19 May 2009

Oqtay Mirqasımın “Günaydın, mələyim” filmi haqqında

XX əsrin əvvəllərində dramaturq Jorje Polti gəlmiş-getmiş bütün pyesləri araşdıraraq mümkün süjetlərin hamısını «36 süjet» əsərində toplamışdı. Sonralar bu siyahıya əlavələr etmək cəhdləri heç bir nəticə verməmiş, Poltinin klassifikasiyasının qüsursuz olduğunu göstərmişdi. Hazırda ədəbiyyatda, kinoda istifadə olunan süjetlər də «36 süjetin» müxtəlif versiyalarıdı.
Bir müddət əvvəl rejissor Oqtay Mirqasımın geniş publikanın ixtiyarına verilən «Günaydın, mələyim» filminin süjeti də yeni deyil. Həyatda yerini tutmağa, tarazlığını, müvazinətini qorumağa çalışan tənha qadın…. Dahi P.P.Pozalinidən («Romanın anası»), F.Fellinidən («Kabiriyanın gecələri») Ə. İbrahimova («Onun böyük ürəyi»), H.Seyidbəyliyə («Telefonçu qız»), R. Şabanova («Liftçi qız») qədər fərqli rejissorlar tərəfindən fərqli variasiyalarda və janrlarda işlənib. Rejissor Oqtay Mirqasım «Günaydın, mələyim» filmində öz variantını təklif edir…. «Bu film həyatda müvazinətini tapan qəhrəmanlara ithaf olunub. Hələ axtarışda olanlara isə Tanrı kömək olsun»….
Mədinə istedadlı aktrisadı. Həyat yoldaşı Qarabağ müharibəsində şəhid olandan sonra, ədəbi-bədii dillə desək, yaşamının mənasını, rejissorun təbirincə isə müvazinətini itirib.
O. Mirqasım da Mədinənin əsl qəhrəman olduğunu sübut eləməyə çalışır. Elmar Felin ekranda yerdəyişən təsvirlərlə həmahəng olan gözəl musiqisi və operator Rafiq Quliyevin usta əllərindən kameranın obyektivinə düşən şəhər görüntüləri də - gündüzlər Mədinənin həyatı kimi xaotik, qərarsız, səs-küylü, gecələr sakit və hüznlü - bu işdə ona yardım eləyir. Finalda qəhrəman axtardığı müvazinəti tapır, ancaq tamaşaçını çoxlu suallarla, qarışıq hisslərlə ekranın o biri tayında qoyur.
Məsələn, hər şey yaxşı, gözəl də, amma bütün bu əhvalata o cür təntənə ilə həlak olan ərin nə dəxli vardı? Onu küçədə maşın vursaydı, ya da gecələrin birində siqaret almaq üçün evdən çıxıb qayıtmasaydı, fərq eləməzdi.
Sadəcə, rejissor qüsursuz bir qəhrəman yaratmağa, hətta onu müqəddəsləşdirməyə çalışıb. Mədinə şəhid arvadıdı, çox istedadlı aktrisadı, sevgisinə sadiqdi, elə ismətlidi ki, «o qədəri artıq dəbdə deyil» (filmdən sitat), mərhəmətlidi, amma onu teatrda gözümçıxdıya salırlar, evini əlindən almaq istəyirlər…
Rejissor qəhrəmanını ideallaşdırmağa o qədər aludə olub ki, ölçünü itirib. Onu hətta tamaşaçı qınağından da müdafiə eləyir: Mədinə əriylə rəsmi nikahla yox, molla kəbiniylə ailə qurub. Yəni ideyaya görə əsas olan Tanrı qanunlarıdı. Ancaq hər ehtimala qarşı ona cəmiyyətin gözündə də bəraət qazandırılıb: əri cəbhəyə tələsirmiş, rəsmi nikaha vaxt olmayıb. Mədinənin ərinin familiyasını uşağına vermək cəhdləri də həmin bəraətin bir hissəsidi və filmin ortasında yarımçıq qalır, unudulur…
Bəlkə elə bunlara görə «Günaydın, mələyim» filminin yaratdığı ilk təəssürat sünilikdi. Müqəddəslərin yeri göydədi axı… İlkin variantda rusca yazılmış ssenarinin azərbaycan dilinə kobud hərfi tərcüməsi nəticəsində meydana çıxmış ağır, əlaqəsiz, məntiqsiz cümlələrdən ibarət dialoqlar, «vüsal, hicran» kimi arxaik sözlər, aktyorların teatral ifaları, xüsusən Fuad Poladovun qəlibləşmiş oyunu, səsləndirmə nöqsanları sünilik hissini ikiqat artırır.
«Günaydın, mələyim» aktrisa Ayan Mirqasımın benefisidi. Yaxşı mənada… Hüseyn Mehdiyevin «Özgə vaxt» filmində yetərincə istedadlı olduğunu sübut eləmiş aktrisa bu dəfə bütün bacarıqlarını açıb ortaya qoyur. Əsl kino aktrisası olduğunu, bütün mimikaları, reaksiyaları ilə kinokamera, ağ pərdə üçün yarandığını göstərir. Amma… Burda da ölçü gözlənilməyib. Bəzi epizodlar (məsələn, reklam çəkilişləri) həddindən uzundu və nəinki heç bir dramaturji yükü yoxdu, üstəlik filmin ümumi ahənginə də xələl gətirir.
«Günaydın, mələyim»in təklif etdiyi situasiya da, yaşanan hisslər də hamımıza tanışdı, hətta doğmadı… Oqtay Mirqasım da mövzuya Koelyo, Anxel De Kuatyesayağı yanaşıb: bütün problemlər qəflətən, sanki ilahi qüvvənin əliylə (həmin ilahi qüvvə filmdə var) həll olunur. Qəhrəman sədaqətinin, ismətliliyinin, istedadının mükafatını alır… Üstəlik «Durnalar uçur» filminin məşhur finalını yadımıza salan son kadrlarda Ayan Mirqasım Fellininin Kabiriyası kimi gülümsəyir… Bir sözlə, hər şey tanışdı… Ancaq yenə də o deyil, gözlədiyimiz deyil…

0 comments:

Post a Comment