19 May 2009

“CƏNUB ŞƏHƏRİNİN AKKORDLARI: VƏ YAXUD ÖZ BƏDİİ HƏLLİNİ TAPMAYAN FİLM”

"Əlvida, cənub şəhəri" Bakının 2000-ci il mənzərəsinin əks olunduğu kadrlarla başlayır. Kabinetdə şıq kostyumlu və qalstuklu şəxs mobil telefonla hansısa binaların sökülməsi tapşırığını verir. Növbəti kadrlarda isə başı dibindən qırxılmış, çiynində çanta olan gənc oğlan bir restorana girir və burada tanışı ilə .. rastlaşır. Onların söhbətindən belə məlum olur ki, bu gənc -Alik (Teymur Bədəlbəyli) həbsxanadan çıxıb. Tanışı - Rza (Fəxrəddin Manafov) ona Farizi (Fuad Poladov) öldürməyi təklif edir. Əks halda, Fariz Alikin "işini" bitirəcək. Alik isə razılaşmır. Daha sonra titrlərin köməyilə hadisələrin 1988-ci il Bakısında cərəyan etdiyi aydın olur.

İçərişəhər həyətlərinin biri... Ümumi həyətə, ümumi pilləkənə bir neçə qonşunun qapısı açılır. Alikin də yaşadığı bu həyətin sakinləri çoxdanın qonşularıdır. Tək bir nəfərdən başqa. Fariz ailəsi ilə bura yenicə köçüb. Odur ki, şəhər həyatına alışmayan 7-8 yaşlı oğlu hər gün özünü eyvanın başından milisioner qonşunun həyətdə duran maşınının üstünə "yüngülləşdirir". Hər dəfə də maşının sirenalarının səsi məhəlləni başına götürür. Maşın sahibi, qonşular narazılıqlarını bildirsələr də, vəzifə sahibi olan Farizdən çəkindikləri üçün "dərinə" getmirlər. Alik isə məhəllənin müdafiəçisi kimi tanınır. Məlum səbəblərdən rusların, ermənilərin Bakını tərk etdiyi qarışıq bir dövrdə Alik tanıdığı adamların dadına çatır. Qarşı tərəfi hədələməkdə isə ona cibində gəzdirdiyi tapança yardımçı olur. Nəhayət, yaxınlıqdakı zirzəminin boşaldılması məqamı da yetişir. Caz qrupunun məşq etdiyi zirzəmidə Fariz restoran açmaq fikrindədir. Qrup üzvləri isə caz festivalına hazırlaşdıqlarından zirzəmini tərk etmək istəmirlər. Alikin sevdiyi qız - Maya (Mehriban Zəki) da qrupun solistidir. Odur ki, gənc oğlan yenidən tapançasını çıxararaq, musiqiçilərin müdafiəsinə qalxır. Növbəti günlərin birində qonşular həyətdə süfrə arxasına toplaşaraq, həyətləri haqqında videokamerası ilə film çəkən və buna görə də Farizin qəzəbinə tuş gələn yeniyetmə oğlanın "kişi olmasını" qeyd edirlər. Bu məqamda yeni qonşu həyətə girir və pilləkənlərlə evinə qalxır. Qonşular onu içməyə dəvət etsələr də, Fariz ikrah hissi ilə təklifi rədd edir, "Sizin kimilərlə içmərəm, hamınızın axırına çıxacağam" deyir. Alik isə ona edilən hədəyə dözməyib pilləkənlərlə qalxır və Farizə möhkəm bir sillə çəkir. Bu hadisədən sonra Alik milis idarəsinə çağırılır. Onun gəzdirdiyi tapançanın adi alışqan olmasına baxmayaraq, törətmədiyi cinayətlərdə təqsirli bilinir və həbs edilir. Filmin sonunda hadisələr yenə də 2000-ci ilə qayıdır. Dəniz kənarında Rza Alikə bir daha Farizi öldürməyi təklif edir. Alik isə "yox" cavabı verərək, Azərbaycanı tərk edəcəyini deyir. Vaxtilə neft quyusunda birgə işlədiyi, tənbəlliyi üzündən yalnız Alikin özünə ortaq götürdüyü Rza isə cibindən bıçaq çıxardıb, ona bir neçə zərbə endirir. Alik qan içində yerə yıxılır. Film Bakının gecə panoramı, caz musiqisinin sədaları altında bitir.
Əlvida!

… səsləndirmə, montaj, operator işi qüsurlarla dolu idi. Kadrlar fikir bitməmiş, məntiqi nəticə bilinmədən kəsilir və filmin ümumi harmoniyasını pozurdu. Səsləndirmənin tempi də dəyişkən idi. Bəzi kadrlarda qəhrəmanlar yüksək tonla danışdıqlarından nə dediklərini çətinliklə anlamaq olurdu. Bir epizodda isə uşaqların çığırışmasını qarğaların qarıldaşması ilə səhv salmaq olardı. Filmin titrləri də nöqsanlardan kasad deyildi. Sözlərdəki bütün "i" hərfləri "ı" kimi və əksinə yazılmışdı.

Ekran əsərinin konsepsiyasına gəlincə isə, tamaşaçılara müəlliflərin hansı problemi qaldırdığı, nəyə "əlvida" dediklərini ehtimal etmək qalır. Çünki "Əlvida, cənub şəhəri" də "ekran həllini tapmayan" filmlər siyahısına düşəcək. Güman etmək olar ki, ssenarist və rejissor filmdə beynəlmiləl təbəqənin bir süfrə arxasında yeyib-içib, mahnı oxumasını göstərməklə ötən əsrin 90-cı ilinə qədərki özünəməxsus ab-havası, mədəniyyəti ilə fərqlənən Bakının həsrətindədir. Amma əfsuslar olsun ki, rejissor həmin atmosferin təsvirində yalnız yeyib-içmək, keçmiş "Qaya" ansamblının yaşlaşmış üzvlərinin caz ifasını göstərməklə kifayətlənib. Elə təsəvvür yaranır ki, o illər cənub şəhəri - Bakının özəlliyi elə bunlardan ibarət imiş və paytaxt.sakinlərinin də itkisinə təəssüf etdiyi təkcə kef məclisləridir. Bu filmdə vaxtilə R.İbrahimbəyovun ssenari müəllifi olduğu "Bir cənub şəhərində"n fərqli olaraq, paytaxtın koloritindən əsər-əlamət belə yoxdur. Əvəzində film dramaturqun ssenarisi əsasında çəkilən "Ailə" filmini xatırladır.

Rejissor bir həyətdə yaşayan insanların münasibətlərinə də çox səthi yanaşıb, bir-iki məqamda edilən zarafatlarla kifayətlənib. Hətta süjetin əsasında duran Aliklə Fariz arasındakı konflikti də qura bilməyib. Onların arasındakı münaqişəni yetərincə əsaslandırmayb. Filmdə bəzi dramaturji anlaşılmazlıqlar da var. Məsələn, epizodların birində Maya zirzəmidə musiqiçilərlə söhbətləşir, onlara çay gətirir. Bu zaman qrupun rəhbəri musiqiçilərin işsiz dayanmasından əsəbləşir, onlara məşq etməyi tapşırır. Mayaya isə "Ay qız, sən burda nə gəzirsən? Get burdan" deyə acıqlanır. Filmin sonrakı gedişatından isə məlum olur ki, Maya qrup üzvlərindən biridir.

Filmdə yəqin ki, əyalət adamlarının şəhərə axını və bu zaman yaranan problemlərin göstərilməsi də nəzərdə tutulub. Amma rejissor hansısa səbəbdən bu məsələni də qabartmaqdan yan keçib. Problemi yalnız Farizin oğlunun dələduzluğu ilə əks etdirib. Sən demə, kənd həyatına alışan əyalət adamının şəhərdə yaratdığı və özünün qarşılaşdığı yeganə problem ayaqyolunun səmtini səhv salmasıdır.

Rejissor xarakterlərin açılmasına, detalların işlənməsinə də əmək sərf etməyib. Heç tanınmış aktyorların oyunu da vəziyyəti xilas etmir. Alikin ifaçısı, bu rola görə həm də "Qızıl Çıraq" laureatı Teymur Bədəlbəyli isə bütün hiss və emosiyalarını aradabir qaşlarını çatmaqla nümayiş etdirir. Onun oyununda Alik maraqsız, sönük, xaraktersiz adam təəssüratı bağışlayır.

Bir sözlə, müəlliflərin hansı dəyərlərə "əlvida" dedikləri naməlum qaldı. Buna baxmayaraq, finalda alqış səsləri eşidildi. İstənilən halda, istənilən vəziyyətdə yaradıcı adamlarımızın dadına çatan yerli tamaşaçıların alqışı. Bu baxımdan, bizim rejissorların bəxti yaman gətirib.

No comments:

Post a Comment