqqında az qala məhkəmə çəkişməsi təşkil olunacaqdı (çətin ki, sənət adamları bir-birini məhkəmədə başa düşə). Siz bir nəfərin roman və ya ssenarisinin Müəllif Hüquqları Agentliyində qeydiyyata alındığını eşitmisinizmi? Çətin.
İranlı həmsöhbətlərimdən birinin başına gələn hadisə təxminən belə idi: İran şəhərlərinin birində açılışa bir gün qalmış keçiriləcək film festivalının işi dayandırılıb. Buna səbəb isə həmsöhbətimin həmin layihəni əvvəlcədən rəsmi qeydiyyatdan keçirərək təşkilatçılardan öz haqqını tələb etməsi olub. Aidiyyəti qurumlar onun tələbini araşdırdıqdan sonra festivalın işinə xitam verib.

100 saniyə və kinematoqraf

Elmi-texniki yeniliklər artdıqca kinematoqraf da öz imkanlarını götür-qoy edir, inkişafa uyğun dəyişməyə başlayır. Əsrin əvvəllərində kinematoqrafın vəziyyəti ilə müasir imkanlar hər mənada müqayisəyə gəlməzdir.
Doğrudur, bu sahənin humanist biliciləri kinonu böyük sənət hesab ediblər. Digər tərəf isə onun gəlir mənbəyi, kommersiya məqsədli sahə olduğunu dilə gətirir. Kinematoqrafiyanı tam olaraq, ərsəyə gətirən Lümyer qardaşları da düşünməmişdilər ki, bu sənətin arxasında sənət və ya böyük bir gəlir mənbəyi gizlənib. Amma kinematoqraf inkişaf etdi və bu iki tendensiyanın davamçıları, tərəfdarları artdı.
Nəsə, qayıdaq tərəfdarları artmış kinonun özünə. İranda kinofestivalların sayı nə qədər çoxdursa, onlar hamısı bir-birindən kiçik bir detalı ilə də olsa fərqlənir. «100 saniyəlik filmlər festivalı» haqqında informasiyanı mən ötən ilin ortalarında eşitmişdim. «START» Beynəlxalq Tələbə Filmləri Festivalının hazırlıq işlərində «100 Saniyəlik Filmlər Festivalı»nın dünyanın əksər ölkələrində keçirildiyini öyrəndim.

Bizim 100 saniyəyə ehtiyacımız var

Müasir Azərbaycan kinematoqrafiyasının ən başlıca problemini müxtəlif cür yozurlar. Həmin yozumlardan biri və mənim də ən çox inandığım- rejissor yoxluğudur. Azərbaycanda müəllif filmləri yoxdur. Varsa da, onu tam olaraq qəbul etmək çətindir. Bizlər həmişə filmlərimizin uğurunu ssenari ilə ölçürük. Azərbaycan tamaşaçısı maraqlı hadisədən başqa heç nəyə fikir vermir. Və onu bu hala salan da məhz bizim rejissorlarımız olub. İndi müəllif filmləri mövzu olaraq ortaya atılıb. Amma çətin ki, həmin filmlər ortaya çıxandan sonra hətta sənətdən başı çıxan insanlar belə bu filmləri rahat qəbul etsinlər. O insanlar yerli müəllif filmlərini uzun müddət qəbul etməyəcək. Buna səbəb milli psixologiyamızda hələ də qoruyub saxladığımız daxili «mən»imizdir. Biz dövri-qədimdən hər şeyin yaxşısını kənarda axtarmışıq.
Azərbaycan kinosunda rejissorlardan çox danışsaq da, boynumuza almaq istəmirik ki, maraqlı yozumu, B kateqoriyalı festivallarda bizi təmsil edə biləcək rejissorumuz yoxdur. O ki qaldı ssenaristlərimizə, hansı ssenarimiz xarici kino şirkətlərinə təqdim olunub və onlar həmin əsərə yüksək qonorar ayırıblar? Olmayıb. Amma bir-ikisi olubsa da, onları ssenaristlər yox, özünü rejissor kimi tanıtmış insanlar təqdim edib. Və onların da əlində yalnız bir ssenari olub.
Ssenarist kimi tanıdığımız insanların əsərlərinə çəkilən filmlərə baxanda isə (1990-2008) onların işlərinə qiymət verməyə utanırsan. Bunu adlarının çəkilməsini istəməyən kino mütəxəssislərimiz bildirir.
Nəsə yazının sonunda məntiqi olaraq onu deyə bilərəm ki, azərbaycanlı rejissorlar ilk olaraq 100 saniyəlik 5 film çəkməlidir. Bundan sonra 10 dəqiqəlik filmlər, sonra 36 dəqiqəlik və nəhayət dövlət hesabına tammetrajlı film çəkmək haqqında fikirləşə bilərlər. Çəkmək yox haaa, fikirləşə bilərlər. Yəni əvvəlki mərhələləri keçmək hələ o demək deyil ki, sən dövlət hesabına, xalqın pulu hesabına nəsə çəkə bilərsən. Nəzərə alaq, çəkilən hər 5 filmdən biri beynəlxalq festivalın proqramına daxil edilməlidir. Məhz bu şərtlə Azərbaycan kinosu qonşu ölkələrin «statistikasına» yaxınlaşa bilər.
Məyər siz, bu məqamda Üzeyir Hacıbəyovun felyetonundakı siçan, fil (FİLM) məsəlini xatırlamadınız?
Kinomuz siçan mərhələsini keçməlidir ki, fil (FİLM) mərhələsinə gəlib çıxsın.

19 May 2009

“LAHIC RİTMLƏRİ” ASTERFEST KİNO FESTİVALININ PROQRAMINA DAXİL EDİLİB


Rejissor Fariz Əhmədovun “Lahıc Ritmləri” sənədli filmi may ayının 27-dən 31-dək Makedoniyada keçiriləcək AsterFest kinofestivalında Azərbaycanı təmsil edəcək. “Lahıc Ritmləri” filmi festivala təqdim edilən 420 film arasından seçilən 46 filmdən biridir.
Festivalın əsas proqramına 38 ölkənin filmləri daxil edilib: (Amerika, İngiltərə, Türkiyə, Rusiya, Çexiya, Yunanıstan, İran, İspaniya, Fransa və s).
Xatırladaq ki, “Lahıc Ritmləri” filmi 2008-ci ildə “İmper Qrup” Prodüser Mərkəzində istehsal olunub. 2008-ci ilin dekabr ayında Bakıda keçirilən V “Start” Beynəlxalq Tələbə Filmləri Festivalında ən yaxşı sənədli film nominasiyasında diploma layiq görülüb. Filmin ssenari müəllifi Nərgiz Bağırzadə, operatoru Üzeyir Abbas, prodüseri Nizami Abbasdır.
Kino lentinə çəkilmiş 8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filmdə İsmayıllı rayonunun Lahıc qəsəbəsindəki insanların gündəlik həyatı təsvir edilib.

“CƏNUB ŞƏHƏRİNİN AKKORDLARI: VƏ YAXUD ÖZ BƏDİİ HƏLLİNİ TAPMAYAN FİLM”

"Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı - Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır. Daha sonra titrlərin köməyilə hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi aydın olur.

İçərişəhər həyətlərinin biri... Ümumi həyətə, ümumi pilləkənə bir neçə qonşunun qapısı açılır. Alikin də yaşadığı bu həyətin sakinləri çoxdanın qonşularıdır. Tək bir nəfərdən başqa. Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milisioner qonşunun həyətdə duran maşınının üstünə "yüngülləşdirir". Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün "dərinə" getmirlər. Alik isə məhəllənin müdafiəçisi kimi tanınır. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır. Qarşı tərəfi hədələməkdə isə ona cibində gəzdirdiyi tapança yardımçı olur. Nəhayət, yaxınlıqdakı zirzəminin boşaldılması məqamı da yetişir. Caz qrupunun məşq etdiyi zirzəmidə Fariz restoran açmaq fikrindədir. Qrup üzvləri isə caz festivalına hazırlaşdıqlarından zirzəmini tərk etmək istəmirlər. Alikin sevdiyi qız - Maya (Mehriban Zəki) da qrupun solistidir. Odur ki, gənc oğlan yenidən tapançasını çıxararaq, musiqiçilərin müdafiəsinə qalxır. Növbəti günlərin birində qonşular həyətdə süfrə arxasına toplaşaraq, həyətləri haqqında videokamerası ilə film çəkən və buna görə də Farizin qəzəbinə tuş gələn yeniyetmə oğlanın "kişi olmasını" qeyd edirlər. Bu məqamda yeni qonşu həyətə girir və pilləkənlərlə evinə qalxır. Qonşular onu içməyə dəvət etsələr də, Fariz ikrah hissi ilə təklifi rədd edir, "Sizin kimilərlə içmərəm, hamınızın axırına çıxacağam" deyir. Alik isə ona edilən hədəyə dözməyib pilləkənlərlə qalxır və Farizə möhkəm bir sillə çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə çağırılır. Onun gəzdirdiyi tapançanın adi alışqan olmasına baxmayaraq, törətmədiyi cinayətlərdə təqsirli bilinir və həbs edilir. Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə "yox" cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza isə cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir.
Əlvida!

… səsləndirmə, montaj, operator işi qüsurlarla dolu idi. Kadrlar fikir bitməmiş, məntiqi nəticə bilinmədən kəsilir və filmin ümumi harmoniyasını pozurdu. Səsləndirmənin tempi də dəyişkən idi. Bəzi kadrlarda qəhrəmanlar yüksək tonla danışdıqlarından nə dediklərini çətinliklə anlamaq olurdu. Bir epizodda isə uşaqların çığırışmasını qarğaların qarıldaşması ilə səhv salmaq olardı. Filmin titrləri də nöqsanlardan kasad deyildi. Sözlərdəki bütün "i" hərfləri "ı" kimi və əksinə yazılmışdı.

Ekran əsərinin konsepsiyasına gəlincə isə, tamaşaçılara müəlliflərin hansı problemi qaldırdığı, nəyə "əlvida" dediklərini ehtimal etmək qalır. Çünki "Əlvida, cənub şəhəri" də "ekran həllini tapmayan" filmlər siyahısına düşəcək. Güman etmək olar ki, ssenarist və rejissor filmdə beynəlmiləl təbəqənin bir süfrə arxasında yeyib-içib, mahnı oxumasını göstərməklə ötən əsrin 90-cı ilinə qədərki özünəməxsus ab-havası, mədəniyyəti ilə fərqlənən Bakının həsrətindədir. Amma əfsuslar olsun ki, rejissor həmin atmosferin təsvirində yalnız yeyib-içmək, keçmiş "Qaya" ansamblının yaşlaşmış üzvlərinin caz ifasını göstərməklə kifayətlənib. Elə təsəvvür yaranır ki, o illər cənub şəhəri - Bakının özəlliyi elə bunlardan ibarət imiş və paytaxt.sakinlərinin də itkisinə təəssüf etdiyi təkcə kef məclisləridir. Bu filmdə vaxtilə R.İbrahimbəyovun ssenari müəllifi olduğu "Bir cənub şəhərində"n fərqli olaraq, paytaxtın koloritindən əsər-əlamət belə yoxdur. Əvəzində film dramaturqun ssenarisi əsasında çəkilən "Ailə" filmini xatırladır.

Rejissor bir həyətdə yaşayan insanların münasibətlərinə də çox səthi yanaşıb, bir-iki məqamda edilən zarafatlarla kifayətlənib. Hətta süjetin əsasında duran Aliklə Fariz arasındakı konflikti də qura bilməyib. Onların arasındakı münaqişəni yetərincə əsaslandırmayb. Filmdə bəzi dramaturji anlaşılmazlıqlar da var. Məsələn, epizodların birində Maya zirzəmidə musiqiçilərlə söhbətləşir, onlara çay gətirir. Bu zaman qrupun rəhbəri musiqiçilərin işsiz dayanmasından əsəbləşir, onlara məşq etməyi tapşırır. Mayaya isə "Ay qız, sən burda nə gəzirsən? Get burdan" deyə acıqlanır. Filmin sonrakı gedişatından isə məlum olur ki, Maya qrup üzvlərindən biridir.

Filmdə yəqin ki, əyalət adamlarının şəhərə axını və bu zaman yaranan problemlərin göstərilməsi də nəzərdə tutulub. Amma rejissor hansısa səbəbdən bu məsələni də qabartmaqdan yan keçib. Problemi yalnız Farizin oğlunun dələduzluğu ilə əks etdirib. Sən demə, kənd həyatına alışan əyalət adamının şəhərdə yaratdığı və özünün qarşılaşdığı yeganə problem ayaqyolunun səmtini səhv salmasıdır.

Rejissor xarakterlərin açılmasına, detalların işlənməsinə də əmək sərf etməyib. Heç tanınmış aktyorların oyunu da vəziyyəti xilas etmir. Alikin ifaçısı, bu rola görə həm də "Qızıl Çıraq" laureatı Teymur Bədəlbəyli isə bütün hiss və emosiyalarını aradabir qaşlarını çatmaqla nümayiş etdirir. Onun oyununda Alik maraqsız, sönük, xaraktersiz adam təəssüratı bağışlayır.

Bir sözlə, müəlliflərin hansı dəyərlərə "əlvida" dedikləri naməlum qaldı. Buna baxmayaraq, finalda alqış səsləri eşidildi. İstənilən halda, istənilən vəziyyətdə yaradıcı adamlarımızın dadına çatan yerli tamaşaçıların alqışı. Bu baxımdan, bizim rejissorların bəxti yaman gətirib.

Oqtay Mirqasımın “Günaydın, mələyim” filmi haqqında

XX əsrin əvvəllərində dramaturq Jorje Polti gəlmiş-getmiş bütün pyesləri araşdıraraq mümkün süjetlərin hamısını «36 süjet» əsərində toplamışdı. Sonralar bu siyahıya əlavələr etmək cəhdləri heç bir nəticə verməmiş, Poltinin klassifikasiyasının qüsursuz olduğunu göstərmişdi. Hazırda ədəbiyyatda, kinoda istifadə olunan süjetlər də «36 süjetin» müxtəlif versiyalarıdı.
Bir müddət əvvəl rejissor Oqtay Mirqasımın geniş publikanın ixtiyarına verilən «Günaydın, mələyim» filminin süjeti də yeni deyil. Həyatda yerini tutmağa, tarazlığını, müvazinətini qorumağa çalışan tənha qadın…. Dahi P.P.Pozalinidən («Romanın anası»), F.Fellinidən («Kabiriyanın gecələri») Ə. İbrahimova («Onun böyük ürəyi»), H.Seyidbəyliyə («Telefonçu qız»), R. Şabanova («Liftçi qız») qədər fərqli rejissorlar tərəfindən fərqli variasiyalarda və janrlarda işlənib. Rejissor Oqtay Mirqasım «Günaydın, mələyim» filmində öz variantını təklif edir…. «Bu film həyatda müvazinətini tapan qəhrəmanlara ithaf olunub. Hələ axtarışda olanlara isə Tanrı kömək olsun»….
Mədinə istedadlı aktrisadı. Həyat yoldaşı Qarabağ müharibəsində şəhid olandan sonra, ədəbi-bədii dillə desək, yaşamının mənasını, rejissorun təbirincə isə müvazinətini itirib.
O. Mirqasım da Mədinənin əsl qəhrəman olduğunu sübut eləməyə çalışır. Elmar Felin ekranda yerdəyişən təsvirlərlə həmahəng olan gözəl musiqisi və operator Rafiq Quliyevin usta əllərindən kameranın obyektivinə düşən şəhər görüntüləri də - gündüzlər Mədinənin həyatı kimi xaotik, qərarsız, səs-küylü, gecələr sakit və hüznlü - bu işdə ona yardım eləyir. Finalda qəhrəman axtardığı müvazinəti tapır, ancaq tamaşaçını çoxlu suallarla, qarışıq hisslərlə ekranın o biri tayında qoyur.
Məsələn, hər şey yaxşı, gözəl də, amma bütün bu əhvalata o cür təntənə ilə həlak olan ərin nə dəxli vardı? Onu küçədə maşın vursaydı, ya da gecələrin birində siqaret almaq üçün evdən çıxıb qayıtmasaydı, fərq eləməzdi.
Sadəcə, rejissor qüsursuz bir qəhrəman yaratmağa, hətta onu müqəddəsləşdirməyə çalışıb. Mədinə şəhid arvadıdı, çox istedadlı aktrisadı, sevgisinə sadiqdi, elə ismətlidi ki, «o qədəri artıq dəbdə deyil» (filmdən sitat), mərhəmətlidi, amma onu teatrda gözümçıxdıya salırlar, evini əlindən almaq istəyirlər…
Rejissor qəhrəmanını ideallaşdırmağa o qədər aludə olub ki, ölçünü itirib. Onu hətta tamaşaçı qınağından da müdafiə eləyir: Mədinə əriylə rəsmi nikahla yox, molla kəbiniylə ailə qurub. Yəni ideyaya görə əsas olan Tanrı qanunlarıdı. Ancaq hər ehtimala qarşı ona cəmiyyətin gözündə də bəraət qazandırılıb: əri cəbhəyə tələsirmiş, rəsmi nikaha vaxt olmayıb. Mədinənin ərinin familiyasını uşağına vermək cəhdləri də həmin bəraətin bir hissəsidi və filmin ortasında yarımçıq qalır, unudulur…
Bəlkə elə bunlara görə «Günaydın, mələyim» filminin yaratdığı ilk təəssürat sünilikdi. Müqəddəslərin yeri göydədi axı… İlkin variantda rusca yazılmış ssenarinin azərbaycan dilinə kobud hərfi tərcüməsi nəticəsində meydana çıxmış ağır, əlaqəsiz, məntiqsiz cümlələrdən ibarət dialoqlar, «vüsal, hicran» kimi arxaik sözlər, aktyorların teatral ifaları, xüsusən Fuad Poladovun qəlibləşmiş oyunu, səsləndirmə nöqsanları sünilik hissini ikiqat artırır.
«Günaydın, mələyim» aktrisa Ayan Mirqasımın benefisidi. Yaxşı mənada… Hüseyn Mehdiyevin «Özgə vaxt» filmində yetərincə istedadlı olduğunu sübut eləmiş aktrisa bu dəfə bütün bacarıqlarını açıb ortaya qoyur. Əsl kino aktrisası olduğunu, bütün mimikaları, reaksiyaları ilə kinokamera, ağ pərdə üçün yarandığını göstərir. Amma… Burda da ölçü gözlənilməyib. Bəzi epizodlar (məsələn, reklam çəkilişləri) həddindən uzundu və nəinki heç bir dramaturji yükü yoxdu, üstəlik filmin ümumi ahənginə də xələl gətirir.
«Günaydın, mələyim»in təklif etdiyi situasiya da, yaşanan hisslər də hamımıza tanışdı, hətta doğmadı… Oqtay Mirqasım da mövzuya Koelyo, Anxel De Kuatyesayağı yanaşıb: bütün problemlər qəflətən, sanki ilahi qüvvənin əliylə (həmin ilahi qüvvə filmdə var) həll olunur. Qəhrəman sədaqətinin, ismətliliyinin, istedadının mükafatını alır… Üstəlik «Durnalar uçur» filminin məşhur finalını yadımıza salan son kadrlarda Ayan Mirqasım Fellininin Kabiriyası kimi gülümsəyir… Bir sözlə, hər şey tanışdı… Ancaq yenə də o deyil, gözlədiyimiz deyil…

Azərbaycan kinematoqrafiyası uşaq filmlərinin sayı ilə fəxr edə bilməz

Uşaqlar dünyanın sevinci, bizim gələcəyimizdirlər. Bu cümlələr XX əsrdə şüara çevrilib. 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. İlin bir günü yığışıb kütləvi şəkildə uşaqları müdafiə etmək ideyası da XX əsrin kəşflərindəndir. Amma, məhz, XX əsr uşaqlara qarşı xüsusi qəddar olub. Uşaq əməyindən istifadə, uşaq fahişəliyi bu əsrdə daha geniş miqyas alıb. XX əsrdə Şimali Koreyada anadan xəstə doğulmuş uşaqları elə xəstəxanadaca qətlə yetirirlər - işıqlı və sağlam gələcək naminə… XX əsrdə bombalar uşaqların çox sevdiyi oyuncaqların, şirin konfetlərin içinə yerləşdirilir.XX əsrin incəsənəti də uşaqlara müdafiə yox, tədqiqat obyekti kimi baxır. Çünki Ziqmund Freyd, bir insanı həyatı boyu narahat edən, onun xoşbəxt və firavan həyat sürməsinə mane olan müxtəlif problemlərin əsasının uşaqlıqda, dahası, ana bətnində qoyulduğu iddiasında bulunmuşdu. Hətta bu ideyanın analizinə qalın-qalın kitablar həsr etmişdi. İncəsənət Freydin bu ideyasından xammal kimi hələ də yararlanır. Xüsusilə kinematoqrafiya… Klassik kinoda - Fellininin, Viskontinin, Eyzenşteynin filmlərində XX əsr uşaqlardan imtina edən aləm kimi göstərilir. Həmçinin uşaqlar da qəddar və böyüklərdən daha tənhadırlar.
Müasir kinoda uşaq filmlərində bəzi ümumi tendensiyalar nəzərə çarpır. Dünya kinosunda - Amerikada, Avropada mövzusundan asılı olmayaraq, bütün uşaq filmlərini birləşdirən ümumi cəhətlər var. Amerika filmlərinin süjet xətti, bir qayda olaraq, atalar və oğullar, valideyn-övlad münasibətləri, yaşlı nəsillə gənc nəsil arasındakı ziddiyyətlər üzərində qurulur. Zəif döyüş fimlərində, “boeviklər”də bu problem səthidir, süjeti əsas hadisələrə doğru inkişaf etdirmək xarakteri daşıyır. Bu halda dialoqlar da, problemi üzə çıxaran situasiya da üzdədir. Daha səviyyəli filmlərdə isə bir qədər dərin işlənmiş olur. Hətta komediyalarda belə böyüklər və kiçiklər arasındakı ziddiyyətlər nifrət həddinə qədər gərilir və dramatikləşdirilir («Evdə tək » trilogiyası», «Çətin uşaq», «Şahzadənin gündəliyindən», «Fakultet» və s).
Avropanın uşaq filmlərində də eyni problem var - övladlar daima valideynlərindən narazıdırlar. Lakin bu Hollivud filmlərindəki kimi faciə həddində deyil. Avropalı uşaqları sərbəstliklərinin məhdudluğu, valideyn sözünü dinləmək məcburiyyətində olmaları narahat edir. Onlar valideynin həyat təcrübəsindən yararlanmaq və ya dərs götürmək, onun dayandığı nöqdətən yola davam etmək deyil, öz təcrübələrini toplamaq, öz yollarını cızmaq istəyirlər. Və əgər Amerika filmləri «yolunu azmış oğulun ata evinə qayıtması», yaşlı nəsli qəbul etməsi ilə sonuclanırsa, Avropa filmlərində əks proses baş verir - yaşlılar gəncləri qəbul edirlər, onlarla uzlaşmağa çalışırlar. Uşaqların fikirləri ilə nə qədər razılaşmasalar da, onlardan öz köməklərini əsirgəmirlər («Billi Elliot», «Mən Sezaram», «Bum 1-2»).
Azərbaycan kinematoqrafiyası uşaq filmlərinin sayı ilə fəxr edə bilməz, çünki belə filmlər azlıqdadır - «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Mən mahnı qoşuram», «Bir qalanın sirri», «Sehirli xalat» və s. Lakin haqqında danışdığımız digər ölkələrin filmlərində olduğu kimi, onların arasında da ümumi tendensiya tapmaq çətindir.
Əgər uşaq filmlərini mövzuları baxımından kateqoriyalara bölsək, yuxarıda adlarını sadaladığım filmləri şərti şəkildə «əyləncəli filmlər»ə aid etmək olar. Uşaqlı böyüklü bütün tamaşaçılar onlara həmişə həvəslə baxırıq. Lakin bu filmləri eyni süjetlə, sadəcə qəhrəmanların adlarını dəyişməklə Ukraynada, Qazaxıstanda, bəlkə hətta Afrikada da çəkmək olardı və filmlər heç nə itirməzdi. Bu kateqoriyaya həm də macəra janrında çəkilmiş «Gəmi saatının sirri», «Skripkanın sərgüzəştləri» filmləri daxildir. Təsadüfi deyil ki, filmlərin əksəriyyəti birbaşa rus dilində çəkilib. (Düzdür, bəzi hallarda bunun konkret səbəbi var: film bilavasitə Moskvanın sifarişilə çəkilib). Amma rus dili tamaşaçını qıcıqlandırmır. Adətən olduğu kimi «niyə öz dilimizdə danışmırlar?» sualı yaranmır.
İkinci kateqoriyaya isə «Şərikli çörək», «Ağ atlı oğlan», «Pəncərə», «Arxada qalmış gələcək» fimləri aiddir. Bu filmlər daha ciddi mövzulardan bəhs edir. Onlara «uşaq filmi»ndən daha çox, «qəhrəmanları uşaqlar olan film» təyini uyğun gəlir. Adları çəkilən filmlərdə hadisələr, mühit uşaqların gözü ilə və onların timsalında təqdim olunur. Məsələn, «Şərikli çörək» filmini götürək: müəlliflər tamaşaçıya müharibə zamanı tez-tez istifadə olunan «arxa cəbhə» birləşməsinin əsl mənasını anlatmağa çalışır. Arxa cəbhə yalnız öndə döyüşənlərin, canlarını qurban verənlərin ümid yeri, dəstəyi deyil. Burda müharibə gedir və bu müharibə ön cəbhədəkindən daha dəhşətli və qəddardır. Çünki oradan fərqli olaraq buradakı düşmənlər gözə görünmür, onlara əllə toxunmaq, bir güllə ilə öldürmək mümkün deyil. Bütün bunları tamaşaçıya çatdırmaq, anlatmaq üçün uşaqlardan yaxşı vasitə ola bilməz. Milli kinomuzda sırf uşaqlara və onların problemlərinə həsr olunmuş bircə film var. Həsən və Ənvər Əbluc qardaşlarının İsi Məlikzadənin ssenarisi əsasında çəkdikləri «Pəncərə» sosial dramı. Bu film internat uşaqlarının həyatından, daha doğrusu, həyat uğrunda mübarizəsindən bəhs edir.
Son illərdə çəkilən yerli filmlərdə isə uşaqlar Qarabağ mövzusunun qəhrəmanlarına çevriliblər. «Ağ atlı oğlan», «Arxada qalmış gələcək» filmlərində onlar mübarizədən yorulmuş, unutmağa başlamış böyükləri rühlandırmağa çalışırlar. Bu filmlərdə uşaqlar həm də yaddaş simvolu kimi təqdim olunurlar. «Ağ atlı oğlan» filminin yeniyetmə qəhrəmanı tankını nağıllardakı qalibiyyət müjdəsi gətirən ağ ata bənzədir. Onun özü isə ağ atlı oğlandır. «Arxada qalmış gələcəy»in 13 yaşlı qəhrəmanı isə gələcəyə getmək üçün keçmişə qayıdır. Ancaq bu filmlərin müəllifləri bir şeyi unudurlar ki, uşaqlar gələcəyin rəmzidir, onların yaddaşı yoxdur. Uşaqlar hətta oyun oynayanda belə təbiidirlər. Onlar üçün reallıq və oyun arasındakı sərhəd mövcud deyil. Ona görə qeyri-səmimi, daxildən gəlməyən, böyüklərin dili ilə desək, konyuktur hisslər uşaqların ifasında o dəqiqə özünü büruzə verir.
«İnsanın ən böyük azadlıqlarından biri işini itirmək qorxusunun olmamasıdır» ( Milan Kundera)
Fevralın 26-ı Xocalı soyqırımının ildönümü idi. Hər il olduğu kimi bu dəfə də yerli telekanallar bir gün səhərdən gecə saat 12-yə qədər yas saxladılar (saat 12-ni vuran kimi Zoluşkanın karetası bir anda necə balqabağa çevrilirsə, kanallarımızda da eləcə toy-bayram, çalıb-oxumaq başladı), milli kino nümünələrimiz nümayiş olundu. Hər il bütün yas günlərində nə iləsə seçilməyə çalışan ANS bu il də cəhd elədi və «Seçilən»i göstərdi.
«Seçilən» ANS kanalının nəzdində fəaliyyət göstərən «Bakıfilm» kinostudiyasında istehsal olunmuş siyasi trillerdi:))). Vahid Mustafayevin (yəni Naxışın) ssenarisi əsasında çəkilib. Rejissorun adı yadımda qalmayıb. (Bu, bir kinoşünas üçün böyük ayıbdı. Hamınızdan üzr istəyirəm).
Filmə baxmayanlar üçün qısa xatırlatma:
Ermənistanın prezidenti Robert Köçəryan eks böyük qardaşımız Rusiyanın nümayəndəsilə birlikdə Azərbaycanda hakimiyyəti dəyişdirmək üçün plan cızır. Üstəlik əməliyyatın beyni Ermənistandı. İdeya Robert Köçəryandan çıxır, rusiyalı nümayəndə elə-belə onun ətrafında farlanır, şərabını içə-içə qulaq asır və aradabir «ətraflı məlumat» almaq məqsədilə suallar verir.
Əməliyyatın həyata keçirilməsi Ermənistan Xüsusi Xidmətlərinin ən yaxşı əməkdaşı (hətta zənnim aldatmırsa, rəhbəri), general Zorge Babayana tapşırılır. Azərbaycanlı kimliyi ilə Bakıya gələn Babayan Azərbaycan MTN-inin generalı Talıbovun şəxsi igidliyi və qəhrəmanlığı sayəsində məqsədinə çatmadan məhv edilir. Ağır yaralansa da, «həyati vacib heç bir orqanı zədələnməmiş» (filmdən sitat) Talıbov isə mükafat olaraq gələcək həyat yoldaşını qazanır.
Filmin bədii keyfiyyətləri barədə bircə söz demək mümkündü: çox savadsızcasına çəkilmiş «Seçilən», siyasi triller janrına parodiyadı. Kinodramaturq Eldəniz Quliyevin dediyi kimi, «bu film haqqında ciddi danışmaq üçün qeyri-ciddi adam olmaq lazımdı».
Mənim diqqətimi çəkən «Seçilən» yox, onun nümayişindən sonra yayımlanan «Seçiləndən sonra» verilişi idi. Bir neçə nəfər ziyalımız - rejissor Oqtay Mirqasımov, Mailə Muradxanlı, müəllimlərim - kinorejissor Cəmil Quliyev və xalq artisti, aktrisa Həmidə Ömərova bu on-on beş dəqiqəlik proqramda «Seçilən» barədə inanılmaz şeylər danışdılar. Guya öz janrında təqdirəlayiq film imiş, gözəl aktyor ansamblı filmin uğurunu əvvəlcədən təmin edibmiş və sair və ilaxır.
Uzun sözün qısası, çox sevdiyim, hörmət etdiyim, mənə kinonu sevməyi öyrətmiş insanlar camaatın gözünün içinə baxa-baxa ağ yalan danışdılar, kəsə yoldan savadsızlığı, istedadsızlığı, gücsüzlüyü, qorxaqlığı, ya da laqeydliyi (hansı olduğunu özləri daha yaxş bilərlər) alqışladılar. Onlara qulaq asdıqca bir daha başa düşdüm ki, yaxın gələcəkdə Azərbaycanda ürəkləri titrədən, təəccübləndirən kino çəkilməyəcək.
Məşhur italyan rejissoru P.P.Pazolini yazırdı: «İtirilmiş imkanlarla, özünə nəzarət eləmək məcburiyyətilə barışmaq normal adamların işidi. Barışmaq, vəziyyətə uyğunlaşmaq - çox dəhşətli sözlərdi. O ki qaldı mənə… Sevgi uğrundakı çətinliklər onu ali məqsədə, həyat amalıma çevirib»…
Kino çox qeyri-adi sənətdi. Kino çəkmək inqilab eləmək kimidi. Don Kixot kimi yel dəyirmanlarıyla döyüşmədən «əsl kino» adlana biləcək kino çəkmək qeyri-mümkündü.
Gah İrana, gah Türkiyəyə, lap elə Burkino-Fasoya da baxmaq, müqayisə aparıb, sonra da heyrətlə çiyinlərimizi çəkmək, «bəs niyə bizdə alınmır?» demək lazım deyil. Problem bizim özümüzdədi, düşüncəmizdədi. Biz həddindən çox yaşamaq, sağ qalmaq istəyirik. İstəyirik, başımızı aşağı salıb işimizi görək, heç kim də bizə dəyib-toxunmasın… Necə olur-olsun… Nəyin bahasına olur-olsun… Və nə qədər ki, belə davam eləyir, kinomuz həmişə dövlətin monopoliyasında qalacaq, filmlərimizdə də havadan-sudan, ordan-burdan danışacağıq…

“Şərq-Qərb” kinofestivalının içi və çölü (təəssüratlar)

Bakıda keçirilən ənənəvi Beynəlxalq “Şərq-Qərb” kinofestivalı analoji tədbirlərdən fərqlənir, festivallar festivalıdır. Yəni burda bir neçə festivalda müxtəlif mükafatlara layiq görülmüş filmlər nümayiş olunur. Festivalın prizləri də simvolik xarakterlidir - “bəşəriyyətə ən humanist göndəriş”, “əsl kişilik obrazı”, “əsl qadınlıq obrazı”, “dünya kinosuna xidmətlərinə görə” və s. Mükafatlar MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, “Şərq-Qərb” festivalının prezidenti, kinodramaturq Rüstəm İbrahimbəyovun bu il növbəti dəfə sədr seçildiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən təqdim edilir.
Bu ilki festivalın proqramında simvolik olmayan yeni bir şey vardı - MDB və Baltikyanı ölkələrin gənc kinotənqidçilərindən ibarət münsiflər heyəti.Anton Sidorenko (Belorusiya), Aliya Moldaliyeva (Qırğızıstan) və bəndəniz Aygün Aslanlının (Azərbaycan) daxil olduğu bu heyət öz favoritini seçməli idi.
Gənc kinotənqidçilərdən ibarət beynəlxalq münsiflər heyəti keçən ilin noyabrında Moskvada - Rusiyanın Dövlət Film Fondunun “Belıye stolbı” adlı kompleksində Milli Kinematoqrafiyaların XI forumunda yaradılıb. Tərkibi hər dəfə dəyişən heyət MDB və Baltikyanı ölkələrdə keçirilən film festivallarında iştirak edəcək.
Beləliklə, X “Şərq-Qərb” başladı. Hələ ki öz filmləri “A” kateqoriyalı festivallara, kinoforumlara düşə bilməyən Azərbaycan növbəti 2007-2008-ci illərdə istehsal olunmuş və artıq bir neçə beynəlxalq festivalda müxtəlif mükafatlara layiq görülmüş filmləri və onların yaradıcılarını qəbul etdi (Proqramda festival debütünü edən yeganə film “Hökmdarın taleyi” (Azərbaycan) idi). Tamaşaçılar, müasir kino həvəskarları bir həftə ərzində Rusiya, Qırğızıstan, Latviya, Estoniya, Litva, Polşa, İran, Fransa istehsalı olan 16 filmə baxdılar. Tofiq Şahverdiyev, Ernest Abdıjaparov, kinodramaturq Pavel Finnin, dünya şöhrətli polyak rejissoru Kşiştof Zanussinin master-klasslarına qulaq asdılar, Zanussinin filmlərindən ibarət retrospektivi izlədilər.
Qonaqlar üçün isə xüsusi proqram hazırlanmışdı. Yeri gəlmişkən….
Qonaqlar…
Festival boyu onlardan ikisi - Anton Sidorenko və Aliyə Moldaliyeva ilə sıx ünsiyyətdə oldum. Anton Sidorenko Belorus Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Hazırda elə həmin fakültədə KİV- də ədəbiyyatın təbliği və tənqidi fənnindən dərs deyir. Minskdə nəşr olunan “Jurnal na ekranax” kinojurnalının köşə yazarıdı. Paytaxt kinoteatrlarının birində klubu var, klassik filmlər nümayiş etdirir.
Aliyə Moldaliyeva isə ali təhsilini musiqiçi kimi alıb. Amma sonradan jurnalistika ilə məşğul olmağa başlayıb. Hazırda sərbəst jurnalistdi. Bişkekdə bir neçə qəzetlə əməkdaşlıq edir, “ferghana.ru” internet saytına məqalələr ¼azır. Son vaxtlar qırğız kinosu ilə yaxından maraqlanmağa başlayıb. Özünü kinotənqidçi kimi yetişdirir.
Anton rus cizgi və uşaq filmlərindəki çoxbilmiş, eynəkli, hazırcavab personajlara bənzəyir. Bütün sahələrdən xəbəri var. Bakı, Azərbaycan barədə də yetərincə çox şey bilir. Festivalın son günü verilən banketdə estoniyalı qonaqlar Antondan Azərbaycanın gəzməli, görməli yerləri, tarixi abidələri barədə soruşdular (onlar hələ bir neçə gün Bakıda qalacaqdılar. Və gəzmək istəyirdilər). Anton başladı Qobustanın vəsfinə - “İlk insan məskəni… qayaüstü rəsmlər… Orda hətta guya qədim Roma legionuna məxsus yazılar var”. Bu yerdə dözməyib, söhbətə qarışdım: “Guya niyə? Pompey öz əllərilə yazıb o yazını. Bəyəm oxumadın?” Anton da “Yox. Mən orda olmamışam” cavabını verdi.
Aliyə isə elə bizə oxşayır. İçki içmir, siqaret çəkmir. Axşamlar tez yatır. Bağlanış günü verilən ziyafətdə qarnını doyuran kimi otelə qayıtdı. Elə Moskvada da şam yeməyindən sonra onu görmək mümkün deyildi. Forumun axırına yaxın uşaqlar onu otağından zorla çıxardılar. Amma sonra özü bizə qoşuldu. Kinonu çox yaxşı bilir.
Festivalın ilk günü
Kşiştof Zanussinin master-klassından və “Persona non qrata” filminə baxandan sonra “Abşeron” otelində gedib Aliyəgillə görüşdüm. Bir azdan bizimlə birlikdə Moskvadakı forumda iştirak etmiş gənc rejissor Mikayıl Mikayılov da sıralarımıza qoşuldu. Bir yerdə şəhəri gəzməyə çıxdıq. Milli Parkla gəzə-gəzə Fəvvarələr meydanına endik. Qonaqlarımız şəhərə heyran olmuşdular. Anton ciddi-cəhdlə gecə qaranlığında rəngdən-rəngə boyanan teleqüllənin şəklini çəkmək istəyirdi. Söhbət zamanı tez-tez “sizin neftiniz var” deyirdi, səsində bir paxıllıq duyulurdu (belə yerdə deyirlər ki, içimiz özümüzü yandırır, çölümüz özgəni…).
Amma Aliyə də, Anton da ən çox bazarla maraqlanırdılar. Elə hey soruşurdular ki, bazara nə vaxt gedəcəyik. Anton dedi ki, insanları tanımaq üçün bazardan yaxşı yer yoxdu. Arzularına çatdılar. Festivalın son günü təşkilatçılar qonaqları dəmiryolu vağzalının yaxınlığındakı bazara apardı. Aliyə bazarı çox az gəzdi. “Burdakı hər şeydən bizdə də var” deyib, milli şirniyyatların satıldığı bir yerə getmək istədiyini bildirdi. Onu “Çudo peçka”ya apardım. Evlərinə aparmaq üçün Şəki halvası və şəkərbura aldıq. Anton isə əməlli-başlı bazarlıq eləmişdi. Ərik, ağ, qırmızı gilas mürəbbələri, bir xeyli zəfəran… Amma “gözü doymamışdı”… Bazarda narşərab tapmamışdı. Odur ki, mənim “Hökmdarın taleyi” filmini artıq bir dəfə gördüyümü biləndə çox sevindi. “Belə filmlərdən bizdə də var. Təxminən bilirəm, necə olacaq” deyib narşərab axtarışına çıxmağı xahiş elədi. Axtardığımızı çox tez tapdıq. Ancaq sonra məlum oldu ki, Anton indi də ümumilli liderimizin əksi olan nişanlardan istəyir: “Bu bizim üçün əsl ekzotikadı. Bizim də prezidentimiz var. Amma onun barəsində romanlar yazmırıq, heykəllər qoymuruq”. Günel Mövludun yaxasında Çe Gevaranın nişanı da onu fikrindən döndərmədi: “Əlində silah meşədə partizanlıq eləməyə nə var ki.. Əsl hünər uzun illər bir dövlətə başçılıq etməkdi” deyib, Heydər Əliyevin bir neçə nişanını aldı.
Belorus və qırğız kinosu
Təbii ki, bütün söhbətlərin əsasında kino dayanırdı. Nədən danışsaq, hara çevirsək, yenə kinonun üzərinə gəlirdik. Əslində bütün postsovet məkanında milli kinematoqraflar təxminən eyni vəziyyətdədi. 90-cı illərin böhranından sonra indi-indi özünə gəlməyə başlayır. Amma müəyyən fərqlər də var… Antonun dediyinə görə, Azərbaycandan fərqli olaraq, Belorusda kinoprokat yetərincə inkişaf edib. İki milyona yaxın əhalisi olan Minskdə müasir avadanlıqla təchiz edilmiş yeddi kinoteatr fəaliyyət göstərir. Hər il prokata üç yüz minə qədər yeni əcnəbi film çıxır. Belorusun özündə isə kino istehsalı Azərbaycandakı kimi məhdud çərçivədədi. İldə iki-üç film istehsal edilir. Keçən il isə bu rəqəm dördə çatıb. Beş-altı il əvvələ kimi cəmi bir, maksimum iki film çəkilirdi. Yerli filmlərin keyfiyyət əmsalı isə elə bizimki kimidi. Çəkilən filmlər ölkə sərhədlərindən kənara çıxmır, özünü ödəmir, prokatı da məhduddur. Belorus kinostudiyası müstəqil studiyalara, prodüsser mərkəzlərinə təklif etdiyi xidmətlərin hesabına yaşayır.
Belorus ilə müqayisədə qırğız kinosu daha yaxşı vəziyyətdədi. Sovet İttifaqı dağıldıqdan sonra mərkəzdən gələn maliyyə kəsiləndə rejissorlar filmlərini çəkmək üçün özləri müstəqil vəsait axtarışına çıxıb. Dövlət bir neçə il əvvəl filmlərin istehsalına pul ayırmağa başlayıb. Hazırda Qırğızıstanda tamamilə dövlət hesabına üç tammetrajlı bədii film çəkilib. Bunlar Erkan Salıyevin “Bulud”, Nurlan Abdıkadırovun “Petrarkanın qiraəti” (Rasim Ocaqovun “İstintaq” filminin yeni variasiyası) və mayın 31-də premyerası baş tutan Temir Beknazaravoun “Naməlum marşrut” filmləridi.
İndi Qırğızıstanda dövlət hesabına və müstəqil olmaqla ildə beş-altı tammetrajlı bədii film çəkilir. Qısametrajlı filmlər isə o qədər çoxdur ki, saymaq mümkün deyil.
Aliyə deyir ki, qərbli prodüsserlər qırğız kinosuna çox maraq göstərir, vəsait ayırır. Rejissor Aftan Abdukalıkovun (Aktan Arın Kubat) bütün filmləri Qərb maliyyəsi hesabına çəkilib. Qırğız kinosuna investisiya qoymaq istəyən qərbliləri rejissorlar özləri tapırlar. Bu məqsədlə Bişkekdə “OyArt” adlı şirkət yaradılıb. Rejissorlar öz layihələrini “OyArt”a, o da öz növbəsində müxtəlif Qərb fondlarına göndərir. Maraqlı layihələr qərblilərin diqqətindən kənarda qalmır.
Əksər kinematoqrafçılar kiçik büdcəli tammetrajlı filmlər çəkirlər. Onları kinoteatrlarda göstərirlər. Əldə olunmuş vəsaiti ikinci eynitipli filmə qoyurlar. Sonra üçüncüyə, dördüncüyə. Bu yolla özlərinə avadanlıq alırlar, öz studiyalarını yaradırlar. Tədricən istehsalata buraxılan filmlərin büdcəsi artır.
Bişkekdə müasir standartlara cavab verən Sinematika şəbəkəsinə məxsus üç kinoteatr fəaliyyət göstərir. Yerdə qalan kinoteatrlar bir az köhnə olsa da, hamısı işləyir. Sinematika şəbəkəsinin kinoteatrlarında əsasən “300 spartralı”, “Dəmir adam” kimi əcnəbi kommersiya filmləri nümayiş olunur.
Qırğız tamaşaçısı öz kinosuna çox sadiqdi. Məhz yerli filmlər ən çox tamaşaçı toplayır. Zallar həmişə dolu olur. Bir film hərəsi iyirmi gün olmaqla, üç mərhələdə nümayiş oluna bilir. Həm texniki, həm sənət baxımından keyfiyyətin aşağı olmasına baxmayaraq tamaşaçılar hesab eləyirlər ki, yerli filmlər çox həyatidir, qırğızlar haqqındadı.
Son gün…
Festivalın axırıncı günü gəldi. İndi biz öz missiyamızı doğrultmalı, artıq bir çox festivallarda qiymətini almış filmlərin arasında birinə üstünlük verməli idi. Bütün fimləri bir anın içində çıxdaş elədik, ikisindən başqa… Ernest Abdıjaparvoun “İşıqlı sərinlik” və polşalı rejissor Ancey Yakimovskinin “Tryuk” filmləri…
“İşıqlı sərinliy”in əsasında qırğız kəndlərində çox geniş yayılmış (Azərbaycanın kəndində də var, şəhərində də) qız qaçırmaq əhvalatı dayanır. Necə deyərlər, rüsvayçı hadisələrə romantik, optimist baxış… Çoban Saqın səhvən şəhərdən gəlmiş qızı qaçırır (əslində namizəd başqası idi)… Qız da bir-iki saat arvadlarla vuruşandan sonra qismətinə təslim olur. Finalda isə rejissor onun hətta xoşbəxt ola biləcəyi ehtimalına da işarə vurur. Başdan-ayağa ekzotika… Antonun namizədi “İşıqlı sərinlik” idi. Aliyə ilə mən qəti şəkildə etirazımızı bildirdik. Anton əvvəlcə bizi politkorrektdə ittiham etdi, sonra da “elimizin bu gözəl adətini” bəyənməməyimizin səbəbini anlamadığını dedi. Uzun nitqinin mənası belə çıxdı: “Bir-iki ildən sonra özünüz yalvaracaqsız ki, sizi oğurlasınlar”…
Aliyənin də, mənim də namizədim polyak filmi “Tryuk” idi.
Ştefek adlı balaca oğlan başqa qadına görə onları tərk eləmiş atasını evə qaytarmaq üçün taleyə rüşvət verir… Sevimli, romantik və sadə…
Bir neçə saatlıq müzakirədən sonra “Tryuk”u seçdik. Bağlanışda məlum oldu ki, AKİ bu film üçün artıq mükafat təyin eləyib. Baş rolun ifaçısı Asem Toktobekova “ən yaxşı qadın obrazı” mükafatına layiq görüldü.
ADMİU-nun rektoruna müraciət…
X “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalının bağlanışı münasibətilə verilən ziyafətdə Əmir Kusturitsanın personajlarına oxşayan Andrey Götzi adlı bir almanla tanış oldum. Alman Akademik Mübadilə Xidmətində (DAAD) işləyən Andrey hansı universiteti bitirdiyimi soruşdu. ADMİU-nun (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) adını eşidəndə ilk reaksiyası “o veb-saytı olmayan universitet?” oldu. Sonra da əlavə etdi ki, “bir həftədi oranın rektorunun adını öyrənməyə çalışıram. İnterneti ələk-vələk elədim, heç nə alınmadı. Universitetin özünə zəng elədim. Dedilər ki, məlumat verə bilmərik”…

Azərbaycanın kino nağılı

Aygün Aslanlı kinoşünas
Nağıllarda gözəl qızları nəhəng divlərin, qəddar padşahların pəncəsindən xilas etməyə gedən qəhrəmanlar tez-tez üç yolayrıcına çıxırlar: sağa getsən- qara sehrbazlar ölkəsinə düşərsən, sola getsən- gedər-gəlməzə, düz getsən… İndi Azərbaycan kinosu nağılının qəhrəmanı da belə yolayrıcındadı. Məhz, nağılın… Çünki milli kinomuz havadan asılı vəziyyətdədi.
İlk baxışda inkişaf üçün gərəkli olan, prosesin getdiyini göstərən bütün elementlər var - dövlət qayğı göstərir, 2008-ci ildə təkcə tammetrajlı filmlərin istehsalına altı milyon manata yaxın vəsait ayrılıb, ildən-ilə çəkilən filmlərin sayı artır. Əgər 2000-2003-cü illərdə bu rəqəm iki idisə, hazırda beşə, altıya yüksəlib. Hətta filmlər festivallara da göndərilir və müəlliflərin sözlərinə görə, pis də qarşılanmır. Bütün bunlara baxmayaraq, real, həqiqi nailiyyət adlandıra biləcəyimiz nəticələr yoxdu. Bu nəticələri əldə etmək üçün milli kinomuz necə yol seçməlidir ki, lokal sənət olmaqdan çıxıb daha geniş miqyasda tanınsın? Başqa sözlə, əlimizdəki imkanlardan necə istifadə etməliyik?
Təbii ki, bütün hallarda ən ideal variant özünəməxsus, orijinal modeli yaratmaqdı. Dövlətimiz, milli kinonun inkişafı ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş əlahiddə orqanlar və şəxslər istehsalat üçün nəzərdə tutulmuş vəsaitin iribüdcəli tarixi və ya bioqrafik filmlərə sərf olunmasını məqsədəuyğun bilir. Nəticə isə nə ətdi, nə balıq…
Azərbaycan səkkiz milyon əhalisi olan kiçik ölkədi. Kino bazarı da çox balacadı. O qədər balaca ki, cəmi 1 -1,5 milyona çəkilən filmlərin belə özünü ödəmək imkanı yoxdu. Üstəlik prokat sistemi sıfırdan aşağı səviyədədi. Daha doğrusu, ümumiyyətlə, mövcud deyil. Deməli, belə filmlərin yeganə çarəsi başqa ölkələrdə, festivallardadı. Məsələn, qazaxların «Köçərilər» film-kolossu ilə olduğu kimi… Dövlət istehsalat prosesini tam nəzarətdə saxladı. Çəkiliş və ondan sonrakı bütün vacib mərhələlərə, prodakşn və post-prodakşn qaydalarına dəqiqliklə riayət olundu. Nəticə isə hamıya məlumdu.
Azərbaycanda isə vəziyyət tamam fərqlidi. Ayrılan vəsait ötən illərlə müqayisədə nə qədər böyük olsa da, «Hökmdarın taleyi», «Cavid ömrü», «Cavad xan» kimi tariximizin ən ağır, həlledici dövrlərindən, şəxsiyətlərindən bəhs edən filmlər üçün azdı. (Ya da filin yaradıcıları vəsaiti düzgün xərcləyə bilmirlər). Axı, bu filmlər sadəcə Azərbaycanda kinoya diqqət yetirildiyini sübut eləməkdən ötrü ortaya çıxmayıb. Nəzəriyyədə onlar həm də bizim üçün tariximizə yeni, müasir baxış olmalıdı, əcnəbilər də bu filmlərə baxıb qismən də olsa, bizi tanımalıdı. Bəs praktikada necədi?
Primitiv bir nümunə: «Hökmdarın taleyi» filmindəki döyüş səhnələri bütün əziyyətlərə, bu ekran əsərinin yükünü çəkən Fəxrəddin Manafovun gözəl oyununa kölgə salır. Onu böyük ekran üçün yararsız edir. Hökmdarlar döyüş meydanına beş minlik qoşun göndərir, meydanda isə heç beş yüz nəfər də görünmür. Üstəlik bunu ümumi planla, bir neçə dəfə göstərirlər. Müqayisə üçün deyək ki, müasir texniki imkanların olmadığı 1947-ci ildə çəkilmiş «Fətəli xan» (rej.Y.Dziqan) filmində çoxsaylı qoşunlar, döyüş səhnələri üçün çox uğurlu həll tapılıb. Fətəli xan döyüş libasında çadırda vəziri ilə söhbət edir. Yerdə qalanlar isə çadıra düşən kölgələrlə göstərilir. Bu, qüsurun qarşısını alır, həm diqqəti əsas qəhrəmandan - Fətəli xandan yayındırmır, həm də filmə xüsusi bir ab-hava, mistika gətirir.
X Şərq-Qərb festivalında qonaq olan «Aleksandr: Nevski döyüşü» (rej.İ.Kalyonov) filmində oxşar epizodlar tamam başqa cür həll olunub. Orda döyüşlər çox kiçik bir məkanda baş verdiyindən və çox dinamik çəkildiyindən meydandakı insanların sayının azlığı nəzərə çarpmır. «Hökmdarın taleyi» filmində Gəncə qalası uğrunda gedən döyüş elə təsvir olunur ki, rusların onu ələ keçirməyi təəccüb doğurmur. Halbuki «Hökmdarın taleyi» hər şeyini itirməyə məhkum insan haqqında çox gözəl kamera filmi ola bilərdi. İndiki halıyla isə bu ekran əsəri televiziyada nümayiş olunanda da itirəcək - heç bir televizor İran sarayındakı müşavirə zamanı şahın Azərbaycanın yerdəki xəritəsi üzərinə düşən kölgəni göstərmək iqtidarında deyil.
Dahi Hüseyn Caviddən bəhs edən «Cavid ömrü» də sadəcə statistik faktlar yığınıdı. O qədər statistik ki, hətta beş cümləlik istənilən lətifədə qəhrəmanlar daha rəngarəng xarakterə malikdirlər, nəinki «Cavid ömrü»ndə. O qədər vaxt, vəsait, qrim, aktyor - nəticə isə sadəcə lentə alınmış zəif tamaşa. Həmin maliyyəyə (600 mindən artıq) ayrı-ayrı rejissorların Hüseyn Cavidə individual münasibətini əks etdirən bir neçə qısametrajlı film çəkmək olardı. Onda Cavid Azərbaycan kinosunun rəngsiz simasına çevrilməzdi, yenidən canlanardı, onilliklərdən bu yana olduğu kimi yenə də düşündürər, mübahisələr, müzakirələr yaradardı.
Qonşularımızın təcrübəsinə nəzər salaq.
Qırğızıstanda Sovet İttifaqı dağıldıqdan sonra mərkəzdən gələn maliyyə kəsiləndə rejissorlar filmlərini çəkmək üçün özləri müstəqil vəsait axtarışına çıxıb. Orda dövlət kinoistehsalata bir neçə il əvvəl pul ayırmağa başlayıb. Hal-hazırda Qırğızıstanda tamamilə dövlət hesabına çəkilmiş üç-dörd bədii tammetrajlı film var. Qısametrajlı filmlər isə o qədər çoxdu ki, saymaq mümkün deyil. Eyni zamanda qərbli prodüserlər də qırğız kinosuna çox maraq göstərir, vəsait ayırırlar. Rejissor Aktan Abdukalıkovun (Aktan Arın Kubat) bütün filmləri qərb maliyyəsi hesabına çəkilib. Qırğız kinosuna investisiya qoymaq istəyən qərbliləri rejissorlar özləri tapırlar. Xüsusi olaraq bu məqsədlə bişkekdə «OyArt» adlı şirkət yaradılıb. Rejissorlar layihələrini «OyArt»a, o da öz növbəsində müxtəlif qərb fondlarına göndərir. Maraqlı layihələr qərblilərin diqqətindən kənarda qalmır.
Yeri gəlmişkən, X Şərq-Qərb festivalında nümayiş olunan, rejissor Ernest Abdıjaparovun «İşıqlı sərinlik» filmi də, məhz, belə layihələrdəndir. Təbii ki, öz pulunu istehsalata qoyan qərb fondları sonradan həmin filmlərin müxtəlif festivallarda iştirak etməsində, prokatında da maraqlı olur.
Qərb fondları ilə yanaşı yerli biznesmenlər də milli kinonun inkişafında yaxından iştirak edirlər. Amma qırğız rejissorları qərb fondlarından, dövlətdən, yaxud da yerli biznesmenlərdən asılı olmaq istəmirlər. Ona görə də öz istehsalat sistemlərini yaradıblar. Əksər kinematoqrafçılar kiçik büdcəli tammaetrajlı filmlər çəkirlər. Onları kinoteatrlarda göstərirlər. Əldə olunmuş vəsaiti ikinci eynitipli filmə qoyurlar. Bu yolla özlərinə avadanlıq alırlar, studiyalarını yaradırlar. Tədricən istehsalata buraxılan filmlərin büdcəsi də, bədii keyfiyyəti də yüksəlir.
Demirik ki, hər şeyə nöqtəbənöqtə əməl olunmalıdı. Amma bəlkə ölkəmizdə kinosənayenin, bazarın şərtlərini, şəraiti nəzərə alaraq işə birbaşa fildən yox, pişik düzəltməkdən başlasaq, yaxşı olar?! (Siçan mərhələsini keçmiş sayılırıq).
Əsas güc iribüdcəli lentlərə yox, azbüdcəli kamera filmlərinə verilsə, həm janr rəngarəngliyinə nail olarıq, həm də kimin əslində nəyə qadir olduğu meydana çıxar. Çünki müasir texnika da, maliyyə də sadəcə vasitədir. Kino çəkmək, özü də yaxşı kino çəkmək üçün ilk növbədə istedad, daxili azadlıq, ekranın hər iki tərəfində səmimi olmaq lazımdı.

“Xəzər” TV-nin “Yaşananlar” serialı haqqında qeydlər
Elə şeylər var ki, onlara qarşı mübarizə apara bilmirik. İstəklərimizə məhəl qoymadan həyatımıza daxil olurlar. Yeganə çıxış yolumuz uyğunlaşmaq, ya da bəxtimiz gətirsə, özümüzə uyğunlaşdırmaqdı. Seriallar kimi… Bir neçə il əvvəl yerli telekanallarda tək-tük seriallar peyda olmağa başlayanda əksəriyyət tərəfindən birmənalı qarşılanmadı. Elə bu gün də onlara qarşı münasibət birmənalı deyil. Amma heç nəyə baxmayaraq, bütün kanallarda gün ərzində üç-dörd (bəzən daha çox) serial nümayiş olunur. Təəssüf ki, əcnəbi… Çünki yerli kanallar hələlik «sms» toplamağa üstünlük verir, öz seriallarının istehsalına vəsait və zaman ayırmaq istəmir. Halbuki qonşu Türkiyə və bizimlə eyni vaxtda «serial həyatı» yaşamağa başlamış Rusiyada yerli məhsul nəinki «gəlmələri» sıxışdırıb, demək olar ki, mavi ekrandan çıxardıb, hətta ölkədə kino istehsalının dirçəlməsində, inkişafında mühüm rol oynayıb.
Əslində Azərbaycanda da bir neçə dəfə serial istehsalına cəhd olunub. Müxtəlif illərdə ekranlara çıxmış «İtkin gəlin», «Dodaqdan qəlbə», «Bəyaz həyat» melodramları, «Həqiqət anı» siyasi serialı, V. Mustafayevin «Yoxlama» çoxseriyalı qara komediyasını hamı yaxşı xatırlayır. Telekanalların komik serial təcrübəsi də var - «Lider» kanalında yayımlanan «Qonşular» sitkomu çoxları tərəfindən maraqla izlənirdi. Elə adlarını sadaladığım digər seriallar da kifayət qədər tamaşaçı diqqəti toplaya bilmişdi. Amma bu, sadəcə aradabir baş verdiyi üçün televiziya tarixində mərhələyə çevrilə bilmir, Rusiya və Türkiyədəki kimi ciddi nəticələri yoxdu.
Serial istehsalı sahəsində son təcrübə «Xəzər» kanalında artıq dörd seriyası yayımlanmış «Yaşananlar» silsiləsidi.
«Oskar prodakşn» şirkətində istehsal olunan «Yaşananlar» adi «sabun köpüyü» operalarından fərqlənir. Silsilənin hər seriyasında yeni əhvalat baş verir. Onları bir-birilə ideyadan və musiqidən başqa heç nə birləşdirmir.
«Nəfs»in (ssen.müəl.- Eldəniz Cəfərov, Kəmalə Mirməcidli, Sədi Məmmədov, rejissor Yaşar Əhmədov) qəhrəmanı Malik (Elşən Rüstəmov) yeni vəzifəyə keçən kimi xəstə anasını da, ailəsini də, dostlarını da nəfsinə qurban verir. «Daha yaxşı yaşamaq» üçü haram yola əl atır…
«Böhtan»da (ssen. K. Mirməcidli, rej. Y.Əhmədov) Rüstəm adlı vəkil (Sərvər Əliyev) qonşusu, təmirçi Habilin (İlqar Cahangirov) qarajını alıb, yerində ofis açmaq istəyir. Amma Habilin buna razılıq verməyəcəyinin bildiyi üçün «qanun keşikçiləri» ilə dilbir olub ona böhtan atır. Habili oğurluqda günahlandırıb həbs edirlər. Rüstəm də qarajı ofisə çevirir.
«Tamahkar»da (ssen.Süleyman Fərzəliyev, rej. Natiq Axund) rüşvətxor, istədiyi məbləği almayınca xəstələri əməliyyat etməyən cərrah (Məhəmməd Hüseynov) sonda öz tamahının qurbanı olur. Həkimin acgözlüyü ucbatından vaxtında yardım almayan və dünyasını dəyişən yaralı onun oğlu çıxır.
«Kor həqiqət»də (ssen.Qurban Bədəlov, rej.Anar Əliyev) oğlunun göz əməliyyatı üçün pul tapmayan Elmlər Akademiyasının əməkdaşı (Arzu Hüseynov) həbsdən təzəcə çıxmış və artıq halal zəhmətlə yaşamağa qərar vermiş oğru dostu Səfərəliyə (İlqar Cahangirov) müraciət edir. Səfərəli təsadüfən alimin arvadının heç bir vəchlə əldən buraxmaq istəmədiyi bahalı sırğaları oğurlayır. Pulunu da dostuna verir.
Təbii ki, bütün əhvalatların sonunda hər kəs layiq olduğu ilahi haqqını alır - bəd əməl cəzalandırılır, yaxşı əməl mükafatlandırılır.
Adətən, seriallar əyləncə funksiyası yerinə yetirdiyi və ikinci, hətta üçüncü dərəcəli sənət hesab olunduğu üçün onda yüksək sənət idealları axtarmaq yersiz görünür. (Əlbəttə, varsa, müəlliflərin başucalığıdı). «Yaşananlar»ı isə istəsən, hətta tərifləmək də mümkündü. Məsələn, demək olar ki, «Nəfs», «Böhtan», «Kor həqiqət» filmlərində ritm hissi var, hər üçü rahat baxılır. Epizodlar arasında maraqlı montaj keçidləri edilib (Xəstə anasının yanında oturmuş Malik başını çevirir və kafedə, dostu Azadla üz-üzə çay içir. «Nəfs»). «Tamahkar»ın adını çəkməməyim təsadüfi deyil. Bu filmdə müəlliflər qəhrəmanın günahını sübut eləməyə həddindən çox vaxt sərf eləyiblər. Həkimin oğluyla bağlı xətt isə axıra qədər işlənmədiyindən havadan asılı qalıb.
Əxlaq dərsi, məsləhət, nəsihət olan yerdə pafossuz keçinmək qeyri-mümkündü. Mütləq hansı andasa «ağzın köpüklənməyə» başlayacaq. Amma aktyorlar bütün pafoslu cümlələri mümkün qədər sakit, səmimi səsləndirməyə çalışırlar. Yeri gəlmişkən, hər dörd filmdə aktyor oyununu xüsusi qeyd etmək istərdim. Silsilənin yaradıcıları həm tamaşaçılara, həm də oyunçulara qarşı böyük savaba giriblər. Teatra getmək kimi vərdişi olmayan, sənət barədə düşüncələri televiziyada göstərilənlərlə məhdudlaşan azəri tamaşaçasına Yaşar Nuri, Fuad Poladov, Arif Quliyev, Amaliya Pənahova, Firəngiz Mütəllimovadan başqa istedadlı, diqqətə və sevgiyə layiq aktyorlarımızın olduğunu göstərib, aktyorlara da öz məharətlərini göstərmək imkanı verib.
Amma…
Birinci, kino ən real təbliğat vasitəsidi. İkinci, hər bir sənət əsəri dərəcəsindən, yerindən asılı olmayaraq, dahi «Mona Liza»dan tutmuş, lap elə «Yaşananlar» serialına qədər müəllifin özünü ifadə etməsidi, dünyaya baxışıdı. Hər kəs həqiqətə öz rakursundan baxır. «Yaşananlar»da da müəllifin (müəlliflərin) mövqeyi, tamaşaçıya ötürdüyü mesaj var: əxlaq, mənəviyyat, səbr, Allaha inam… Serialın nümayişi üçün seçilən telekanal da bu mesajın altından qalın xətt çəkir… Hamısı çox yaxşı, əla, həyati vacib məfhumlardı, olmalıdı. Amma hər şey bu qədər sadə deyil axı… Bu dəfə yox…
Adı «Yaşananlar»da olsa, bu film demir ki, «hərdən belə hadisələr də olur»… Hərdən, yəni möcüzə kimi… Demir ki, möcüzələrə inanın, ancaq aldanmayın. Onlara güvənib də heç bir iş görmədən, əllərinizi göyə açıb «Allahdan buyruq, ağzıma quyruq» yaşamayın..
«Yaşananlar»da bəstəkar Zaur Zeynalın musiqisi janrın tələblərinə uyğun olaraq lazım gələndə gərginləşib, lazım gələndə xəfifləmir, tempi dəyişmir. Milli, muğam ladlarına köklənmiş, mediativ, lay-lay çalan bu musiqi personajlarla əlbir olub «sus», «səbr elə» (nə olsun ki, danışmağı unutmaq üzrəsən), görsən də, eşitsən də, özünü görməməzliyə, eşitməməzliyə qoy - deyir.. (Allah Sabirə rəhmət eləsin)…
«Yaşananlar» demir ki, səbr eləmək həmişə Allahdan deyil. Səbr mübarizədən sonrakı mərhələdi, əlindən gələn hər şeyi eləyəndən sonra, heç bir çarə qalmayanda növbə səbrindi. «Yaşananlar» demir ki, həkimin, müəllimin rüşvət alanda «səbr» diləyib də pul axtarmağa getmə.. Mübarizə apar, nəyisə dəyişməyə çalış. Səbr eləmək vaxt itirməkdi, iri addımlarla qulluğa yaxınlaşmaqdı..
«Yaşananlar» sadəcə «başını aşağı sal və səbr elə. Sənə böhtan atanın cəzasını Allah verəcək («Böhtan»)» deyir. Səbr elə… Elə də… Necə deyərlər, hər işdə bir xeyir var. Səbr elə, görək, axırı necə olacaq?! Hərçənd bu gedişlə axırımız məlumdu… Amma hərdən möcüzə də olur…

«40-cı qapı» arxasında qeydlər


«Bu qədər qapı açmağa dəyərdimi?»

Filmin əvvəlində deyildiyi kimi, bizim nağıllarda «40-cı qapı» deyə bir sirr qapısı var. Nağıl qəhrəmanları səbirsiz və məsləhətə qulaq asmadıqlarından qadağan olunan 40-cı qapını açmaqdan özlərini saxlaya bilmirlər. Çox vaxt qırxıncı qapının arxasında qəzavü-qədər mələyi oturur. Bu mələk biçimli qız, igidi lirik-ritorik xitablarla bir qədər məzəmmətləyəndən sonra sirri açır.

Elçin Musaoğlunun çəkdiyi «40-cı qapı» filmində isə 40-cı qapının arxasında qəzavü-qədərlə və reallıqla - kasıblıqla əlləşib vuruşan insanlar yaşayır. Filmin qəhrəmanı Rüstəmin qəza-qədərini tam olaraq bir kadr - bir görüntü tamamlayır. İşıq dirəyindən asılmış küçə fənərinin şüası altında atadan yetim, ürəyi dolu, kasıb bir yeniyetmə... Bəlkə bu kadr filmin demək istədiyi hər şeyi deyir.
İlk kadrlardan «dağılan» filmdə rejissor sanki parçalanmış realist kadrlardan montajla poetik bir kollaj düzəltmək istəyir: Futbol oyunu - yeniyetmə enerjisi, qəfil zəng - atanın ölümü və qəhrəman olmağa daha bir addım, atanın dəfni- təklənmiş qəhrəman...
Filmin bura qədərki hissəsini pis-yaxşı həzm edib ardını gözləyirik. Çünki atasını dəfn etmiş yeniyetmə oğlan fəlsəfi fenomen olmaq baxımından gərək maraqlı olsun. Ata proqramlaşdıran, sərhəd qoyan, həyata yol açan, qarşıdakı birisidir. Fəlsəfəyə baş vuranda ata kultu çox genişdir. Rejissor atanın ölümü ilə bağlı situasiyanı simvollaşdırır? Ata ölüb - Evin tavanı damır. Əslinə qalsa evin damı çoxdan köhnəlib, dammağa başlayıb, yəni ata Rusiyaya gedəli bir az ölməyə başlayıb. Hər nə isə, atanı bıçaqlayırlar və poetik desək, atanın ölümü başa çatır.
Atasının dəfnindən sonra yeniyetmə Rüstəmin qarşısında kəhkəşan kimi böyük, qorxulu, azad və mürəkkəb bir həyat açılır. Təsir gücü çox olsaydı, bunu Rüstəmin atasının cəsədini qoymaq üçün qəbrə düşəndə qəbrin içindən yuxarı - adamlara, səmaya, işıqlı dünyaya baxdığı kadrda duymaq olardı. Hərçənd, bu kadr deyiləni vurğulayacaq qədər təsirli olmadı. Və elə filmin qəhrəmanı Rüstəmin əhvalatı bu fəlsəfilikdən uzaq bir istiqamətdə reallıq qazanmağa, sosial cizgilərlə məhəlliliyədək konkretləşməyə başladı. Rüstəm atasından qalan xalçanı satmamaq və anasını dolandırmaq, arzularını gerçəkləşdirmək uğrunda Bakı kimi böyük şəhərlə - 39 -qapıyla əlləşib vuruşmalıdır. «40-cı qapı» da bu mübarizənin gözünə mütləq filmlərimizin əvəzsiz ədavası olan pafos qatılır. O pafos ki, sözügedən realizmi də korlaya bilir.
Filmin diqqətçəkən maraqlı bir tipajı, əslində qəhrəmanı Edikdir. Edik filmdəki üç qütbdən biridir. Rüstəm, amansız həyat və Edik qütbləri əks yox, paralel qütblərdir. Edik hind filmlərindən şöhrət qazanan koloritli məhəllə cüvəllağısı tipajıdır. O, şəhərdə oğurluqla məşğul olur və xırda, kasıb, bayağı romantiklərə məxsus bir qiyafədə (ağ kostyum, qara, parıltılı və uzunburun ayaqqabı) gəzir, imkan tapan kimi öz həyat fəlsəfəsini püskürür. Onun yaşam modeli adidir. Edik qapaqap reallığında ən xırda və xırda olduğu qədər ədalətli oğrudur. Oğrudan oğruya halaldırsa, böyük oğrulardan kiçik oğrulara ana südü kimi halaldır. Sosial ədalətsizlik xətti Rüstəmin əhvalatında seçim xəttinə çevrilir, amma əhəmiyyətli nəyisə silə bilmir. Sonda Rüstəm həbsə düşən Edikin kor, şikəst qardaşını evlərinə gətirir. Azərbaycan filmlərinin, ümumiyyətlə, Azərbaycan monoqrafiyalarının xarakterik əsas stereotipi bu filmi də öz ağuşuna alır: qəhrəman ideal biri kimi (xeyirxah, düzgünlüksevər, ədalətli, cəsur) təqdim olunur.
Rüstəmdə mütləq azəri ailəsi üçün xarakterik olan daha bir məqam evin kişisi simvolu, ailə başçısı missiyası kimi amplua müəyyənləşir. Bu missiyanın təsdiqi üçün ilk faktor iqtisadi faktordur. Rüstəm maşın yumaqla evə qazanc gətirir. Bu məqamdan sonra Elxan Qasımovun çəkdiyi «Biz qayıdacağıq» filminin qəhrəmanı, şəksiz-şübhəsiz Rüstəmin əkiz tayı kimi yada düşür. Filmləri müqayisə etmək fikrindən uzağam. «40-cı qapı»da «Biz qayıdacağıq» filmindən fərqli olaraq, bir çox məqamlarda poetizm pafosu üstələyə bilir. Məsələn, Rüstəm kor, şikəst uşağı evə aparanda səslənən musiqi onun daxili vəziyyətini - sevincini, enerjisini əla ifadə edir, küçə fənərinin yanıb sönən işığı qəhrəmanın yeniyetmələrə xas olan həssas, amorf, tez yaşanıb unudulacaq halını, qeyri-müəyyən gələcəyini fləş işığı kimi işıqlandırır.
Ən son kadrda isə yorulmuş, tək qalmış Rüstəm işıq dirəyinə söykənib ağlayır. Bu zaman körpüdə yol boyu düzülmüş və yalnız biri ala-babat yanan (sönən) küçə fənərlərinin hamısı birdən yanır və qaranlıqda qalmış qəhrəman üçün işıqlı bir yol açılır - saxta ümid və pafos. Bu finalla əhvalat şəxsiləşmir, tale stixiyası qazanmır, əksinə, küçə fənərlərinin birdən yanmasıyla plakatlaşır, saxtalaşır...
Nə etmək olar, filmin finalı onun pafosuna uyğun və layiqdir. Hansısa bir siyasətə, layihəyə şablonlaşmış parol ola biləcək bir ifadə kimi: «Uşaqlar bizim gələcəyimizdir».

«Günaydın, mələyim» (Azərbaycansayağı kinopritça)

Günaydın, mələyim» Oqtay Mirqasımovun yenicə təqdim olunan filmidir ki, ssenarisini də rejissor özü yazıb.
Adı uğurla seçilib: «Günaydın, mələyim». Əvvəla, müraciət-ifadə kimi xüsusi cazibəsi var, sonrasına qalanda isə bu ad psixoloji drama janrında olan filmin poetikasını, stixiyasını əvvəlcədən nişan verir.
İdeya mövzu sadə və hər kəsə yaxındır - «taleyin amansız zərbələrinə» yıxılmamaq, mühitin sərt laqeydliyinə qarşı dözümlü olmaq və bütün bunları sözügedən müraciət ifadənin enerjisinə, gücünə etmək. Və yaxud da bütün çətinliklərə qarşı bəlli bir həyat nəzəriyyəsini (filmdə bunu «müvazinət sirri» adlandırırlar) fələklə mübarizədə tətbiq etmək.
Filmin qəhrəmanı qadındır. Peşəsi aktrisadır. Ərini cəbhədə itirən Mədinə (Ayan Mirqasım) körpə oğlu ilə yaşayır. Bu itkinin ağırlığına yaşadığı həyatın bütün çətinlikləri də qarışıb. O, var gücüylə mübarizə aparır, mübarizənin obyektləri bəlli olsa da predmet dumanlı görünür. Qəhrəmanın yaşamının bütün sahələrində problemlər boğazdandır. Övladına atasının familiyasını ala bilmir, çünki, əri cəbhəyə tələsdiyindən hüquqi nigahlar bağlamağa vaxt tapmayıblar; evində rahat yaşaya bilmir, çünki qonşusunun onun evinə gözü düşüb, teatrda incidilir, çünki, istedadlı və sadəlövhdür, köməyi yoxdur, qardaşı da bədbəxt əyyaşdır. Ümumiyyətlə, onunku gətirmir, çünki o, yaxşıdır.
Qəhrəmanın apardığı həyat mübarizəsinin predmeti, nəyin naminə olmağı dumanlı görünsə belə (yəqin ki, bu keçmiş xatirələr və ümid ediləcək gələcək xoşbəxtlikdir), bu mübarizənin nəzəriyyəsi aydındır, hərçənd ki, onu filmin müəllifləri mümkün qədər qəlizləşdiriblər.
Filmin mətni
-qəlizdir və qüsurludur. Bu, ilk titrlərdən görünür. Müəllif filmi qəhrəmanın timsalında «müvazinətin sirrini açanlara» həsr edib. Xub, müəllif sözü kimi bu ithaf keçərlidir, lakin filmin adi qəhrəmanları da «müvazinət sirri», «vüsal həsrəti» kimi poetik-lirik ifadələr işlədir, «pərvərdigara!» kimi köhnəlmiş və işlənməyən müraciətlərlə, Bəsti Cəfərovanın qəhrəmanının teatr barədə pafoslu nitqləri ilə filmin həyati reallığını tapdayırlar. Üstəlik cümlələr pis və mürəkkəb qurulub, səlis deyil, çünki, ruscadan pis tərcümə olunub.
Bütün yaxşılıqlara ölüm
Filmin ideya-problematikasında gözlə görünən, filmin bütün ruhunu, stixiyasını öldürən bir qüsur da var. Müəllif qəhrəmanı mərhumiyyət və problemlərlə həddən artıq yükləyib və qəhrəmanın həyat çabalarında xoşbəxtliyə, ruhi rahatlığa düşünüşlü, məqsədyönlü can atmaqdan çox, «mənim yaxşılığımın əvəzi verilməlidir» kimi bir iddia var. Halbuki, bu məqam filmin ali ideya xətti olan «müvazinət sirri» nəzəriyyəsinə ziddir. Qəhrəmanlardan biri olan məscid bağbanı (Abbas Qəhrəmanov) da məhz bu cür demişdi: «O kəs səadət tapar ki, o yaxşılıqlarının müqabilində mükafat ummur».
Qəhrəmansa umur və bu aşkar görünür. Ziddiyyyət yalnız burada deyil, həm də ondadır ki, bu sözləri deyən bağban özü qeyd edir ki, dünyada hər şeyin əvəzi çıxılır. Yaxşılıqların (yəqin o, xoşbəxtliyin demək istəyib) da, pisliklərin də altını çəkəcəksən. və elə belə də görünür. Sonda filmin qəhrəmanı Mədinəyə yaxşı olduğu üçün, çəkdiyi mərhumiyyətlərə görə mükafat verilir - sevgi və ssenari. Halbuki, bu düşüncə kütləvi və mənasız bir məntiqin məhsuludur.
Hərçənd bu filmin ən böyük uğuru məhz «Günaydın, mələyim» müraciəti ilə başlanan sevgi məktubunun stixiyasında, «müvazinət sirri» nəzəriyyəsinin ideyasındadır. Müəlliflərsə situasiyanı dəqiqləşdirən və adiləşdirən, bununla filmi yükləyib əldən salan epizodlarla filmi uzadırlar.
Filmin musiqisi
-tək kəlmə ilə gözəldir. «Günaydın, mələyim»in poetik stixiyasını qoruyan vasitələrdən biri, bəlkə də yeganəsi musiqidir (Elmar Fel). Qəhrəmanın daxili vəziyyətini, hisslərini, ruhhalını ifadə etməkdən əlavə, filmin ruhunu kölgə kimi təsvirlərin üstündən əskilməyə qoymayan məqamdır. Təsvirlərə gəlincə isə, əlbəttə ki, əla kadrlar var. Amma sanki, kamera əhvalata, hadisələrə səthi yanaşır. Sanki, bu, dəxli olmayan bir adamın əhvalatın içinə düşüb əl-ayağa dolaşarcasına onu izləməsidir. Kamera ilə görüntü arasında bir darlıq, məkan darlığı duyulur. Xüsusən bunu teatrda məşq səhnəsində, qəhrəmanın otağında görmək olar.
Pafos qalib gəlir?
Filmə məşhur aktyorlar çəkilib. Hətta ən epizodik rolu belə peşəkar teatr aktyorları oynayır -Bəsti Cəfərovadan, Telman Adıgözəlovdan, Fuad Poladovdan tutmuş, bir iki kadrda görünən Şamil Süleymanoıva, Yaqut Paşazadəyədək. Filmə çəkilən əksər teatr aktyorlarının pafosu filmin əsas qütbünə - müvazinət sirrini kəşf etmiş Mədinəyə zidd olmalı, onu qabartmalı ikən ona təsir edir və qəhrəman bu pafosda özünü itirir (?!) Ayan Mirqasım «Özgə vaxt» filmində göstərə bildiyi tamam, bütöv qəhrəman yaratmaq qabiliyyətini Mədinəyə həddən artıq yüklənmiş mərhumiyyətlərin, bunun müqabilində göstərməli olduğu universallığın içində itirir. Əvəzində isə bütün məharətlərini nümayiş etdirir: ispan rəqsi, rus xalq rəqsi, bal rəqsi və s. Əlbəttə, filmin qəhrəmanı aktrisa olduğu üçün bunlar birbaşa onun peşəsidir demək olar. Amma bu epizodları filmin ideya-süjetinə xələl gətirmədən kəsmək də olar.
Filmin nümayişindən sonra rejissor müsahibəsində qəhrəmanın ilk olaraq müəllimə kimi göstərildiyini, sonra isə daha cazibədar sənət olduğu üçün aktrisaya dəyişdirildiyini söylədi. Maraqlı faktdır.
«Günaydın, mələyim» məktub kimi səmimi, intim və şəxsidir. məktub kimi də gözlənilən oldu. Bunu korlayan hər şey haqqında 5300 işarə yetərlidir, zənn edirəm.

«Şərq-Qərb» festivalından xırda-para qeydlər

«Şərq-Qərb» kinofestivalı paytaxtın son illərdə canlanan kino həyatında sıradan bir hadisə olsaydı, bu barədə adi bir informasiya - rəy yazılmış olardı və bununla da məsələ bitərdi. Bu hər il keçirilən festivalı sıradan bir hadisə olmağa qoymayan məqamlar yalnız məşhur Zanussinin kino sevərlərlə görüşü, Azərbaycan kinoteatrını hər seansda daşdıran «qonaq» filmlər deyildi, həm də çoxdan gözlədiyimiz, sıradan olmayan Azərbaycan filmi idi - «Hökmdarın taleyi». Ən dadlı tikəni axıra saxlayan cocuqlar sayağı «Hökmdarın taleyi»ni də sona saxlayaq. Festivalın nəticələrindən, daha doğrusu, festivalın qaliblərindən asılı olmayaraq, builki «Şərq-Qərb»in yaddaqalan məqamlarını - filmlərini xatırlatmaqla onun təəssüratlarını aydınlatmaq olur. Bu təəssüratların ən pisi Balabanovun filmi oldu: «200-cü yük». Çoxları bu qəddar filmin yaşatdığı şoku filmin uğuru hesab etdilər. Amma məsələ yalnızca peşəkarldıq məsələsi deyil. Əgər bu şokdan sonra tamaşaçı nəsə başqa bir hiss (mərhəmət, şəfqət və s.) keçirsəydi, başqa məsələ. Amma Balabanovun «200-cü yük»ü tamaşaçıya psixoloji travmadan başqa heç nə vermədi. Rejissor guya bütün qəddarlıqları sovet rejiminin murdarlıqları ilə əlaqələndirib bu fonda təsvir edir: hadisələr 1984-cü ildə cərəyan edir. Adi bir milis kapitanı Sov. İKP-nin baş katibinin qızını oğurlayıb başına min cür oyun açır, zorladır, ölülərin və milçəklərin arasında saxlayır, istədiyi adamı istədiyi vaxt qanun adına qətlə yetirir, bunun qabağını adi bir qadın alır- tüfənglə bu milisi öldürərək. Film içində rejissor Leninsk şəhərindəki zavodların tüstüləri, elmi ateizm və xristinalıq barədə söhbətlər, Əfqanıstana göndərilən diri əsgərlər və geri gətirilən ölüləri təsvir etməklə murdar sovet cəmiyyətini ifşa edərək göstərir. Hərçənd sistem dağıldısa da, biz yenə həmin adamlarıq. Nüfuzuna-filana görə şahid durmaq istəməyən professor da, vəzifəsini personal üstünlüyü sayan milislər də keçmişdə qalmayıb. Demək, məntiq heç. Elə bu məntiqlə də tamaşaçıda yaşanan şok «effkektiv» olmur.
Rejissor Ancey Yakimovskinin «Tryuk» filmi uşaqların təxəyyül «xəstəlik»ləri barədə pritçadır. Atasız böyüyən yeniyetmə bacı və kiçik qardaş münasibətlərində uşaqların sevib bəyəndiyi, əla bir inam var. Balaca qardaş bacısını mahir tryuk ustası hesab edir. Ona görə yox ki, bacısı doğrudan tryuk ustasıdır, sadəcə ona görə ki, o, əlamətlərə inanır: əgər müştərisi olmayan almasatandan onlar alma alsalar, ayaqları düşərli olacaq (və belə də olur), əgər balaca əsgər kuklalar qatarı saxlaya bilsələr, atasının evəqayıtma şansı yarana bilər (yenə də belə olur) və s. Film inanılmaz bir qüvvə olan güclü uşaq inamı barədədir. Bu uşaq inamı böyüklərin ümidsizliyi və yeknəsəkliyi ilə paraleldir. Elə bu uşaq inamı ilə də film gənc tənqidçilərin «Sadə hisslərin gözəl təsvirinə görə» festivalın xüsusi mükafatını aldı.
Qovoruxinin «Artistka» filmi də bu ümidsizliyin əleyhinədir. Aktrisanın uğursuzluqları onu depressiyaya salacaq, amma bizim mahnıların birində deyildiyi kimi, «bütün işləri sevgi düzəldir». Film ümidsizlik üzərində sevginin qələbəsi ilə bitir.
Rejissor Ernest Abdjaparovun «İşıqlı sərinlik» filmi məsələləri, hadisələri olduğundan da bir az sadə verməklə tamaşaçıya bir «yalan» satır. Sevdiyinə qoşulub kəndə, onların ailəsinə qonaq gələn qız xəyanətlə toqquşur, bu «travma» ilə də təsadüfən qaçırdılır. Təsadüfi evliliksə ona inanılmaz xoşbəxtlik gətirir. Bu filmin qəhrəmanı Asema Toktobekova «ən yaxşı qadın obrazına görə» mükafatlandırıldı.
Zvyaqintsevin «Sürgün» filmi mükafat almasa da, Tarkovskini xatırlatmaqla, əla kadrlarla, yaxşı başlayıb mənasız bitən bir ailə əhvalatı ilə yadda qaldı. Qəhrəmanların ailə münasibətlərindəki böhranı qadının özünü qurban verməsi ilə pik həddinə çatır. Əgər əksər tamaşaçılar da bu qurbanverməni əsassız hesab edirsə, demək, ya əhvalat qondarmadır, ya bəzi məqamlar çox şişirdilib, ya da film müəllifləri bəzi məqamların üstündən keçib. Elə mükafatlandırma mərasimində də bu filmin üstündən sükutla keçdilər.
Yuris Poşkusun «Monotonluq» filmi, həmkarlarımın fikrincə, elə monoton olaraq qaldı. Film insan münasibətlərinin ürəksıxan monotonluğu ilə bəzi tamaşaçıların da ürəyini sıxdı.
Rejissor Ramiz Fətəliyev ürəksıxan yox, ürəkdağlayan talenin yiyəsi kimi Qarabağ xanı İbrahim xanı təqdim etdi. «Hökmdarın taleyi» filmi İbrahim xanın tale stixiyasını ən adi vasitələrlə tutmağı bacardı. Məsələn, musiqi ilə (muğamla - bu muğam çıxılmazlığı, qətiyyəti və ümidsizliyi necə gözəl ifadə edirmiş, sən demə), təsvirlə (Şuşa nisgili), ifadəylə (F.Manafovun ağırtaxta və fikirli İbrahim xanı)…
Səməd Vurğunun «Vaqif» dramında aşağıladığı İbrahim xan filmin təqdim etdiyi tale stixiyasında çarəsiz, ləyaqətli və müdrik birisidir. Bu ləyaqət və müdriklik taleyinin qara mələyi kimi daim ona zərbələr endirir. Qızı Ağabəyim ağa İran şahında dustaq qalır, özü də öz vətənində dustaq kimi yaşayır. Bu dustaq və hökmdar taleyinin filmi İbrahim xanın nəsil şəcərəsi barədə məlumatla tamamlanır. Ağabəyim ağanın sözlərinə bəstələnən musiqi isə bittməyən və sonsuzadək səslənən kimi ürəyimizi sıxır:
Mən aşiqəm, Qarabağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ…
Qeyd: Bu filmdə çıxılmazda qalan İbrahim xan obrazını yaratmış Fəxrəddin Manafov «Ən yaxşı kişi rolu» nominasiyasında festivalın qaliblərindən oldu. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

Kinematoqrafçıların problem həll etməyi

Kinematoqrafçılarımız kinomuzun problemlərini həll etmək üçün bir neçə il bundan öncə uzun-uzadı təkliflər verirdi. Bu təkliflərin 99 faizi olsa-olsa ara söhbətlərinə bənzəyirdi. Rəsmi təkliflər isə, nədənsə gözə dəymirdi. Problemlər isə üst-üstə yığılırdı.
İndi isə filmlərin təqdimatından sonra tanınmış kino işçiləri çaşqın halda bir-birilərinə baxırlar, görəsən, fikrimi buna bildirsəm, gedib rejissora çatdırmayacaq? Birinin cəsarətindən sonra digəri «Bu nə filmdir?» - deyə pıçıldayır. Təxminən buna oxşar söhbətlər müxtəlif peşəkarlar arasında tez-tez olur. Amma sabahısı gün elə həmin məşhur rejissor, ssenarist və ya operator jurnalistlərin suallarını cavablandırarkən filmi ağızdolusu tərifləyir. Bu da milli kinematoqrafiyamızın daha bir «uğuru».
Azərbaycan kinematoqrafçılarının kinomuzu inkişaf etdirmək üçün atdığı addımları qiymətləndirmək çətindir. Nəzərə alaq ki, kinomuzun getdikcə irəlilədiyi bir dönəmdə bu inkişafı Mədəniyyət və Turizm Nazirliyindən kənarda axtarmaq çətindir. Kinomuzdakı müsbət dönüş yalnız Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi sayəsində yaranmışdır. Şəxsən mən bu günə kimi, bir dəfə də olsun görmədim ki, tanınmış kinematoqrafçılarımız ciddi şəkildə kütləvi informasiya vasitələrinin iştirakı ilə bu problemlərin həlli üçün hansısa təkliflər hazırlayıb irəli sürsün. Amma filmlərin istehsalına gələndə, aralarındakı çəkişmə həmin KİV-də müntəzəm işıqlandırılır. Əcəba, onlar danışmasa həmin fikirlər KİV-də necə əks oluna bilər? Deməli, maraq başqadır.
Hazırda ölkəmizdə yetərincə tammetrajlı film istehsal olunur. Və bu filmlərin sayı hər il artır. Sözsüz ki, onların hamısı yüksək səviyyədə alınmır. Amma hansısa rejissor və ya ssenaristə bu haqda sual ünvanlananda tərifdən başqa bir söz deməyə çətinlik çəkir. Budurmu kinomuzun inkişafı? Budurmu kinomuzu inkişafa aparan yol?
Yeri gəlmişkən, təcrübəmdə gördüyüm bir məlumatı qeyd edim ki, bizim kino sahəsində çalışan möhtərəm şəxslərin ən qorxduğu nəsnə məhz TƏNQİDDİR. Onların buna immuniteti çatmır.

Kinomuzun tənqid immuniteti çatışmır

Tərif çox gözəl şeydir. Bunu əziyyət çəkənlər də bildirir, çəkməyənlər də. Gəlin, bu tərifin istiqamətini bizim kinematoqrafiyaya yönəldək. Deyək ki, Azərbaycanda istehsal olunan filmlərin hamısı bir-birindən gözəldir. İnsan istəmir ki, bu filmlərin birini də nəzərdən qaçırsın. Məncə, kinoteatrlarımız normal işləsəydi, həmin filmlərə baxmaq istəyən tamaşaçıların bilet növbəsi Bayıla qədər uzanardı. Hələ bilet növbəsinə düşə bilməyənlərin xahiş-minnətlə başqalarından bilet istəmələrini gözləriniz önünə gətirin.
Vallah, sağ olsun rejissorlarımız ki, belə filmlər çəkirlər. Onlar olmasaydı, tamaşaçılarımız, görəsən, nə vəziyyətə düşərdilər? Hər gün bir filmə baxıb yatan tamaşaçımız bu filmlərin nə qədər poetik, nə qədər, emosional olduğunu anlamaqda çətinlik çəkmir. Düşünürəm ki, tamaşaçılarmız son 5 ilin filmlərini bir dəfə görəndən sonra ikinci, üçüncü dəfə bilet almağa cəhd edəcək. Təssüflənirəm ki, belədə və kinoteatrlarımız tamaşaçıların tələbatını ödəmək iqtidarında olmayacaq.
Rejissorlarımız evlərindən kənara ancaq cangüdənlərlə çıxacaqlar ki, tamaşaçıların onlara toxunmaq istəyi faciə ilə başa çatmasın.

“ƏSL AZƏRBAYCANLI OBRAZINDAN MƏHRUM AZƏRBAYCAN KİNOSU”

Hollivuddan "baxanlar" isə bizi kimliyi müəmmalı, əməli, məqsədi qaranlıq insan yığını kimi "görür" və göstərirlər.
Azərbaycan kinosunun yaranma tarixi 1898-ci ildən hesablanır. İndi milli kinomuz dünya kinosundan cəmi üç yaş kiçikdir, demək olar ki, onunla yaşıddır. Təxminən bir əsrə yaxın bu müddət ərzində Azərbaycan kinematoqrafiyasının qazandıqları çox olub - milli rejissorlar, aktyorlar, operatorlar yaranıb, maraqlı filmlər çəkilib. Amma... Acı bir həqiqəti dana bilmərik ki, Azərbaycan kinosunun üzərində, loru desək, "Biləcəridən o tərəfə keçmir" kimi xoşagəlməz bir möhür var. Yəqin çoxlarınız dəfələrlə belə bir iddianı eşitmisiniz ki, başqa millətlərin - gürcülərin, rusların, italyanların filmlərinə baxanda bir neçə epizoddan, bəzənsə elə ilk kadrdan bu filmin hansı xalqa mənsubluğunu müəyyən eləmək mümkündür. Ancaq bütün dünyada kinomanlar onlara eyni maraqla baxırlar, hamı özü haqqında nə isə tapır bu filmlərdə. Təkcə Azərbaycan kinematoqrafiyası bu keyfiyyətdən məhrumdur desək, yanılmarıq. Hətta əbədi düşmənimiz və qonşumuz ermənilərin də dünya kinosunda imzaları var, gün-gündən də oraya yeniləri əlavə olunur.
Kinematoqrafiyanı sevən və Azərbaycan kinosunun müvəffəqiyyətlərini intizarla gözləyən kinomanlar, eləcə də, bütün ömrünü milli kinomuzun inkişafına həsr eləmiş kino işçiləri bəlkə də məni nanəciblikdə təqsirləndirəcəklər. Sonra da rejissor Vaqif Mustafayevin Oberhauzendə, Sankt-Peterburqda müxtəlif mükafatlar alan Hər Şey Yaxşılığa Doğru, Ayaz Salayevin bir neçə festivalda iştirak edən Yarasa filmini, ən əsası isə bu gün dünyanın müxtəlif ölkələrində keçirilən kinotədbirlərdən sorağı gələn Arşın Mal Alan (1945), O Olmasın, Bu Olsun filmlərini nümunə göstərəcəklər və haqlı da olacaqlar, əgər kiçik bir nüansı nəzərdən qaçırmasalar.
Vaqif Mustafayevin Hər Şey Yaxşılığa Doğru filminin qazandığı mükafatlara diqqət yetirin: Oberhauzendə - Katolik Kilsə Assosiasiyasının mükafatı; Şərəf və ləyaqətə görə "Don Kixot" mükafatı; Böyük münsiflər heyətinin mükafatı; Şpingel adına "Sülh və Yumor" mükafatı. Sankt-Peterburqda - yaradıcılıq qələbəsi və vətəndaş müdrikliyinə görə mükafat.
Arşın Mal Alan və O Olmasın, Bu Olsun filmlərinin də mühüm dəyəri var. Bu filmlər dahi bəstəkarımız Üzeyir Hacıbəyovun operettaları əsasında çəkilib, onlarda Azərbaycan səhnəsinin unikal aktyorları iştirak ediblər. Ancaq bütün bu xüsusiyyətlər yalnız bir azərbaycanlı üçün əhəmiyyətlidir. Qərblilər isə bu filmlərə ekzotika tapmaq üçün baxırlar. Çünki bir qərbli üçün Şərq ilk növbədə "Min Bir Gecə" nağıllarıdır, müəmmadır. Qərb Şərq haqqında düşünəndə ağlına ancaq sirli, əsrarəngiz bir məkan gətirir. Müasir Şərqin öz sələfinə artıq çoxdan bənzəmədiyini qəbul etmək istəmir. Bu fikir onu hətta qorxudur. Qərbin Şərq haqqındakı fantaziyalarının altını-üstünə yalnız Çin, Yaponiya, Koreya kinematoqrafçıları kimi çevirmək mümkündür: zorla, qəddarcasına və gözəl.
Təxminən, 1993-94-cü illərdə ekranlarda Hollivud istehsalı olan Şirlər Pusquda filmi çıxdı. Film Qarabağ müharibəsi haqqında idi. Tənha qəhrəman (sözsüz ki, amerikalı) öz müqəddəratını özü həll edə bilməyən xalqı xilas eləməyə gəlir. Bu filmdə Azərbaycanın bütün bədbəxtliklərinin mənbəyi kimi İran göstərilir (Daha doğrusu, Qarabağın. Çünki Qarabağın Azərbaycanın bir hissəsi olduğu ötəri qeyd edilir). Hətta qəhrəmanın yardım göstərməyə gəldiyi liderin adının Səttarxan olması da əsas düşmənimizi İranda axtarmaq lazım gəldiyinə işarədir. Erməni isə, demək olar ki, yada düşmür.
Ancaq bu filmdə təbliğ edilən siyasəti bir tərəfə qoyaq. Şirlər Pusquda filmində təsvir edilmiş azərbaycanlı obrazı haqqında danışaq. Bu filmdə azərbaycanlılar türk yazıçısı Rəşad Nuri Güntəkinin "Çalı Quşu" romanındakı Anadolu kəndlisini - Zeyniləri xatırladır. Kəndin başbiləni də nədənsə imamdır. Savadsız, cahil kütlə qaragüruhçu imamın sözü ilə oturub-durur. Ümumiyyətlə, Şirlər Pusquda filmi əvvəldən sona qədər Qarabağ hadisələri haqqında böyük bir təhrif idi və Azərbaycanda nə səlahiyyətli nazirliklər, nə də ziyalılarımız bu filmə tutarlı münasibət bildirməyə cəhd göstərmədilər. Əvəzində, bir neçə gün ərzində AzTV, demək olar ki, bayram elədi, Şirlər Pusquda filmi haqqında xəbəri böyük hadisə kimi çatdırdı. Amma indi bu da vacib deyil. Vacib odur ki, 90-cı illərin əvvəllərində ölkəmizin dünyaya inteqrasiyası başlayanda dünya Azərbaycanı və azərbaycanlını adıçəkilən filmdə təsvir edildiyi kimi görürdü, ya da görmək istəyirdi.
İndi isə artıq XXI əsrdir. Dünya Azərbaycanı əvvəlkinə nisbətən daha çox tanıyır və hər gün Azərbaycanla, onun mədəniyyəti və incəsənətilə tanışlığı bir qədər də artır. Azərbaycan kinofilmləri məşhur və qeyri-məşhur festivallarda iştirak edirlər. Bu filmlərin rejissorları isə tənqidəbənzər nə isə eşidən kimi festivalların adlarını sadalamağa başlayırlar. Belə çıxır ki, Qərbin Azərbaycanı görmə bucağının dərəcəsi, heç olmasa, bir azca dəyişməli idi. Bəs, bu, baş verdimi? 1997-98-ci illərdə supercasus Ceyms Bond haqqında Bir Dünya Da Azdır filmi çəkildi. Yadınızdadırsa, filmin yaradıcı heyəti və baş rolun ifaçısı Pirs Brosnan neft buruqlarını görmək üçün Bakıya gəldilər, bəzi epizodlar da burada lentə alındı. Həmin filmdə də azərbaycanlılar var. Daha dəqiq desək, "azərbaycanlı" adlandırılan kütlə var. Və həmin kütlə Şirlər Pusquda filmində təsvir olunan "soydaşları"ndan təkcə onunla fərqlənir ki, bu dəfə onların başbiləni... keşişdir.
Ya da rejissor Con Maktirnanın Rollerbol (2001-ci il) futurist filmini götürək. Rollerbol filmində hadisələr fantastik gələcəkdə baş verir. Rejissor hadisələrin baş verdiyi məkan kimi keçmiş sovet respublikalarının paytaxtlarını, o cümlədən Bakını seçib. Filmdə Bakı - Azərbaycan yenə də rusların hakimiyyəti altındadır, azərbaycanlılar isə yenə də yuxarıda adları çəkilən iki filmdə olduqları kimidirlər.
Qəribədir ki, Rollerbol filminin rejissoru C.Maktirnan əslində Azərbaycan haqqında istədiyindən çox bilir. Onun sonuncu İbtidai Hazırlıq filmində bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsərindən parça da səslənir. Amma o, Rollerbolu məhz təqdim etdiyimiz kimi çəkib.
Hər üç film müxtəlif dövrlərdə lentə alınıb. Bu filmlərdə dəyişməyən yalnız azərbaycanlıların obrazıdır. Sanki Qərb bizi elə belə də görmək istəyir. Bunda isə Qərbdən daha çox, biz - azərbaycanlılar günahkarıq. Bəlkə də bizim belə çox əlləşib-vuruşmağımıza, cəhdlərimizə baxmayaraq, günəşin altındakı yerimizi təsdiq edə, dünyaya özümüzü layiqli şəkildə tanıda bilməməyimizin səbəbi əslində bir millət olaraq mahiyyətimizi dərk etməməyimizdir. Biz hələ özümüz özümüzü tanımırıq. Elə bil ki, 200 illik əsarət, repressiyalar bizim ruhumuzu öldürüb, ən yaxşı halda, yarımcan eləyib. Bu gün Azərbaycanda ən çox eşitdiyimiz ifadələrdən biri, ola bilsin ki, ən birincisi, "milli mentalitet"dir. Biz elə hey milli mentalitetimizə nəyin uyğun olub-olmadığını müəyyənləşdirməyə çalışırıq. Bu ifadə o qədər çeynənilir ki, kiminsə nitqində "milli mentalitet" birləşməsini eşitməyinə bəndsən, artıq müsahibə, onun danışdıqlarına, fikirlərinə qarşı maraq itir.
Kimin nədən xoşu gəlmirsə, o dəqiqə "bu bizim mentalitetimizə yaddır" - deyir və heç kim də bilmir ki, "mentalitet" sözünün əsl mənası nədir, ən əsası isə bir azərbaycanlının milli mentalitetinə hansı cəhətlər aiddir.
Azərbaycan kinosunda orijinal ideya yox səviyyəsindədir. Uzun illər boyu Azərbaycan kinematoqrafiyası ədəbiyyatın hakimiyyəti altında olub, çox vaxt, sadəcə, onun ekran variantı kimi çıxış edib və ən pisi də odur ki, indiyə qədər bu asılılıqdan qurtula bilməyib. Bəzən isə asan yollar axtarılıb. Məsələn, filmlərdə musiqidən və mahnılardan geninə-boluna istifadə etmək ənənəsi Azərbaycan kinosuna rus filmlərindən yox, hind və ərəb filmlərindən keçib. 50-ci illərin əvvəllərində Bakıda keçirilən hind və ərəb kino günləri zamanı tamaşaçıların kinoteatrlara olan axınını görən rejissorlar öz filmlərinə bu elementləri daxil etməyə başlayıblar. Yalnız komik filmlərdə deyil, Qızmar Günəş Altında, Onu Bağışlamaq Olarmı?, Kölgələr Sürünür kimi filmlərdə də ən gərgin, dramatik anlarda qəhrəman mahnı oxuyur.
Rejissorlar sonrakı illərdə filmlərində musiqinin "müstəqilliyinə" son qoymağa, təsvir və musiqinin harmoniyasını əldə etməyə çox çalışsalar da, buna nail ola bilməyiblər. Qızıl Qaz, Gümüşü Furqon, Babamızın Babasının Babası və s. filmlərdə, mahnıların yerində, doldurula bilməyən pauzalar, boşluqlar yaranıb.
Azərbaycan kinematoqrafiyasında, xüsusən də sənədli filmlərdə sözçülük baş alıb gedir. Şair və yazıçılarımız o qədər "dəniz kimi mavi gözlərdən", "ay kimi üzlərdən", "polad biləklərdən" yazıblar ki, biz hələ də şüurumuzun dərin qatlarına işləmiş bu təsvirlərdən can qurtara, özümüzdə kinematoqrafik baxış formalaşdıra, onu inkişaf etdirə bilmirik.
Ekranlarımızda, adətən heç nə baş vermir, tamaşaçı yalnız diktorun kadrarxası səsini eşidir, təsvir səsi yox, səs-söz təsviri ifadə edir.
Son vaxtlar Azərbaycanda avanqard, sürrealist filmlər çəkilməyə başlayıb. Halbuki dünya kinematoqrafiyası bu mərhələni XX əsrin əvvəllərində keçib. Yaşlı rejissorlar illərlə üzərində işlədikləri eyni bir mövzunu "çürütməsələr", əl çəkmirlər. Bu rejissorların hər yeni filmi əvvəlkindən keyfiyyətsiz olur, onlarsa bu filmləri öz yaradıcılıqlarının zirvəsi hesab edirlər, hər il dövlət büdcəsindən kino istehsalı üçün ayrılan xeyli maliyyə vəsaiti hesabına köhnə filmlər çəkirlər. Gənc rejissorların isə hərəsi hesabına bir qısametrajlı film yazdıqdan sonra "Fellini sindromu"na tutulurlar, özlərini tanınmayan dahi hesab edirlər. Odur ki, Azərbaycan kinosu qapalı dairə içində fırlanmaqdadır. Bu gedişlə kinomuzun "Biləcəridən o tərəfə keçməyinə" isə hələ çox var.

Kinoda azad İran

Son illərdə artıq 3-cü dəfə keçirilən növbəti İran filmləri festivalına yekun vuruldu. 5 gün ərzində kinosevərlər əvvəldən elan edilən 5 filmə deyil, 6 filmə tamaşa etdilər. Azərbaycan kinoteatrının kiçik zalında nümayiş olunan bütün filmlərin anşlaqla keçməyi İran kinosuna dərin məhəbbətin və bu hissdən heç də geri qalmayan dünya festivallarında sözün yaxşı mənasında “at oynadan” iran dramaturgiyasına olan böyük maraqdan xəbər verirdi. Elə bu maraq da məni festivalın tamaşaçısına çevirdi.
“Asiman uşaqları”
Festivala elə bu filmlə start vermək onun digər günlərinə tamaşaçı bumunu təşkil etməyə kifayət etdi. İran kinosevərlərinə filmin rejissoru Məcid Məcidi yaxşı tanışdır. Çox uzağa getməyib deyək ki, sonuncu “Şərq Qərb” festivalında diqqət çəkən “Məcnun söyüd” filmi iran kinorejissorunun maraqlı ekran əsərlərindən biri idi. Mütəxəssislərin fikrincə, Məcid Məcidi iran kinorejissorlarının xaricdə yeni simasıdır. Qubadi, Kiorastami, Mahmalbaf və ardından Məcid Məcidi. Niyə? Məncə, sonuncu faktı xatırlatmaq kifayət edər. Rejissorun “Sərçələrin mahnısı” adlanan yeni filmi yenicə başa çatan Berlin kinofestivalında “ən yaxşı kişi aktyoru” nominasiyasında mükafata layiq görülüb. Elə rejissorun özü də festivalda iştirak etdiyindən Azərbaycana gələ bilmədi.
Qayıdaq əsas mətləbə...ölkəni bürüyən böhran bütün iran ailələrinin həyatını göy əskiyə bürüyüb. Amma bu yoxsulluğun daha çox uşaqların həyatına təsirindən bəhs edən filmdəki hadisələr bir ailənin iki uşağının- bacı-qardaşın ətrafında cərəyan edir. Və bütün baş verənlər balaca qəhrəmanların bir- birinə verdikləri sirrin nə vaxtsa üzə çıxmağına xidmət edir.
Əgər sən sabah bacının məktəbə geyəcəyi bir cüt, təmirdən təzə çıxmış ayaqqabılarını itirirsənsə və bunu evdə bildirib kimisə narahat etmək istəmirsənsə, carə nədir? Öz ayaqqabılarını bacı ilə bölüşməyə məcbursan. Və əlbəttə bacı da buna razı olacaqsa...
Amma bu kiçicik uşaqlar razılaşmaya gələ bilirlər axı onları nahaq yerə asiman uşaqları adlandırmayıblar. Dərsi bitər-bitməz sürətlə kiçik dalanda yolunu həsrətlə gözləyən qardaşına ayaqqabını çatdırmaq üçün qaçan qızcığaza sonda xoş müjdə verilir. Qardaşı məktəblilər arasında uzaq məsafəyə qaçışda üçüncü olsa, ona verilən idman ayaqqabıları xoş müjdə almağa əsas verir. Ancaq və ancaq üçünçülük. Qəribə səslənmir ki? Hamı birincilik arzusunda ikən. Amma yersiz gələn birincilik quruca medal azmış kimi uşaqların son ümid yerləri olan, günlərdi bölüşdükləri ayaqqabılarında da “can” qoymur.
Kinonun poetikliyi bu balaca uşaqların çox zaman sözsüz baxışlarından da süzülürdü. Bu yerdə biz də bir söz deməyəcəyik ...sadəcə sonuncu kadrı yazı dili ilə göstərməyə çalışacayıq...mübaliğəsiz... iri planda hovuza salınan balaca qəhrəmanın şişmiş ayaqlarına kiçiçik qırmızı balıqların toplaşması...bax bu səhnə bir az öncə bacısının qanlı baxışlarına alternativ variant idi...
“Şeyda”
Rejissoru Kamal Təbrizi olan film sadə süjet və daha çox hind filmlərini andıran duyğulu anlarla yadda qaldı. İran –İraq müharibəsi zamanı sirr saxlanılan cəbhə bölgəsində sinəsindən yaralanan və gözlərindən zədə alan əsgərin yeganə dərmanı çarpayısı yanında tibb bacısı Şeydanın “Quran” oxumasıdır. Yaralarının ağrısına qışqırmayan əsgər yalnız bununla rahatlıq tapır. Di gəl ki, səsinə vurulduğu Şeydanın üzünü bircə xəyallarında təsəvvür edə bilir. Səbəb isə gözündəki zədədir. Müharibə insanları yaxınlaşdırır- belə bir fikir var. Müharibə fonunda saf məhəbbətdə əla səslənir. Və əgər arada “Quran” kimi əhd- peyman varsa... Sonu mütləq faciəyə məhkum Şərq ölkələrinə xas məhəbbət mövzulu digər filmlərdən “Şeyda”nı bu əhd- peyman xilas edir.
Gözləri açılan gündən Şeydanın axtarışlarına ara verməyən qəhrəmanın yarası dözülməz həddə çatıb onu ölümlə üz-üzə qoyanda film boyu onu qoruyan mələyi peyda olur. “Quran” ayələrinin qızın incə səs telləri ilə səslənməsi bahar çiçəyinin qoxusunu hiss etdirir. Yenidən yaşamağa və bununla ölümlə çarpışmaya dəyər.
“Soyuğun göz yaşları”
Rejissor Əzizulla Həmidnejad. Xüsusi iybilmə xüsusiyyətinə malik iran əsgərini kürdlər səylə axtarırlar. Çünki bu qoçaq qəhrəman kürdlərin iranlılar üçün basdırdıqları minaları məharətlə tapır. Əsir olma ehtimalı yüzə- yüz olan kəşfiyyatçını şaxtalı-qarlı günlər xilas edir. Özünü çoban qismində qələmə verən həqiqətdə isə kürd kəşfiyyatçısı olan və əsgəri öldürmək göstərişi alan zəif cinsin nümayəndəsinə ürəyi yanıb onu gizləndiyi mağaraya gətirməsi iranlının işlərini əngələ salır. Necə deyərlər, quyu qazılmağa başlayır. Kürd qızı əsgəri öldürməyə cəhd edir amma hər şey o qədər də asan deyil. Ən azından ona görə ki, soyuqdan donmamaq üçün bir-birilərinə nə qədər ehtiyacları olduqlarını başa düşürlər və xilas olmaq uğrunda mübarizəyə başlayırlar. ”Mən odun gətirirdim, o mənim üçün ocaq qalayırdı” yaxud “ O odun gətirirdi mən onun üçün ocaq qalayırdım”. Soyuğun ki göz yaşları damcılayırsa...ölüm demək qapını döyür.
“Heyva”
Filmin qadın qəhrəmanın adıdır. 15 il müharibəyə göndərdiyi həyat yoldaşının ölümündən nişanə tapmayan Heyva yeni həyatına başlamamışdan öncə yenə xatirələri canlandırır, yenə keşmişi çözəliyir, hərdən bu yolu seçdiyi üçün yoldaşını günahlandırır da. Xəyallar illərdir iki insanın vüsal həsrətinin zirvə nöqtəsi və həm də bunca vaxt yığılıb –qalan sözlərinin etiraf anı, canlanan xatirələr isə sonrakı həyatı puçluqdan xilas edən mərhəm bir hissdirsə, həm də rejissorun olmuşlara aydınlıq gətirməyə xidmət etdiyi detalıdır. Xəyal və xatirələr və onlar arasında zolaq kimi keçən bu gün. Bu gün isə çox acizdir.
Son olaraq...
Bu filmlərdə hər addımbaşı müharibə qoxusu hiss olunurdu. Bu filmlərlə iranlılar müharibənin törətdiyi faciələri bizlərə 5 gün ərzində nümayiş etdirdilər. Özü də ayaq üstə durmağa belə yer olmayan dolu zalı ilə. Yeri gəlmişkən, mən də bir filmi zalın qapıları arasından izləmişəm. Heç də pis təəssürat deyilmiş. Ən azından təqdim edilən həyatı iki saat ərzində izləməyə dəyərmiş. Elə isə biz niyə kino kimi nəhəng təbliğat maşınının vasitəsilə səsimizi ucaltmaqda acizik? – bu sual festival boyu məni bərk narahat etdi.

Bu meydan bu da gənclər

Bir neçə il bundan əvvəl gənclər şikayətçi görünürdülər. Axı niyə onlara etimad göstərib film çəkməyi tapşırmırlar. Niyə həvəslə, istəklə daxil olduqları ali məktəbi bitirib sonda hələ də “bacarmazlar” damğasına tuş gəlirdilər. Və bu da ona gətirirdi ki, kinoda gənclik itirməyə başlayırdı , çünki gənclər film gözləyə- gözləyə yaşlanırdılar. Yaşlandıqca da gəncliyin baxışı, gəncliyin ruhu filmlərdən yan ötürdü. Təbii, bu sözlər daha çox bədii filmlərə aiddir çünki sənədli filmlər bəlkə də gənclərin müraciət etdikləri yeganə film növü idi. Artıq 2 il sərasər Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirtdiyi layihələr gənclərə özlərini sübut etməyə imkan yaradır. Deyir bu meydan, bu da ekran.

Ekran- “Pəri qala” ilə açıldı
“Pəri qala” -qədim inanc yerlərimizdən biri kimi təsvir olunur. Film bu yer ətrafında baş verən hadisələri əks etdirir. “Nərimanfilm” kino şirkətinin istehsalı olan filmin rejissoru İlqar Safat və Mikayıl Mikayılovdur. İnanclara dərin inama köklənən, əvvəldən sona qədər eyni tərzdə, eyni biçimdə, eyni templə YUĞ estetik ənənələrinə prinsipial şəkildə əməl edən filmin ssenari müəllifi isə İradə Sayyadır. Mistika və gerçəkliyin vəhdət təşkil etdiyi filmdə rolları yeni simalar canlandırır.


“Düyün” nə düşən ovqat

“Dərviş” prodüser mərkəzinin istehsalı olan filmin rejissoru Əli İsa Cabbarov, ssenari müəllifləri Ramiz Fətəliyev və Asif Rüstəmovdur.
İşi, pulu, gözəl həyat yoldaşı, balaca, şirin oğlu – hər şey var ikən nə çatışmır. Mənəvi rahatlıq. Qəhrəman bu rahatlığı atasını dəfn etmək üçün ata yurduna qayıdanda tapır. Olub-keçənləri xatırlamaq üçün əla məqamdır. Eləcə də düyünə düşməkçün. Filmdə hadisəlik güclü deyil və filmin ssenaristlərindən biri olan Asif Rüstəmovun təbirincə desək daha çox ovqat filmidir. Qeyd edək ki, film həm də rejissor Əli İsa Cabbarovun bədii film janrında debütü ilə yadda qaldı.

“Yalançılar” a inanarlarmı?
Hərdən məqsədə çatmaq üçün atılan ən gözəl variantdır yalan. Amma bu qəhrəmanlara siz də haqq qazandıracaqsınız. Onların ikisi də yalançıdır.
Ərinin xəyanətinə göz yuma bilməyən, heç vaxt sevmədiyi insana 10 illini həsr edən qəhrəman yalnız bir yolla boşana bilər. Onun da eyni ilə xəyanət etdiyinə ərini inandırsa...inandırır.
Həyatını dəyişmək yenidən və yenidən yaşamağa başlamağı sınamağa çalışan filmin qəhrəmanından hamı narazıdır. Səbəbləri də var. Ər evindən qovulan qadın, gününü internetdə keçirən xanım, həyatını buxovlayan adətlərə qarşı çıxan dikbaş insan. Ona yalnız bir insan dayaq durur...
Həyat yoldaşı gecə klubunun sahibəsi olan filmin digər qəhrəmanı hələ yeniyetməlikdən sevdiyi qıza görə yalançıdır. Qız heç ağlına da gətirmir ki, internet tanışlarını birləşdirən bir keyfiyyət var- cəm haldakı tanışlar onun həyatda yaxşı dostudur. Amma bir gün qəfildən gələn tanışlıqlar qəfildən də izahatsız sona çatanda heç də yaxşı olmur. Hər halda bu qızlara daha çox aiddir. Film müasir gəncliyin damarını tutub və internet dostluqlarının üzdə şirin görünən əslində yalanlar dünyası olduğunu faş edir.
Amma internet sadəcə bir vasitədir. Nəyə? Onu isə sizin öhdənizə buraxırıq...
Gənc Film İstehsalçılar Assosiasiyasının istehsalı olan filmin rejissoru Əbdülqəni Əliyev, prodüseri Əli İsa Cabbarovdur. Qeyd edək ki, filmin maraqlı elementi hadisələrin gedişinə xidmət edən qadın qəhrəmanın uşaqlıq arzularının eyniilə uşaq səsi ilə səslənməsi idi. İstehsalçılar filmin daha çox kommersiya cəhətini ön plana çəkirlər, çünki mövzu çox oynaqdır.
Mən bu filmdə çəkilməyə razı deyiləm…
Soruşa bilərsiniz niyə? Amma tələsməyin.
Gözəl yeniyetmə qızcığaz özündən yaşca çox böyük olan qazel sürücüsünə vurulur. Özü də lap uşaqlıqdan. Deyəcəksiniz ki, burda qeyri-adi heç nə yoxdur. Mən də razı. Çünki bu tandem bir vaxtlar Azərbaycan teatrının dahi dramaturqu İlyas Əfəndiyevin “Boy çiçəyi”indən tanışdır. Bunda da razı. Amma razılaşmadığım məqam başqadır. Çünki sözügedən filmin baş qəhrəmanı çirkin həyatın içində mənəviyyatsızlaşıb, hətta o qədər ki, “səni sevirəm” deyən qızı bir anın içindəcə yandırmağa hazırdır. Sadəcə qorxur. Ola bilərmi? Ola bilər. Əslində məntiqlidir də çünki həyatın qəlibləmiş, mənəviyyatca daha da çirkinləşdirmiş insanı saflığı anlamaq iqtidarında deyil. Amma xarakterikdirmi? Gəlin düşünək…Kiminə çox iyrənc, kiminə uydurma, kiminə də gülünc görünə bilər. Hətta rejissor özü də filmi çəkəndə ehtiyat edib hamının qəbul edə biləcəyi bir mövzu olmadığını da bildirmişdi.
Dioloqlar təbii və inandırıcı həm də tamaşaçının diqqətini çəkən tərzdə məzəli və oynaqdır. Bütün çəkilişlər gecə qaranlığında çəkildiyindən Orxan Fikrətoğlunun ssenarisindən irəli gələn Samir Kərimoğlunun isə vizual həllində baş verən hadisələr tamaşaçı tərəfindən tez həzm olunmur. Yəqin bu səbəbdən də filmin sonunda İnna ssenarini hirslə örtüb ona rolda oynamaq təklifində bulunan rejissora yalnız bir söz deyir “Mən bu filmdə çəkilməyə razı deyiləm!”. Amma artıq film çəkilib. Hələ üstəlik H.O.S.T-un psixoloji- rep janrlı musiqisi də filmdə uğurlu həllini tapıb.
“Qanadlarıma sığal çək” sözügedən layihədə həm rejissor, həm də prodüser kimi iştirak edən Əli İsa Cabbarovun aktyorluq ifasının debütü ilə də yadda qaldı. Onu da qeyd edək ki, film “Ratio TV” prodüser mərkəzinin istehsalıdır.

Dünən qəfildən gələ bilərdi...
...amma prodüser qovğası imkan versəydi. Məlumat üçün bildirək ki, müsabiqədə qalib gələn 5 layihədən biri olan “Dünən qəfildən gəldi”nin başı bəlalı oldu. Bu haqda qəzetimizin ötən buraxılışlarında məlumat vermişdik. İndisə bildirək ki, hazırda film “Mehriban” prodakşndan alınaraq “Yaddaş” studiyasına verilib. Və çəkilişlərə payızda statr verilməsi gözlənilir. Qeyd edək ki, filmin rejissoru Mübariz Nağıyevdir.

Mələyə sormaq lazım...bəs rejissor hanı?

Teatrda istedadına görə digərləri tərəfindən sığışdırılan, işləri heç də yaxşı getməyən aktrisa, bir uşaqla həyatın onun üçün hazırladığı çətinliyə dözməyə hazırlaşan ana, kişilər tərəfindən istəkli qadın, içkiyə qurşanan, arada bir görünüb pul istəyən qardaş bacısı, Qarabağ müharibəsində həlak olan yoldaşının xəyalı ilə yaşayan Mədinə...Mədinəni siz də türklər demiş, merak etdiniz. Deyilmi? Elə isə mən deyim siz də bilin ki, Mədinə istehsalına 2006-cı ilin sonlarından qərar verilən, ötən həftə ictimaiyyətə təqdim olunan rejissoru və ssenari müəllifi Oqtay Mirqasımov olan “Günaydın, mələyim” filminin qadın qəhrəmanının adıdır. Əvvəl filmin aktyor heyəti barədə bir balaca arayış verməyi vacib bildiyimdən deyim ki, bu heyətində Azərbaycanın ən tanınmış simaları cəm olub- Ayan Mirqasımova, Fuad Poladov, Həmidə Ömərova, Abbas Qəhrəmanov, Bəsti Cəfərova, Telman Adıgözəlov və digərləri...Rejissorun sadiq komandası...
...Müharibə zonası: bütün əsgər dostları düşmən tərəfindən vurulan qəhrəmanımız düşmənin iki zirehli veltolyotuna qarşı təkbətək qalır. “Hamı vuruldu, biz heç nə eləyə bilmədik, mən tək qalmışam. Məni bağışlayın” sözlərinin sədalar ilə ekran qaralır...Bundan sonra isə müharibənin qaynar məqamında yoldaşı şəhid olan filmin qəhrəmanının həyatı canlanır...
Ölüm xəbərini alan qadının pərişan təsvirlərini əks etdirən kadrlar bir- birini əvəz edir. Bundan sonra həyat tək və kimsəsiz Mədinə üçün mübarizə meydanı olacaq. Mədinənin içkiyə qurşanan qardaşı var, o da pulu qurtaran məqamda peyda olub istədiyini alan kimi aradan çıxır. Amma hərdən vicdan əzabı da çəkir. Neçə ki, bir gün bacısının evini əlindən almaq istəyən qonşularını qorxutmaq üçün qapılarını təpiklə vurmağı, hədə -qorxu gəlməyi özünə qardaş borcu bilir. Bundan isə yalnız bacısı əziyyət çəkir çünki qonşunun şikayətinə əsasən qardaşını axtaran polis ancaq Mədinəni tapır. Di gəl ki, polis də bir sıra sözlər danışıb gedir amma çi fayda, bu məqamda fikirləşməli bir şey olur ”hə, nolsun” bunun cavabı filmin gedişində açılmalı idisə də rejissor bunu lazımsız bilib və fikri sona çatdırmayıb.
Çün aktrisalıq bir məharətdir...
Mədinə aktrisadır, hər gün teatrdakı məşqlərinə gecikir, tələbələrinə rəqsin incəliklərini öyrədir, filmlərin dublyajında, cigzi filmlərin səsləndirilməsində iştirak edir, reklam roliklərinə çəkilir. Rejissor özü də etiraf etdi ki, ilk öncə ssenarinin qəhrəmanı ixtisasca müəllimə imiş. Lakin aktrisa qəhrəman obrazı daha cəlbedici olduğundan seçim zamanı daha məqsədəuyğun hesab olunub. Qadın aktrisa obrazının özü çox maraqlı tipajdır, bu sözsüz. Rejissora geninə- boluna bu tipajdan yararlanmaq qalırdı. Amma təəssüf ki, rejissor bundan lazımınca yararlana bilmir....Mədinə reklam çarxına çəkilir. Ona üç maraqlı tipajları yaratmaq tapşırılır. Ayan xanım obrazları məharətlə ifa edir. Amma həmin səhnəni məhz reklam roliki formasında tamaşaçıya təqdim etmək məncə, daha məqdəsəuyğun olardı nəinki, çəkiliş heyətinin gözü ilə. Çünki sonucda Mədinə reklama çəkilirdi...Ya teatr səhnəsində...ya dublyaj zamanı...Bu gün tamaşaçının ekranda görmək istədiyi vizuallıqdı. Məhz vizual məhsul yaratmaq sanki bir xof halını alıb və rejissorlarımız bundan qaçırlar. Amma unutmaq lazım deyil ki, xarici filmlərə marağı artıran başlıca səbəblərdən biri də vizual görünüşdür.
Həyat xeyli çətinləşir...əsəbləri tarıma çəkilən teatrın baş aktrisası Sahibə Mədinəni hər cür vəchlə təhqir edir, hamının yanında danlayır, alçardır. Reklam çarxlarına çəkilir amma yaradıcı heyət Mədinəni aldadıb, pulunu verməmiş qaçır. Qapı qonşusu evini almaq üçün tələlər qurur, hədələyir. Hələ üstəlik kəbin kağızı əlində nigahını rəsmiləşdirmək üçün getdiyi bütün qapılar üzünə bağlı olur. İş üçün zəng elədiyi hər yerdən “yox” cavabı eşidir. Bir gün hər şeydən, hər kəsdən bezir...”Gəl, apar məni ” deyib dəstəyi asan Mədinə yolunu illərdir gözləyənin (sona qədər müəmmalı olan, Fuad Poladovun canlandırdığı obraz) yanına gedir. Amma tab gətirmir, özünə və yoldaşının xəyalına xəyanət edə bilməyəcəyini anlayıb geri dönür. “Bacardığın qədər, bağışla” deyərək.
....ona ssenari həsr edən cavan oğlan... sədaqətliyinə, istedadına, gözəlliyinə vurulan cavan oğlan...ona hər gün “Günaydın, mələyim” deyən cavan oğlan...”Həyat davam edir, Mədinə”...deyə-deyə ümid içində yaşayır.
Həyat davam edir...Mədinə də belə fikirləşir. Heç kimə arxalanmadan, ayaqları üzərində mərd və inamla dura-dura. Və ən əsası həyat yoldaşının xəyalı ilə birgə. Bundan böyük ümidgah?
Kadr qıtlığı
İllər ötür, Mədinənin balaca oğlu yavaş –yavaş böyüyür. Hər bu nüansı xatırlatmağa çalışan rejissor bizə eyni kadrlara baxmağa məcbur etdiyinin fərqinə varmır...Binanın dəhlizində bir qadın və yanında balaca uşaq. Mədinə tələsə-tələsə yolu keçib onlara yaxınlaşır və uşaqla bərabər uzaqlaşır....
Uğursuz sonluq
...film bir çox kadrlarla tamamlana bilərdi. Hər filmin sonudur deyə fikirləşdiyin an ekranda növbəti, nəyə xidmət etdiyi anlaşılmayan kadrlar canlanır. Film uzanır ki, uzanır. Və sonluq, məşhurluğundan əsər-əlamət qalmayan, qəhrəmanı film boyu gözü-götürməyən teatrın qocaman aktrisası Sahibəni (Bəsti Cəfərova) xəstə yatağında ziyarət edən Mədinənin birdən-birə qulağına gələn cingiltinin səsinə başını yuxarı qaldırması ilə... kadr birbaşa əsgərlərin paradına keçid edir. Göydən-düşmə təsiri bağışlayan bu kadr da qeyri- səlis təsvirlərlə yadda qalır. Tamaşaçı bircə bunu anlayır ki, Mədinə tələm-tələsik pilləkənləri aşağı düşür və parada tamaşa edir. Və birdən gözü önündə yoldaşının xəyalı canlanır. Gülümsər siması, arxaya dönən vəziyyətdə Mədinədə qalan baxışları ilə...Sanki xəyal deyilmiş kimi. Lap bu kadr da filmin sonuna işarə edirdi. Amma tamaşaçı bir az səbrlə gözləməli olur. Təpəliyə qalxan əsgər paltarlı adam, birdən dayanır, arxaya –kameraya dönür, oturur və üzü 1 dəqiqə tamaşaçıya zillənir. Bu Mədinənin həyat yoldaşıdır-tamaşaçı yaddaşına həkk. Və ekran qaralır. Bu təsvir nədən və kimdən ötrü idi, bunu rejissordan başqa kimsə bilməz. Əgər filmin başlanğıcına əla sonluq vermək cəhdi idisə, o zaman uğursuz və mənasız kadr təsiri bağışladı.
Sual altından çıxmağımıza çoxmu var?
Hər zaman Qarabağ problemini layiqincə təsvir edən filmimizin olmamasından ürək yarası ilə danışırıq. Bu dəfə də bu sindrom qırılmadı. Sadəcə film “Günaydın, itirilmiş torpaqlar” dedi. Çünki ekran əsəri hadisələri qabaqladı. Belə ki, müharibə bizim qələbəmizlə başa çatır. O.Mirqasımov mətbuata verdiyi müsahibəsində “Mənim aləmimdə bu, reallıqdır. Zamanı bir az tezləşdirmişəm. Mən sənətkaram, bir yaradıcı kimi istəyim belədir. Mən gələcəyi görüb, onu təsvir etməyə çalışıram. İstənilən sənətkar- rəssam, yazıçı, ya kinorejissor yaratdığı əsərdə keçmişə qayıdırsa, irəlidə mütləq baş verəcək hadisələrə niyə nəzər salmasın? İncəsənətdə bu həmişə olub” deyir. Olsun nə deyirik, bu rejissorun ssenaridə qələmə aldığı arzu, bəs film bu arzunu doğruldurmu? Müharibə fon qismində də o qədər səthi əksi olunub ki, hər məqamda yeni sual doğurur. O dərəcədə ki, qadının həyat yoldaşı əsgər olmasaydı da belə, sadəcə avtomobil qəzasında, ya kiminsə bıcaq zərbəsindən ölsəydi belə heç nə dəyişməyəcəkdi. Müharibədə qalibiyyətimiz yaradıcı istəyidir- bu aydın. Bəs bu istək kino müharibəsində niyə yoxdur? Niyə kino savaşında ermənilər bizdən daha aktiv görünür, filmlər çəkib, tanınmış, nüfuzlu festivallarda nümayiş etdirirlər? Sadəcə bir fakt, keçən il erməni rejissoru Vardan Ovannisyanın “Sülh və müharibə dövründə insanlıq tarixi” filmi Nyu-Yorkda təşkil olunan Tribecca Film Festivalında “Yeni ad” nominasiyasında mükafata layiq görüldü. 2006- cı ildə “Bars media” kinostudiyasında lentə alınan film Qarabağ müharibəsindən bəhs edir. “Günaydın, mələyim” savaş müharibəsində bizim qələbəmimizi qeyd edir, bəs kino müharibəsində? Bax bu böyük sual altındadır...Günün aydın olsun Azərbaycan kinosu...Olsun ki, savaşlardan qalib çıxasan.
Bəs rejissor hanı?
Filmin musiqisi bəstəkar Elmar Felə məxsusdur. Olduqca maraqlı və dolğun musiqi parçaları filmi cana gətirirdi. Mələyi rəqsə vadar edən tərzdə gözəl. Xəyallarda və hardasa çox-çox uzaqlarda Mədinə Onunla rəqs edir...”Günaydın, mələyim” deyə-deyə.
Ekranda canlanan əsər isə uzanan təsvirlər, sinxron olmayan səslənmə (effekti korlayan dərəcədə bərbad), fasonlu və bədii cümlələr, əksinə uğurlu musiqi və normal ssenari ilə kino tarixinə yazıldı. Bircə, rejissor gözə dəymədi...
Nərmin M.