Hollivuddan "baxanlar" isə bizi kimliyi müəmmalı, əməli, məqsədi qaranlıq insan yığını kimi "görür" və göstərirlər.
Azərbaycan kinosunun yaranma tarixi 1898-ci ildən hesablanır. İndi milli kinomuz dünya kinosundan cəmi üç yaş kiçikdir, demək olar ki, onunla yaşıddır. Təxminən bir əsrə yaxın bu müddət ərzində Azərbaycan kinematoqrafiyasının qazandıqları çox olub - milli rejissorlar, aktyorlar, operatorlar yaranıb, maraqlı filmlər çəkilib. Amma... Acı bir həqiqəti dana bilmərik ki, Azərbaycan kinosunun üzərində, loru desək, "Biləcəridən o tərəfə keçmir" kimi xoşagəlməz bir möhür var. Yəqin çoxlarınız dəfələrlə belə bir iddianı eşitmisiniz ki, başqa millətlərin - gürcülərin, rusların, italyanların filmlərinə baxanda bir neçə epizoddan, bəzənsə elə ilk kadrdan bu filmin hansı xalqa mənsubluğunu müəyyən eləmək mümkündür. Ancaq bütün dünyada kinomanlar onlara eyni maraqla baxırlar, hamı özü haqqında nə isə tapır bu filmlərdə. Təkcə Azərbaycan kinematoqrafiyası bu keyfiyyətdən məhrumdur desək, yanılmarıq. Hətta əbədi düşmənimiz və qonşumuz ermənilərin də dünya kinosunda imzaları var, gün-gündən də oraya yeniləri əlavə olunur.
Kinematoqrafiyanı sevən və Azərbaycan kinosunun müvəffəqiyyətlərini intizarla gözləyən kinomanlar, eləcə də, bütün ömrünü milli kinomuzun inkişafına həsr eləmiş kino işçiləri bəlkə də məni nanəciblikdə təqsirləndirəcəklər. Sonra da rejissor Vaqif Mustafayevin Oberhauzendə, Sankt-Peterburqda müxtəlif mükafatlar alan Hər Şey Yaxşılığa Doğru, Ayaz Salayevin bir neçə festivalda iştirak edən Yarasa filmini, ən əsası isə bu gün dünyanın müxtəlif ölkələrində keçirilən kinotədbirlərdən sorağı gələn Arşın Mal Alan (1945), O Olmasın, Bu Olsun filmlərini nümunə göstərəcəklər və haqlı da olacaqlar, əgər kiçik bir nüansı nəzərdən qaçırmasalar.
Vaqif Mustafayevin Hər Şey Yaxşılığa Doğru filminin qazandığı mükafatlara diqqət yetirin: Oberhauzendə - Katolik Kilsə Assosiasiyasının mükafatı; Şərəf və ləyaqətə görə "Don Kixot" mükafatı; Böyük münsiflər heyətinin mükafatı; Şpingel adına "Sülh və Yumor" mükafatı. Sankt-Peterburqda - yaradıcılıq qələbəsi və vətəndaş müdrikliyinə görə mükafat.
Arşın Mal Alan və O Olmasın, Bu Olsun filmlərinin də mühüm dəyəri var. Bu filmlər dahi bəstəkarımız Üzeyir Hacıbəyovun operettaları əsasında çəkilib, onlarda Azərbaycan səhnəsinin unikal aktyorları iştirak ediblər. Ancaq bütün bu xüsusiyyətlər yalnız bir azərbaycanlı üçün əhəmiyyətlidir. Qərblilər isə bu filmlərə ekzotika tapmaq üçün baxırlar. Çünki bir qərbli üçün Şərq ilk növbədə "Min Bir Gecə" nağıllarıdır, müəmmadır. Qərb Şərq haqqında düşünəndə ağlına ancaq sirli, əsrarəngiz bir məkan gətirir. Müasir Şərqin öz sələfinə artıq çoxdan bənzəmədiyini qəbul etmək istəmir. Bu fikir onu hətta qorxudur. Qərbin Şərq haqqındakı fantaziyalarının altını-üstünə yalnız Çin, Yaponiya, Koreya kinematoqrafçıları kimi çevirmək mümkündür: zorla, qəddarcasına və gözəl.
Təxminən, 1993-94-cü illərdə ekranlarda Hollivud istehsalı olan Şirlər Pusquda filmi çıxdı. Film Qarabağ müharibəsi haqqında idi. Tənha qəhrəman (sözsüz ki, amerikalı) öz müqəddəratını özü həll edə bilməyən xalqı xilas eləməyə gəlir. Bu filmdə Azərbaycanın bütün bədbəxtliklərinin mənbəyi kimi İran göstərilir (Daha doğrusu, Qarabağın. Çünki Qarabağın Azərbaycanın bir hissəsi olduğu ötəri qeyd edilir). Hətta qəhrəmanın yardım göstərməyə gəldiyi liderin adının Səttarxan olması da əsas düşmənimizi İranda axtarmaq lazım gəldiyinə işarədir. Erməni isə, demək olar ki, yada düşmür.
Ancaq bu filmdə təbliğ edilən siyasəti bir tərəfə qoyaq. Şirlər Pusquda filmində təsvir edilmiş azərbaycanlı obrazı haqqında danışaq. Bu filmdə azərbaycanlılar türk yazıçısı Rəşad Nuri Güntəkinin "Çalı Quşu" romanındakı Anadolu kəndlisini - Zeyniləri xatırladır. Kəndin başbiləni də nədənsə imamdır. Savadsız, cahil kütlə qaragüruhçu imamın sözü ilə oturub-durur. Ümumiyyətlə, Şirlər Pusquda filmi əvvəldən sona qədər Qarabağ hadisələri haqqında böyük bir təhrif idi və Azərbaycanda nə səlahiyyətli nazirliklər, nə də ziyalılarımız bu filmə tutarlı münasibət bildirməyə cəhd göstərmədilər. Əvəzində, bir neçə gün ərzində AzTV, demək olar ki, bayram elədi, Şirlər Pusquda filmi haqqında xəbəri böyük hadisə kimi çatdırdı. Amma indi bu da vacib deyil. Vacib odur ki, 90-cı illərin əvvəllərində ölkəmizin dünyaya inteqrasiyası başlayanda dünya Azərbaycanı və azərbaycanlını adıçəkilən filmdə təsvir edildiyi kimi görürdü, ya da görmək istəyirdi.
İndi isə artıq XXI əsrdir. Dünya Azərbaycanı əvvəlkinə nisbətən daha çox tanıyır və hər gün Azərbaycanla, onun mədəniyyəti və incəsənətilə tanışlığı bir qədər də artır. Azərbaycan kinofilmləri məşhur və qeyri-məşhur festivallarda iştirak edirlər. Bu filmlərin rejissorları isə tənqidəbənzər nə isə eşidən kimi festivalların adlarını sadalamağa başlayırlar. Belə çıxır ki, Qərbin Azərbaycanı görmə bucağının dərəcəsi, heç olmasa, bir azca dəyişməli idi. Bəs, bu, baş verdimi? 1997-98-ci illərdə supercasus Ceyms Bond haqqında Bir Dünya Da Azdır filmi çəkildi. Yadınızdadırsa, filmin yaradıcı heyəti və baş rolun ifaçısı Pirs Brosnan neft buruqlarını görmək üçün Bakıya gəldilər, bəzi epizodlar da burada lentə alındı. Həmin filmdə də azərbaycanlılar var. Daha dəqiq desək, "azərbaycanlı" adlandırılan kütlə var. Və həmin kütlə Şirlər Pusquda filmində təsvir olunan "soydaşları"ndan təkcə onunla fərqlənir ki, bu dəfə onların başbiləni... keşişdir.
Ya da rejissor Con Maktirnanın Rollerbol (2001-ci il) futurist filmini götürək. Rollerbol filmində hadisələr fantastik gələcəkdə baş verir. Rejissor hadisələrin baş verdiyi məkan kimi keçmiş sovet respublikalarının paytaxtlarını, o cümlədən Bakını seçib. Filmdə Bakı - Azərbaycan yenə də rusların hakimiyyəti altındadır, azərbaycanlılar isə yenə də yuxarıda adları çəkilən iki filmdə olduqları kimidirlər.
Qəribədir ki, Rollerbol filminin rejissoru C.Maktirnan əslində Azərbaycan haqqında istədiyindən çox bilir. Onun sonuncu İbtidai Hazırlıq filmində bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsərindən parça da səslənir. Amma o, Rollerbolu məhz təqdim etdiyimiz kimi çəkib.
Hər üç film müxtəlif dövrlərdə lentə alınıb. Bu filmlərdə dəyişməyən yalnız azərbaycanlıların obrazıdır. Sanki Qərb bizi elə belə də görmək istəyir. Bunda isə Qərbdən daha çox, biz - azərbaycanlılar günahkarıq. Bəlkə də bizim belə çox əlləşib-vuruşmağımıza, cəhdlərimizə baxmayaraq, günəşin altındakı yerimizi təsdiq edə, dünyaya özümüzü layiqli şəkildə tanıda bilməməyimizin səbəbi əslində bir millət olaraq mahiyyətimizi dərk etməməyimizdir. Biz hələ özümüz özümüzü tanımırıq. Elə bil ki, 200 illik əsarət, repressiyalar bizim ruhumuzu öldürüb, ən yaxşı halda, yarımcan eləyib. Bu gün Azərbaycanda ən çox eşitdiyimiz ifadələrdən biri, ola bilsin ki, ən birincisi, "milli mentalitet"dir. Biz elə hey milli mentalitetimizə nəyin uyğun olub-olmadığını müəyyənləşdirməyə çalışırıq. Bu ifadə o qədər çeynənilir ki, kiminsə nitqində "milli mentalitet" birləşməsini eşitməyinə bəndsən, artıq müsahibə, onun danışdıqlarına, fikirlərinə qarşı maraq itir.
Kimin nədən xoşu gəlmirsə, o dəqiqə "bu bizim mentalitetimizə yaddır" - deyir və heç kim də bilmir ki, "mentalitet" sözünün əsl mənası nədir, ən əsası isə bir azərbaycanlının milli mentalitetinə hansı cəhətlər aiddir.
Azərbaycan kinosunda orijinal ideya yox səviyyəsindədir. Uzun illər boyu Azərbaycan kinematoqrafiyası ədəbiyyatın hakimiyyəti altında olub, çox vaxt, sadəcə, onun ekran variantı kimi çıxış edib və ən pisi də odur ki, indiyə qədər bu asılılıqdan qurtula bilməyib. Bəzən isə asan yollar axtarılıb. Məsələn, filmlərdə musiqidən və mahnılardan geninə-boluna istifadə etmək ənənəsi Azərbaycan kinosuna rus filmlərindən yox, hind və ərəb filmlərindən keçib. 50-ci illərin əvvəllərində Bakıda keçirilən hind və ərəb kino günləri zamanı tamaşaçıların kinoteatrlara olan axınını görən rejissorlar öz filmlərinə bu elementləri daxil etməyə başlayıblar. Yalnız komik filmlərdə deyil, Qızmar Günəş Altında, Onu Bağışlamaq Olarmı?, Kölgələr Sürünür kimi filmlərdə də ən gərgin, dramatik anlarda qəhrəman mahnı oxuyur.
Rejissorlar sonrakı illərdə filmlərində musiqinin "müstəqilliyinə" son qoymağa, təsvir və musiqinin harmoniyasını əldə etməyə çox çalışsalar da, buna nail ola bilməyiblər. Qızıl Qaz, Gümüşü Furqon, Babamızın Babasının Babası və s. filmlərdə, mahnıların yerində, doldurula bilməyən pauzalar, boşluqlar yaranıb.
Azərbaycan kinematoqrafiyasında, xüsusən də sənədli filmlərdə sözçülük baş alıb gedir. Şair və yazıçılarımız o qədər "dəniz kimi mavi gözlərdən", "ay kimi üzlərdən", "polad biləklərdən" yazıblar ki, biz hələ də şüurumuzun dərin qatlarına işləmiş bu təsvirlərdən can qurtara, özümüzdə kinematoqrafik baxış formalaşdıra, onu inkişaf etdirə bilmirik.
Ekranlarımızda, adətən heç nə baş vermir, tamaşaçı yalnız diktorun kadrarxası səsini eşidir, təsvir səsi yox, səs-söz təsviri ifadə edir.
Son vaxtlar Azərbaycanda avanqard, sürrealist filmlər çəkilməyə başlayıb. Halbuki dünya kinematoqrafiyası bu mərhələni XX əsrin əvvəllərində keçib. Yaşlı rejissorlar illərlə üzərində işlədikləri eyni bir mövzunu "çürütməsələr", əl çəkmirlər. Bu rejissorların hər yeni filmi əvvəlkindən keyfiyyətsiz olur, onlarsa bu filmləri öz yaradıcılıqlarının zirvəsi hesab edirlər, hər il dövlət büdcəsindən kino istehsalı üçün ayrılan xeyli maliyyə vəsaiti hesabına köhnə filmlər çəkirlər. Gənc rejissorların isə hərəsi hesabına bir qısametrajlı film yazdıqdan sonra "Fellini sindromu"na tutulurlar, özlərini tanınmayan dahi hesab edirlər. Odur ki, Azərbaycan kinosu qapalı dairə içində fırlanmaqdadır. Bu gedişlə kinomuzun "Biləcəridən o tərəfə keçməyinə" isə hələ çox var.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment