23 May 2009

İran kinematoqrafiyasında gördüklərim

I yazı

Yatsam yuxuma da girməzdi ki, nə vaxtsa kino çəkilişləri üçün hazırlanmış şəhərcikdə olacam. Öncə bu şəhərciklərin mahiyyəti barəsində bunları söyləyim ki, onlar, yəni bu şəhərciklər film çəkilişlərində keçmiş dövrü canlandırmaq üçün istifadə edilir. Ssenaridən asılı olaraq, şəhərciyin müəyyən hissəsindən istifadə olunur. Bu şəhərciyin mahiyyətini anlamaq çətin deyil. Üstəlik onlar haqqında vizual məlumatı daha çox Hollivud filmlərindən əldə etmək olar. Məsələn, bütün kovboy filmləri sözügedən şəhərciyin birində çəkilir. Məlumdur ki, kinoda kovboyların yaşadığı dövrü əks etdirmək üçün onların bütün məişətini, bir növ yaratmaq lazımdır. Okeanın o tayındakı kinosevərlər Hollivudda bu şəhərciyi hələ keçən əsrin ortalarında tam olaraq, qurub istifadəyə verdilər.
Deməli, amerikalı həmkarlarımız kino istehsalatının artırılmasının yollarından birini, yüksək səviyyəli pavilyonların qurulmasında görüblər. Bu olub keçən əsrin 40-cı illərində.

İran, kino və kinosənayesi

İranda film istehsalı 1910-cu ilə təsadüf edir. Doğrudur, onların da ölkəsinə kinokamera əksər ölkələrdə olduğu kimi, ilk dəfə 1900-1905-cə illərdə gəlib çıxıb. Amma rəsmi istehsalat göstərilən ildən başlayır.
Uzun müddət dünya kinosu ilə ayaqlaşa bilməyən İran kinematoqafiyası son 10 ildə özünün nəyə qadir olduğunu sübut edə bilib. Artıq dünyanın bütün nüfuzlu film festivallarında İran filmlərinin qələbəsi adi hal hesab olunur. Bu siyahıda Abbas Kiorastami, Möhsün Məxməlbaf, Məcid Məcidi, Cəfər Pənahi, Bəhmən Qubadi və başqalarının filmlərini qeyd etmək olar. Doğrudur, İran kinematoqrafiyasında dini filmlərin, serialların da öz yeri var və onlar istehsalatda daha çox yer tutur. Məhz buna görə də, qonşu ölkənin kinosevərləri və kinobiliciləri belə qərara alıblar ki, onlar da özlərinin bir növ Hollivudun analoqunu yaratsınlar.
İran kinematoqrafiyasının dirəyi sayılan çəkiliş meydançalarından ibarət şəhərciyi görmək mənə də qismət oldu.
İranda istehsal olunmuş dini, tarixi filmlərin 95 faizi məhz bu şəhərcikdə ərsəyə gəlib.
Tehrandan ora maşınla təxminən 45 dəqiqə vaxt sərf etmək lazım gəlir. Gəzdikcə sərhədbilinməyən bu şəhərcikdə qədim Sasanilər dövrü, Tehranın əsrin əvvəlindəki görüntüləri faktiki olaraq, göz önünə gəlir. Qədim tramvaydan tutmuş, İslam dininin yayıldığı vaxtları filmdə canlandırmaq üçün müxtəlif binalar tikilib, küçələr salınıbdır. Üstəlik dünyada baş verən iqtisadi böhrana baxmayaraq, həmin şəhərciyin sahəsi genişləndirilir, yeni-yeni binalar tikilir. Sözsüz ki, dekorasiya xarakterli bu binalarda tikinti daşlarından demək olar ki, istifadə etmirlər. Şəhərciyi isə tam gəzmək mümkün deyil. Soyuq qış günlərində belə həmin şəhərcikdə çəkilişlər davam edirdi.

İranın kino muzeyi

Bina iki mərtəbəli möhtəşəm görünüşə malikdir. Baxan kimi, binanın qədimliyi hiss olunur. Maraqlananda məlum oldu ki, İran şahının saraylarından biri olub. Hazırda isə bura kino muzeyidir. Buradakı işçilər arasında türk dilini də danışana rast gəlməsəm də, ingilis dilini bilmək isə müəssisələrdə adi hal hesab olunur. İçəridə isə sirli aləmi görmək üçün hansısa dili bilməyə gərək yox idi. Bilet paramızı ödəyəndən sonra içəri keçməyə icazə verdilər. Hətta aparatla şəkil çəkmək üçün də icazə almalı olduq.
İranın ilk cizgi filmlərini izləmək üçün muzeyə gələnlərin hamısı xüsusi qutuya yaxınlaşırdı. Biz də çəkinmədən bu sehrli qutu ilə tanış olduq. Geniş otaqları gəzdikcə İran kinosunun keçdiyi dövrlərdən, mərhələlərdən xəbər tutmaq olurdu. Əsrin əvvəllərindən indiyə kimi kinoda öz sözünü demiş rejissor, operator, səs rejissorları, rəssamlar və digər sənət sahiblərinin standart fotoları divar boyu düzülmüşdü. Növbəti otaqda qədimi afişalar, müqavilə nümunələri və qəzet parçaları asılmışdı. Onların İran kinosunun tarixini əks etdirmələri görünüşündən və künclərindəki müxtəlif kino nişanələrindən bəlli idi. Əsrin ortalarındakı montaj stolunun yanında asılmış müxtəlif ölçülü kinolentlər sanki bir az əvvəl kəsilib atılmışdı. Muzeydə qədim kinozalı, kinoproyektor və s. var idi. Növbəti zala daxil olanda artıq təəccübü gizlətmək olmurdu...
Dünyanın onlarla festivallarında qalib olmuş İran kinematoqrafçılarının mükafatları məhz burada saxlanılırdı.
Doğrusu, çox sevinirdim ki, dünyanın ən məşhur festivalları olan Kann, Berlin, Venesiya, San-Sebestiyan festivallarının baş mükafatlarını öz gözlərimlə görürəm. Üstəlik təəssüf edirdim ki, bizim ölkəmizə hələ S kateqoriyalı festivalların mükafatları belə gəlib çıxmayıb.



Tehrandan Azərbaycan kinosuna baxarkən

II yazı

İranlı həmsöhbətlərimin bildirdiyinə görə, İranda hər il 30-dan çox film festivalı keçirilir. Bu festivalların demək olar ki, 90 faizi birbaşa dövlət tərəfindən maliyyələşdirilir.

Romanın müəllif hüququ və ya İranda festival keçirməyin məsuliyyəti

Sən fərqli bir festival təşkil etmək istəyirsənsə, tənbəllik etmədən həmin layihəni qeydiyyatdan keçirməlisən. Əks halda böyük imkanlar (həm də dövlət dəstəyi) əlindən çıxa bilər. Doğrudur, diqqət yetirsək görərik ki, bizdə də müəyyən işlər Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçirilir. Amma etiraf edək ki, biz hələ də öz hüququmuzdan yetərincə istifadə edib hansısa əsəri, layihəni qeydiyyatdan keçirməyə ərinirik. Və üstündən bir az keçmiş ağlımıza gələn ideya və ya layihənin başqa biri tərəfindən reallaşdığını görəndə ya o insana düşmən kəsilirik, ya da arxada onun haqqında ağzımıza gələni danışırıq. Amma bir dəfə də olsun düşünmürük ki, həmin ideyanı qeydiyyatdan keçirmək lazımdır (əgər layiqli ideyadırsa).
Azərbaycanda kinoda olmasa da, ədəbiyyat sahəsində çoxları bir-birini plagiatlıqda, oğurluqda suçlayır. Hətta elə roman var ki, vaxtilə onun plagiatlığı haqqında az qala məhkəmə çəkişməsi təşkil olunacaqdı (çətin ki, sənət adamları bir-birini məhkəmədə başa düşə). Siz bir nəfərin roman və ya ssenarisinin Müəllif Hüquqları Agentliyində qeydiyyata alındığını eşitmisinizmi? Çətin.
İranlı həmsöhbətlərimdən birinin başına gələn hadisə təxminən belə idi: İran şəhərlərinin birində açılışa bir gün qalmış keçiriləcək film festivalının işi dayandırılıb. Buna səbəb isə həmsöhbətimin həmin layihəni əvvəlcədən rəsmi qeydiyyatdan keçirərək təşkilatçılardan öz haqqını tələb etməsi olub. Aidiyyəti qurumlar onun tələbini araşdırdıqdan sonra festivalın işinə xitam verib.

100 saniyə və kinematoqraf

Elmi-texniki yeniliklər artdıqca kinematoqraf da öz imkanlarını götür-qoy edir, inkişafa uyğun dəyişməyə başlayır. Əsrin əvvəllərində kinematoqrafın vəziyyəti ilə müasir imkanlar hər mənada müqayisəyə gəlməzdir.
Doğrudur, bu sahənin humanist biliciləri kinonu böyük sənət hesab ediblər. Digər tərəf isə onun gəlir mənbəyi, kommersiya məqsədli sahə olduğunu dilə gətirir. Kinematoqrafiyanı tam olaraq, ərsəyə gətirən Lümyer qardaşları da düşünməmişdilər ki, bu sənətin arxasında sənət və ya böyük bir gəlir mənbəyi gizlənib. Amma kinematoqraf inkişaf etdi və bu iki tendensiyanın davamçıları, tərəfdarları artdı.
Nəsə, qayıdaq tərəfdarları artmış kinonun özünə. İranda kinofestivalların sayı nə qədər çoxdursa, onlar hamısı bir-birindən kiçik bir detalı ilə də olsa fərqlənir. «100 saniyəlik filmlər festivalı» haqqında informasiyanı mən ötən ilin ortalarında eşitmişdim. «START» Beynəlxalq Tələbə Filmləri Festivalının hazırlıq işlərində «100 Saniyəlik Filmlər Festivalı»nın dünyanın əksər ölkələrində keçirildiyini öyrəndim.

Bizim 100 saniyəyə ehtiyacımız var

Müasir Azərbaycan kinematoqrafiyasının ən başlıca problemini müxtəlif cür yozurlar. Həmin yozumlardan biri və mənim də ən çox inandığım- rejissor yoxluğudur. Azərbaycanda müəllif filmləri yoxdur. Varsa da, onu tam olaraq qəbul etmək çətindir. Bizlər həmişə filmlərimizin uğurunu ssenari ilə ölçürük. Azərbaycan tamaşaçısı maraqlı hadisədən başqa heç nəyə fikir vermir. Və onu bu hala salan da məhz bizim rejissorlarımız olub. İndi müəllif filmləri mövzu olaraq ortaya atılıb. Amma çətin ki, həmin filmlər ortaya çıxandan sonra hətta sənətdən başı çıxan insanlar belə bu filmləri rahat qəbul etsinlər. O insanlar yerli müəllif filmlərini uzun müddət qəbul etməyəcək. Buna səbəb milli psixologiyamızda hələ də qoruyub saxladığımız daxili «mən»imizdir. Biz dövri-qədimdən hər şeyin yaxşısını kənarda axtarmışıq.
Azərbaycan kinosunda rejissorlardan çox danışsaq da, boynumuza almaq istəmirik ki, maraqlı yozumu, B kateqoriyalı festivallarda bizi təmsil edə biləcək rejissorumuz yoxdur. O ki qaldı ssenaristlərimizə, hansı ssenarimiz xarici kino şirkətlərinə təqdim olunub və onlar həmin əsərə yüksək qonorar ayırıblar? Olmayıb. Amma bir-ikisi olubsa da, onları ssenaristlər yox, özünü rejissor kimi tanıtmış insanlar təqdim edib. Və onların da əlində yalnız bir ssenari olub.
Ssenarist kimi tanıdığımız insanların əsərlərinə çəkilən filmlərə baxanda isə (1990-2008) onların işlərinə qiymət verməyə utanırsan. Bunu adlarının çəkilməsini istəməyən kino mütəxəssislərimiz bildirir.
Nəsə yazının sonunda məntiqi olaraq onu deyə bilərəm ki, azərbaycanlı rejissorlar ilk olaraq 100 saniyəlik 5 film çəkməlidir. Bundan sonra 10 dəqiqəlik filmlər, sonra 36 dəqiqəlik və nəhayət dövlət hesabına tammetrajlı film çəkmək haqqında fikirləşə bilərlər. Çəkmək yox haaa, fikirləşə bilərlər. Yəni əvvəlki mərhələləri keçmək hələ o demək deyil ki, sən dövlət hesabına, xalqın pulu hesabına nəsə çəkə bilərsən. Nəzərə alaq, çəkilən hər 5 filmdən biri beynəlxalq festivalın proqramına daxil edilməlidir. Məhz bu şərtlə Azərbaycan kinosu qonşu ölkələrin «statistikasına» yaxınlaşa bilər.
Məyər siz, bu məqamda Üzeyir Hacıbəyovun felyetonundakı siçan, fil (FİLM) məsəlini xatırlamadınız?
Kinomuz siçan mərhələsini keçməlidir ki, fil (FİLM) mərhələsinə gəlib çıxsın.

No comments:

Post a Comment