19 May 2009

«Şərq-Qərb» festivalından xırda-para qeydlər

«Şərq-Qərb» kinofestivalı paytaxtın son illərdə canlanan kino həyatında sıradan bir hadisə olsaydı, bu barədə adi bir informasiya - rəy yazılmış olardı və bununla da məsələ bitərdi. Bu hər il keçirilən festivalı sıradan bir hadisə olmağa qoymayan məqamlar yalnız məşhur Zanussinin kino sevərlərlə görüşü, Azərbaycan kinoteatrını hər seansda daşdıran «qonaq» filmlər deyildi, həm də çoxdan gözlədiyimiz, sıradan olmayan Azərbaycan filmi idi - «Hökmdarın taleyi». Ən dadlı tikəni axıra saxlayan cocuqlar sayağı «Hökmdarın taleyi»ni də sona saxlayaq. Festivalın nəticələrindən, daha doğrusu, festivalın qaliblərindən asılı olmayaraq, builki «Şərq-Qərb»in yaddaqalan məqamlarını - filmlərini xatırlatmaqla onun təəssüratlarını aydınlatmaq olur. Bu təəssüratların ən pisi Balabanovun filmi oldu: «200-cü yük». Çoxları bu qəddar filmin yaşatdığı şoku filmin uğuru hesab etdilər. Amma məsələ yalnızca peşəkarldıq məsələsi deyil. Əgər bu şokdan sonra tamaşaçı nəsə başqa bir hiss (mərhəmət, şəfqət və s.) keçirsəydi, başqa məsələ. Amma Balabanovun «200-cü yük»ü tamaşaçıya psixoloji travmadan başqa heç nə vermədi. Rejissor guya bütün qəddarlıqları sovet rejiminin murdarlıqları ilə əlaqələndirib bu fonda təsvir edir: hadisələr 1984-cü ildə cərəyan edir. Adi bir milis kapitanı Sov. İKP-nin baş katibinin qızını oğurlayıb başına min cür oyun açır, zorladır, ölülərin və milçəklərin arasında saxlayır, istədiyi adamı istədiyi vaxt qanun adına qətlə yetirir, bunun qabağını adi bir qadın alır- tüfənglə bu milisi öldürərək. Film içində rejissor Leninsk şəhərindəki zavodların tüstüləri, elmi ateizm və xristinalıq barədə söhbətlər, Əfqanıstana göndərilən diri əsgərlər və geri gətirilən ölüləri təsvir etməklə murdar sovet cəmiyyətini ifşa edərək göstərir. Hərçənd sistem dağıldısa da, biz yenə həmin adamlarıq. Nüfuzuna-filana görə şahid durmaq istəməyən professor da, vəzifəsini personal üstünlüyü sayan milislər də keçmişdə qalmayıb. Demək, məntiq heç. Elə bu məntiqlə də tamaşaçıda yaşanan şok «effkektiv» olmur.
Rejissor Ancey Yakimovskinin «Tryuk» filmi uşaqların təxəyyül «xəstəlik»ləri barədə pritçadır. Atasız böyüyən yeniyetmə bacı və kiçik qardaş münasibətlərində uşaqların sevib bəyəndiyi, əla bir inam var. Balaca qardaş bacısını mahir tryuk ustası hesab edir. Ona görə yox ki, bacısı doğrudan tryuk ustasıdır, sadəcə ona görə ki, o, əlamətlərə inanır: əgər müştərisi olmayan almasatandan onlar alma alsalar, ayaqları düşərli olacaq (və belə də olur), əgər balaca əsgər kuklalar qatarı saxlaya bilsələr, atasının evəqayıtma şansı yarana bilər (yenə də belə olur) və s. Film inanılmaz bir qüvvə olan güclü uşaq inamı barədədir. Bu uşaq inamı böyüklərin ümidsizliyi və yeknəsəkliyi ilə paraleldir. Elə bu uşaq inamı ilə də film gənc tənqidçilərin «Sadə hisslərin gözəl təsvirinə görə» festivalın xüsusi mükafatını aldı.
Qovoruxinin «Artistka» filmi də bu ümidsizliyin əleyhinədir. Aktrisanın uğursuzluqları onu depressiyaya salacaq, amma bizim mahnıların birində deyildiyi kimi, «bütün işləri sevgi düzəldir». Film ümidsizlik üzərində sevginin qələbəsi ilə bitir.
Rejissor Ernest Abdjaparovun «İşıqlı sərinlik» filmi məsələləri, hadisələri olduğundan da bir az sadə verməklə tamaşaçıya bir «yalan» satır. Sevdiyinə qoşulub kəndə, onların ailəsinə qonaq gələn qız xəyanətlə toqquşur, bu «travma» ilə də təsadüfən qaçırdılır. Təsadüfi evliliksə ona inanılmaz xoşbəxtlik gətirir. Bu filmin qəhrəmanı Asema Toktobekova «ən yaxşı qadın obrazına görə» mükafatlandırıldı.
Zvyaqintsevin «Sürgün» filmi mükafat almasa da, Tarkovskini xatırlatmaqla, əla kadrlarla, yaxşı başlayıb mənasız bitən bir ailə əhvalatı ilə yadda qaldı. Qəhrəmanların ailə münasibətlərindəki böhranı qadının özünü qurban verməsi ilə pik həddinə çatır. Əgər əksər tamaşaçılar da bu qurbanverməni əsassız hesab edirsə, demək, ya əhvalat qondarmadır, ya bəzi məqamlar çox şişirdilib, ya da film müəllifləri bəzi məqamların üstündən keçib. Elə mükafatlandırma mərasimində də bu filmin üstündən sükutla keçdilər.
Yuris Poşkusun «Monotonluq» filmi, həmkarlarımın fikrincə, elə monoton olaraq qaldı. Film insan münasibətlərinin ürəksıxan monotonluğu ilə bəzi tamaşaçıların da ürəyini sıxdı.
Rejissor Ramiz Fətəliyev ürəksıxan yox, ürəkdağlayan talenin yiyəsi kimi Qarabağ xanı İbrahim xanı təqdim etdi. «Hökmdarın taleyi» filmi İbrahim xanın tale stixiyasını ən adi vasitələrlə tutmağı bacardı. Məsələn, musiqi ilə (muğamla - bu muğam çıxılmazlığı, qətiyyəti və ümidsizliyi necə gözəl ifadə edirmiş, sən demə), təsvirlə (Şuşa nisgili), ifadəylə (F.Manafovun ağırtaxta və fikirli İbrahim xanı)…
Səməd Vurğunun «Vaqif» dramında aşağıladığı İbrahim xan filmin təqdim etdiyi tale stixiyasında çarəsiz, ləyaqətli və müdrik birisidir. Bu ləyaqət və müdriklik taleyinin qara mələyi kimi daim ona zərbələr endirir. Qızı Ağabəyim ağa İran şahında dustaq qalır, özü də öz vətənində dustaq kimi yaşayır. Bu dustaq və hökmdar taleyinin filmi İbrahim xanın nəsil şəcərəsi barədə məlumatla tamamlanır. Ağabəyim ağanın sözlərinə bəstələnən musiqi isə bittməyən və sonsuzadək səslənən kimi ürəyimizi sıxır:
Mən aşiqəm, Qarabağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ…
Qeyd: Bu filmdə çıxılmazda qalan İbrahim xan obrazını yaratmış Fəxrəddin Manafov «Ən yaxşı kişi rolu» nominasiyasında festivalın qaliblərindən oldu. Məncə, əlavə şərhə ehtiyac yoxdur.

No comments:

Post a Comment