Aygün Aslanlı kinoşünas
Nağıllarda gözəl qızları nəhəng divlərin, qəddar padşahların pəncəsindən xilas etməyə gedən qəhrəmanlar tez-tez üç yolayrıcına çıxırlar: sağa getsən- qara sehrbazlar ölkəsinə düşərsən, sola getsən- gedər-gəlməzə, düz getsən… İndi Azərbaycan kinosu nağılının qəhrəmanı da belə yolayrıcındadı. Məhz, nağılın… Çünki milli kinomuz havadan asılı vəziyyətdədi.
İlk baxışda inkişaf üçün gərəkli olan, prosesin getdiyini göstərən bütün elementlər var - dövlət qayğı göstərir, 2008-ci ildə təkcə tammetrajlı filmlərin istehsalına altı milyon manata yaxın vəsait ayrılıb, ildən-ilə çəkilən filmlərin sayı artır. Əgər 2000-2003-cü illərdə bu rəqəm iki idisə, hazırda beşə, altıya yüksəlib. Hətta filmlər festivallara da göndərilir və müəlliflərin sözlərinə görə, pis də qarşılanmır. Bütün bunlara baxmayaraq, real, həqiqi nailiyyət adlandıra biləcəyimiz nəticələr yoxdu. Bu nəticələri əldə etmək üçün milli kinomuz necə yol seçməlidir ki, lokal sənət olmaqdan çıxıb daha geniş miqyasda tanınsın? Başqa sözlə, əlimizdəki imkanlardan necə istifadə etməliyik?
Təbii ki, bütün hallarda ən ideal variant özünəməxsus, orijinal modeli yaratmaqdı. Dövlətimiz, milli kinonun inkişafı ilə bağlı məsuliyyəti öz üzərinə götürmüş əlahiddə orqanlar və şəxslər istehsalat üçün nəzərdə tutulmuş vəsaitin iribüdcəli tarixi və ya bioqrafik filmlərə sərf olunmasını məqsədəuyğun bilir. Nəticə isə nə ətdi, nə balıq…
Azərbaycan səkkiz milyon əhalisi olan kiçik ölkədi. Kino bazarı da çox balacadı. O qədər balaca ki, cəmi 1 -1,5 milyona çəkilən filmlərin belə özünü ödəmək imkanı yoxdu. Üstəlik prokat sistemi sıfırdan aşağı səviyədədi. Daha doğrusu, ümumiyyətlə, mövcud deyil. Deməli, belə filmlərin yeganə çarəsi başqa ölkələrdə, festivallardadı. Məsələn, qazaxların «Köçərilər» film-kolossu ilə olduğu kimi… Dövlət istehsalat prosesini tam nəzarətdə saxladı. Çəkiliş və ondan sonrakı bütün vacib mərhələlərə, prodakşn və post-prodakşn qaydalarına dəqiqliklə riayət olundu. Nəticə isə hamıya məlumdu.
Azərbaycanda isə vəziyyət tamam fərqlidi. Ayrılan vəsait ötən illərlə müqayisədə nə qədər böyük olsa da, «Hökmdarın taleyi», «Cavid ömrü», «Cavad xan» kimi tariximizin ən ağır, həlledici dövrlərindən, şəxsiyətlərindən bəhs edən filmlər üçün azdı. (Ya da filin yaradıcıları vəsaiti düzgün xərcləyə bilmirlər). Axı, bu filmlər sadəcə Azərbaycanda kinoya diqqət yetirildiyini sübut eləməkdən ötrü ortaya çıxmayıb. Nəzəriyyədə onlar həm də bizim üçün tariximizə yeni, müasir baxış olmalıdı, əcnəbilər də bu filmlərə baxıb qismən də olsa, bizi tanımalıdı. Bəs praktikada necədi?
Primitiv bir nümunə: «Hökmdarın taleyi» filmindəki döyüş səhnələri bütün əziyyətlərə, bu ekran əsərinin yükünü çəkən Fəxrəddin Manafovun gözəl oyununa kölgə salır. Onu böyük ekran üçün yararsız edir. Hökmdarlar döyüş meydanına beş minlik qoşun göndərir, meydanda isə heç beş yüz nəfər də görünmür. Üstəlik bunu ümumi planla, bir neçə dəfə göstərirlər. Müqayisə üçün deyək ki, müasir texniki imkanların olmadığı 1947-ci ildə çəkilmiş «Fətəli xan» (rej.Y.Dziqan) filmində çoxsaylı qoşunlar, döyüş səhnələri üçün çox uğurlu həll tapılıb. Fətəli xan döyüş libasında çadırda vəziri ilə söhbət edir. Yerdə qalanlar isə çadıra düşən kölgələrlə göstərilir. Bu, qüsurun qarşısını alır, həm diqqəti əsas qəhrəmandan - Fətəli xandan yayındırmır, həm də filmə xüsusi bir ab-hava, mistika gətirir.
X Şərq-Qərb festivalında qonaq olan «Aleksandr: Nevski döyüşü» (rej.İ.Kalyonov) filmində oxşar epizodlar tamam başqa cür həll olunub. Orda döyüşlər çox kiçik bir məkanda baş verdiyindən və çox dinamik çəkildiyindən meydandakı insanların sayının azlığı nəzərə çarpmır. «Hökmdarın taleyi» filmində Gəncə qalası uğrunda gedən döyüş elə təsvir olunur ki, rusların onu ələ keçirməyi təəccüb doğurmur. Halbuki «Hökmdarın taleyi» hər şeyini itirməyə məhkum insan haqqında çox gözəl kamera filmi ola bilərdi. İndiki halıyla isə bu ekran əsəri televiziyada nümayiş olunanda da itirəcək - heç bir televizor İran sarayındakı müşavirə zamanı şahın Azərbaycanın yerdəki xəritəsi üzərinə düşən kölgəni göstərmək iqtidarında deyil.
Dahi Hüseyn Caviddən bəhs edən «Cavid ömrü» də sadəcə statistik faktlar yığınıdı. O qədər statistik ki, hətta beş cümləlik istənilən lətifədə qəhrəmanlar daha rəngarəng xarakterə malikdirlər, nəinki «Cavid ömrü»ndə. O qədər vaxt, vəsait, qrim, aktyor - nəticə isə sadəcə lentə alınmış zəif tamaşa. Həmin maliyyəyə (600 mindən artıq) ayrı-ayrı rejissorların Hüseyn Cavidə individual münasibətini əks etdirən bir neçə qısametrajlı film çəkmək olardı. Onda Cavid Azərbaycan kinosunun rəngsiz simasına çevrilməzdi, yenidən canlanardı, onilliklərdən bu yana olduğu kimi yenə də düşündürər, mübahisələr, müzakirələr yaradardı.
Qonşularımızın təcrübəsinə nəzər salaq.
Qırğızıstanda Sovet İttifaqı dağıldıqdan sonra mərkəzdən gələn maliyyə kəsiləndə rejissorlar filmlərini çəkmək üçün özləri müstəqil vəsait axtarışına çıxıb. Orda dövlət kinoistehsalata bir neçə il əvvəl pul ayırmağa başlayıb. Hal-hazırda Qırğızıstanda tamamilə dövlət hesabına çəkilmiş üç-dörd bədii tammetrajlı film var. Qısametrajlı filmlər isə o qədər çoxdu ki, saymaq mümkün deyil. Eyni zamanda qərbli prodüserlər də qırğız kinosuna çox maraq göstərir, vəsait ayırırlar. Rejissor Aktan Abdukalıkovun (Aktan Arın Kubat) bütün filmləri qərb maliyyəsi hesabına çəkilib. Qırğız kinosuna investisiya qoymaq istəyən qərbliləri rejissorlar özləri tapırlar. Xüsusi olaraq bu məqsədlə bişkekdə «OyArt» adlı şirkət yaradılıb. Rejissorlar layihələrini «OyArt»a, o da öz növbəsində müxtəlif qərb fondlarına göndərir. Maraqlı layihələr qərblilərin diqqətindən kənarda qalmır.
Yeri gəlmişkən, X Şərq-Qərb festivalında nümayiş olunan, rejissor Ernest Abdıjaparovun «İşıqlı sərinlik» filmi də, məhz, belə layihələrdəndir. Təbii ki, öz pulunu istehsalata qoyan qərb fondları sonradan həmin filmlərin müxtəlif festivallarda iştirak etməsində, prokatında da maraqlı olur.
Qərb fondları ilə yanaşı yerli biznesmenlər də milli kinonun inkişafında yaxından iştirak edirlər. Amma qırğız rejissorları qərb fondlarından, dövlətdən, yaxud da yerli biznesmenlərdən asılı olmaq istəmirlər. Ona görə də öz istehsalat sistemlərini yaradıblar. Əksər kinematoqrafçılar kiçik büdcəli tammaetrajlı filmlər çəkirlər. Onları kinoteatrlarda göstərirlər. Əldə olunmuş vəsaiti ikinci eynitipli filmə qoyurlar. Bu yolla özlərinə avadanlıq alırlar, studiyalarını yaradırlar. Tədricən istehsalata buraxılan filmlərin büdcəsi də, bədii keyfiyyəti də yüksəlir.
Demirik ki, hər şeyə nöqtəbənöqtə əməl olunmalıdı. Amma bəlkə ölkəmizdə kinosənayenin, bazarın şərtlərini, şəraiti nəzərə alaraq işə birbaşa fildən yox, pişik düzəltməkdən başlasaq, yaxşı olar?! (Siçan mərhələsini keçmiş sayılırıq).
Əsas güc iribüdcəli lentlərə yox, azbüdcəli kamera filmlərinə verilsə, həm janr rəngarəngliyinə nail olarıq, həm də kimin əslində nəyə qadir olduğu meydana çıxar. Çünki müasir texnika da, maliyyə də sadəcə vasitədir. Kino çəkmək, özü də yaxşı kino çəkmək üçün ilk növbədə istedad, daxili azadlıq, ekranın hər iki tərəfində səmimi olmaq lazımdı.
“Xəzər” TV-nin “Yaşananlar” serialı haqqında qeydlər
Elə şeylər var ki, onlara qarşı mübarizə apara bilmirik. İstəklərimizə məhəl qoymadan həyatımıza daxil olurlar. Yeganə çıxış yolumuz uyğunlaşmaq, ya da bəxtimiz gətirsə, özümüzə uyğunlaşdırmaqdı. Seriallar kimi… Bir neçə il əvvəl yerli telekanallarda tək-tük seriallar peyda olmağa başlayanda əksəriyyət tərəfindən birmənalı qarşılanmadı. Elə bu gün də onlara qarşı münasibət birmənalı deyil. Amma heç nəyə baxmayaraq, bütün kanallarda gün ərzində üç-dörd (bəzən daha çox) serial nümayiş olunur. Təəssüf ki, əcnəbi… Çünki yerli kanallar hələlik «sms» toplamağa üstünlük verir, öz seriallarının istehsalına vəsait və zaman ayırmaq istəmir. Halbuki qonşu Türkiyə və bizimlə eyni vaxtda «serial həyatı» yaşamağa başlamış Rusiyada yerli məhsul nəinki «gəlmələri» sıxışdırıb, demək olar ki, mavi ekrandan çıxardıb, hətta ölkədə kino istehsalının dirçəlməsində, inkişafında mühüm rol oynayıb.
Əslində Azərbaycanda da bir neçə dəfə serial istehsalına cəhd olunub. Müxtəlif illərdə ekranlara çıxmış «İtkin gəlin», «Dodaqdan qəlbə», «Bəyaz həyat» melodramları, «Həqiqət anı» siyasi serialı, V. Mustafayevin «Yoxlama» çoxseriyalı qara komediyasını hamı yaxşı xatırlayır. Telekanalların komik serial təcrübəsi də var - «Lider» kanalında yayımlanan «Qonşular» sitkomu çoxları tərəfindən maraqla izlənirdi. Elə adlarını sadaladığım digər seriallar da kifayət qədər tamaşaçı diqqəti toplaya bilmişdi. Amma bu, sadəcə aradabir baş verdiyi üçün televiziya tarixində mərhələyə çevrilə bilmir, Rusiya və Türkiyədəki kimi ciddi nəticələri yoxdu.
Serial istehsalı sahəsində son təcrübə «Xəzər» kanalında artıq dörd seriyası yayımlanmış «Yaşananlar» silsiləsidi.
«Oskar prodakşn» şirkətində istehsal olunan «Yaşananlar» adi «sabun köpüyü» operalarından fərqlənir. Silsilənin hər seriyasında yeni əhvalat baş verir. Onları bir-birilə ideyadan və musiqidən başqa heç nə birləşdirmir.
«Nəfs»in (ssen.müəl.- Eldəniz Cəfərov, Kəmalə Mirməcidli, Sədi Məmmədov, rejissor Yaşar Əhmədov) qəhrəmanı Malik (Elşən Rüstəmov) yeni vəzifəyə keçən kimi xəstə anasını da, ailəsini də, dostlarını da nəfsinə qurban verir. «Daha yaxşı yaşamaq» üçü haram yola əl atır…
«Böhtan»da (ssen. K. Mirməcidli, rej. Y.Əhmədov) Rüstəm adlı vəkil (Sərvər Əliyev) qonşusu, təmirçi Habilin (İlqar Cahangirov) qarajını alıb, yerində ofis açmaq istəyir. Amma Habilin buna razılıq verməyəcəyinin bildiyi üçün «qanun keşikçiləri» ilə dilbir olub ona böhtan atır. Habili oğurluqda günahlandırıb həbs edirlər. Rüstəm də qarajı ofisə çevirir.
«Tamahkar»da (ssen.Süleyman Fərzəliyev, rej. Natiq Axund) rüşvətxor, istədiyi məbləği almayınca xəstələri əməliyyat etməyən cərrah (Məhəmməd Hüseynov) sonda öz tamahının qurbanı olur. Həkimin acgözlüyü ucbatından vaxtında yardım almayan və dünyasını dəyişən yaralı onun oğlu çıxır.
«Kor həqiqət»də (ssen.Qurban Bədəlov, rej.Anar Əliyev) oğlunun göz əməliyyatı üçün pul tapmayan Elmlər Akademiyasının əməkdaşı (Arzu Hüseynov) həbsdən təzəcə çıxmış və artıq halal zəhmətlə yaşamağa qərar vermiş oğru dostu Səfərəliyə (İlqar Cahangirov) müraciət edir. Səfərəli təsadüfən alimin arvadının heç bir vəchlə əldən buraxmaq istəmədiyi bahalı sırğaları oğurlayır. Pulunu da dostuna verir.
Təbii ki, bütün əhvalatların sonunda hər kəs layiq olduğu ilahi haqqını alır - bəd əməl cəzalandırılır, yaxşı əməl mükafatlandırılır.
Adətən, seriallar əyləncə funksiyası yerinə yetirdiyi və ikinci, hətta üçüncü dərəcəli sənət hesab olunduğu üçün onda yüksək sənət idealları axtarmaq yersiz görünür. (Əlbəttə, varsa, müəlliflərin başucalığıdı). «Yaşananlar»ı isə istəsən, hətta tərifləmək də mümkündü. Məsələn, demək olar ki, «Nəfs», «Böhtan», «Kor həqiqət» filmlərində ritm hissi var, hər üçü rahat baxılır. Epizodlar arasında maraqlı montaj keçidləri edilib (Xəstə anasının yanında oturmuş Malik başını çevirir və kafedə, dostu Azadla üz-üzə çay içir. «Nəfs»). «Tamahkar»ın adını çəkməməyim təsadüfi deyil. Bu filmdə müəlliflər qəhrəmanın günahını sübut eləməyə həddindən çox vaxt sərf eləyiblər. Həkimin oğluyla bağlı xətt isə axıra qədər işlənmədiyindən havadan asılı qalıb.
Əxlaq dərsi, məsləhət, nəsihət olan yerdə pafossuz keçinmək qeyri-mümkündü. Mütləq hansı andasa «ağzın köpüklənməyə» başlayacaq. Amma aktyorlar bütün pafoslu cümlələri mümkün qədər sakit, səmimi səsləndirməyə çalışırlar. Yeri gəlmişkən, hər dörd filmdə aktyor oyununu xüsusi qeyd etmək istərdim. Silsilənin yaradıcıları həm tamaşaçılara, həm də oyunçulara qarşı böyük savaba giriblər. Teatra getmək kimi vərdişi olmayan, sənət barədə düşüncələri televiziyada göstərilənlərlə məhdudlaşan azəri tamaşaçasına Yaşar Nuri, Fuad Poladov, Arif Quliyev, Amaliya Pənahova, Firəngiz Mütəllimovadan başqa istedadlı, diqqətə və sevgiyə layiq aktyorlarımızın olduğunu göstərib, aktyorlara da öz məharətlərini göstərmək imkanı verib.
Amma…
Birinci, kino ən real təbliğat vasitəsidi. İkinci, hər bir sənət əsəri dərəcəsindən, yerindən asılı olmayaraq, dahi «Mona Liza»dan tutmuş, lap elə «Yaşananlar» serialına qədər müəllifin özünü ifadə etməsidi, dünyaya baxışıdı. Hər kəs həqiqətə öz rakursundan baxır. «Yaşananlar»da da müəllifin (müəlliflərin) mövqeyi, tamaşaçıya ötürdüyü mesaj var: əxlaq, mənəviyyat, səbr, Allaha inam… Serialın nümayişi üçün seçilən telekanal da bu mesajın altından qalın xətt çəkir… Hamısı çox yaxşı, əla, həyati vacib məfhumlardı, olmalıdı. Amma hər şey bu qədər sadə deyil axı… Bu dəfə yox…
Adı «Yaşananlar»da olsa, bu film demir ki, «hərdən belə hadisələr də olur»… Hərdən, yəni möcüzə kimi… Demir ki, möcüzələrə inanın, ancaq aldanmayın. Onlara güvənib də heç bir iş görmədən, əllərinizi göyə açıb «Allahdan buyruq, ağzıma quyruq» yaşamayın..
«Yaşananlar»da bəstəkar Zaur Zeynalın musiqisi janrın tələblərinə uyğun olaraq lazım gələndə gərginləşib, lazım gələndə xəfifləmir, tempi dəyişmir. Milli, muğam ladlarına köklənmiş, mediativ, lay-lay çalan bu musiqi personajlarla əlbir olub «sus», «səbr elə» (nə olsun ki, danışmağı unutmaq üzrəsən), görsən də, eşitsən də, özünü görməməzliyə, eşitməməzliyə qoy - deyir.. (Allah Sabirə rəhmət eləsin)…
«Yaşananlar» demir ki, səbr eləmək həmişə Allahdan deyil. Səbr mübarizədən sonrakı mərhələdi, əlindən gələn hər şeyi eləyəndən sonra, heç bir çarə qalmayanda növbə səbrindi. «Yaşananlar» demir ki, həkimin, müəllimin rüşvət alanda «səbr» diləyib də pul axtarmağa getmə.. Mübarizə apar, nəyisə dəyişməyə çalış. Səbr eləmək vaxt itirməkdi, iri addımlarla qulluğa yaxınlaşmaqdı..
«Yaşananlar» sadəcə «başını aşağı sal və səbr elə. Sənə böhtan atanın cəzasını Allah verəcək («Böhtan»)» deyir. Səbr elə… Elə də… Necə deyərlər, hər işdə bir xeyir var. Səbr elə, görək, axırı necə olacaq?! Hərçənd bu gedişlə axırımız məlumdu… Amma hərdən möcüzə də olur…
19 May 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment