19 May 2009

Kinoda azad İran

Son illərdə artıq 3-cü dəfə keçirilən növbəti İran filmləri festivalına yekun vuruldu. 5 gün ərzində kinosevərlər əvvəldən elan edilən 5 filmə deyil, 6 filmə tamaşa etdilər. Azərbaycan kinoteatrının kiçik zalında nümayiş olunan bütün filmlərin anşlaqla keçməyi İran kinosuna dərin məhəbbətin və bu hissdən heç də geri qalmayan dünya festivallarında sözün yaxşı mənasında “at oynadan” iran dramaturgiyasına olan böyük maraqdan xəbər verirdi. Elə bu maraq da məni festivalın tamaşaçısına çevirdi.
“Asiman uşaqları”
Festivala elə bu filmlə start vermək onun digər günlərinə tamaşaçı bumunu təşkil etməyə kifayət etdi. İran kinosevərlərinə filmin rejissoru Məcid Məcidi yaxşı tanışdır. Çox uzağa getməyib deyək ki, sonuncu “Şərq Qərb” festivalında diqqət çəkən “Məcnun söyüd” filmi iran kinorejissorunun maraqlı ekran əsərlərindən biri idi. Mütəxəssislərin fikrincə, Məcid Məcidi iran kinorejissorlarının xaricdə yeni simasıdır. Qubadi, Kiorastami, Mahmalbaf və ardından Məcid Məcidi. Niyə? Məncə, sonuncu faktı xatırlatmaq kifayət edər. Rejissorun “Sərçələrin mahnısı” adlanan yeni filmi yenicə başa çatan Berlin kinofestivalında “ən yaxşı kişi aktyoru” nominasiyasında mükafata layiq görülüb. Elə rejissorun özü də festivalda iştirak etdiyindən Azərbaycana gələ bilmədi.
Qayıdaq əsas mətləbə...ölkəni bürüyən böhran bütün iran ailələrinin həyatını göy əskiyə bürüyüb. Amma bu yoxsulluğun daha çox uşaqların həyatına təsirindən bəhs edən filmdəki hadisələr bir ailənin iki uşağının- bacı-qardaşın ətrafında cərəyan edir. Və bütün baş verənlər balaca qəhrəmanların bir- birinə verdikləri sirrin nə vaxtsa üzə çıxmağına xidmət edir.
Əgər sən sabah bacının məktəbə geyəcəyi bir cüt, təmirdən təzə çıxmış ayaqqabılarını itirirsənsə və bunu evdə bildirib kimisə narahat etmək istəmirsənsə, carə nədir? Öz ayaqqabılarını bacı ilə bölüşməyə məcbursan. Və əlbəttə bacı da buna razı olacaqsa...
Amma bu kiçicik uşaqlar razılaşmaya gələ bilirlər axı onları nahaq yerə asiman uşaqları adlandırmayıblar. Dərsi bitər-bitməz sürətlə kiçik dalanda yolunu həsrətlə gözləyən qardaşına ayaqqabını çatdırmaq üçün qaçan qızcığaza sonda xoş müjdə verilir. Qardaşı məktəblilər arasında uzaq məsafəyə qaçışda üçüncü olsa, ona verilən idman ayaqqabıları xoş müjdə almağa əsas verir. Ancaq və ancaq üçünçülük. Qəribə səslənmir ki? Hamı birincilik arzusunda ikən. Amma yersiz gələn birincilik quruca medal azmış kimi uşaqların son ümid yerləri olan, günlərdi bölüşdükləri ayaqqabılarında da “can” qoymur.
Kinonun poetikliyi bu balaca uşaqların çox zaman sözsüz baxışlarından da süzülürdü. Bu yerdə biz də bir söz deməyəcəyik ...sadəcə sonuncu kadrı yazı dili ilə göstərməyə çalışacayıq...mübaliğəsiz... iri planda hovuza salınan balaca qəhrəmanın şişmiş ayaqlarına kiçiçik qırmızı balıqların toplaşması...bax bu səhnə bir az öncə bacısının qanlı baxışlarına alternativ variant idi...
“Şeyda”
Rejissoru Kamal Təbrizi olan film sadə süjet və daha çox hind filmlərini andıran duyğulu anlarla yadda qaldı. İran –İraq müharibəsi zamanı sirr saxlanılan cəbhə bölgəsində sinəsindən yaralanan və gözlərindən zədə alan əsgərin yeganə dərmanı çarpayısı yanında tibb bacısı Şeydanın “Quran” oxumasıdır. Yaralarının ağrısına qışqırmayan əsgər yalnız bununla rahatlıq tapır. Di gəl ki, səsinə vurulduğu Şeydanın üzünü bircə xəyallarında təsəvvür edə bilir. Səbəb isə gözündəki zədədir. Müharibə insanları yaxınlaşdırır- belə bir fikir var. Müharibə fonunda saf məhəbbətdə əla səslənir. Və əgər arada “Quran” kimi əhd- peyman varsa... Sonu mütləq faciəyə məhkum Şərq ölkələrinə xas məhəbbət mövzulu digər filmlərdən “Şeyda”nı bu əhd- peyman xilas edir.
Gözləri açılan gündən Şeydanın axtarışlarına ara verməyən qəhrəmanın yarası dözülməz həddə çatıb onu ölümlə üz-üzə qoyanda film boyu onu qoruyan mələyi peyda olur. “Quran” ayələrinin qızın incə səs telləri ilə səslənməsi bahar çiçəyinin qoxusunu hiss etdirir. Yenidən yaşamağa və bununla ölümlə çarpışmaya dəyər.
“Soyuğun göz yaşları”
Rejissor Əzizulla Həmidnejad. Xüsusi iybilmə xüsusiyyətinə malik iran əsgərini kürdlər səylə axtarırlar. Çünki bu qoçaq qəhrəman kürdlərin iranlılar üçün basdırdıqları minaları məharətlə tapır. Əsir olma ehtimalı yüzə- yüz olan kəşfiyyatçını şaxtalı-qarlı günlər xilas edir. Özünü çoban qismində qələmə verən həqiqətdə isə kürd kəşfiyyatçısı olan və əsgəri öldürmək göstərişi alan zəif cinsin nümayəndəsinə ürəyi yanıb onu gizləndiyi mağaraya gətirməsi iranlının işlərini əngələ salır. Necə deyərlər, quyu qazılmağa başlayır. Kürd qızı əsgəri öldürməyə cəhd edir amma hər şey o qədər də asan deyil. Ən azından ona görə ki, soyuqdan donmamaq üçün bir-birilərinə nə qədər ehtiyacları olduqlarını başa düşürlər və xilas olmaq uğrunda mübarizəyə başlayırlar. ”Mən odun gətirirdim, o mənim üçün ocaq qalayırdı” yaxud “ O odun gətirirdi mən onun üçün ocaq qalayırdım”. Soyuğun ki göz yaşları damcılayırsa...ölüm demək qapını döyür.
“Heyva”
Filmin qadın qəhrəmanın adıdır. 15 il müharibəyə göndərdiyi həyat yoldaşının ölümündən nişanə tapmayan Heyva yeni həyatına başlamamışdan öncə yenə xatirələri canlandırır, yenə keşmişi çözəliyir, hərdən bu yolu seçdiyi üçün yoldaşını günahlandırır da. Xəyallar illərdir iki insanın vüsal həsrətinin zirvə nöqtəsi və həm də bunca vaxt yığılıb –qalan sözlərinin etiraf anı, canlanan xatirələr isə sonrakı həyatı puçluqdan xilas edən mərhəm bir hissdirsə, həm də rejissorun olmuşlara aydınlıq gətirməyə xidmət etdiyi detalıdır. Xəyal və xatirələr və onlar arasında zolaq kimi keçən bu gün. Bu gün isə çox acizdir.
Son olaraq...
Bu filmlərdə hər addımbaşı müharibə qoxusu hiss olunurdu. Bu filmlərlə iranlılar müharibənin törətdiyi faciələri bizlərə 5 gün ərzində nümayiş etdirdilər. Özü də ayaq üstə durmağa belə yer olmayan dolu zalı ilə. Yeri gəlmişkən, mən də bir filmi zalın qapıları arasından izləmişəm. Heç də pis təəssürat deyilmiş. Ən azından təqdim edilən həyatı iki saat ərzində izləməyə dəyərmiş. Elə isə biz niyə kino kimi nəhəng təbliğat maşınının vasitəsilə səsimizi ucaltmaqda acizik? – bu sual festival boyu məni bərk narahat etdi.

1 comment:

  1. Yaxşı bir etibarlı kredit şirkətinin mənim üçün etdiyi işlər barədə ifadələrimi bölüşmək üçün buradayam. Adım Nikita Tanya, rus dilindəyəm və 3 uşağın sevimli bir anasıyam. Mənə və övladlarım üçün bu qədər çətin olan bir kredit almaq istəyində pulumu itirdim, kredit istəməyə onlayn müraciət etdim. Bu yaxınlarda çox dürüst bir adam cənab Benjamindən bir kredit götürən bu dostumla tanış olduğum günə qədər itirdim. 5 iş günü ərzində kredit almağımda kömək edən bu vicdanlı kredit mütəxəssisi cənab Benjaminlə tanış etdi. Yenidən ayağa qalxmağımda kömək etdiyim üçün cənab Benjaminə sonsuz minnətdaram. E-poçt vasitəsilə cənab Benjaminlə əlaqə saxlaya bilərsiniz: Lfdsloans@outlook.com onlar mənim bunu etdiyimi bilmirlər, ancaq bunu etmək məcburiyyətindəyəm, çünki kredit yardımına ehtiyacı olan çox sayda insan var. bu vicdanlı insana və siz də xilas ola bilərsiniz .WatsApp: (+ 1 989-394-3740)

    ReplyDelete